Daha modern iqtisadiyyata doğru

 

Məlum olduğu kimi, XX əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrlərdə Ermənistan tərəfindən müharibəyə cəlb edilməsi, ictimai-iqtisadi quruluşda baş verən dəyişikliklər və dövlət idarəçiliyində yol verilən kobud səhvlər ağır sosial-iqtisadi gərginlik yaradaraq Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin vəziyyətdə xalqın inamlı çağırışı ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, onu böyük gələcəyi olan bir dövlətə çevirmişdir.

Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olunmuş, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlara başlanmışdır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin sosial- iqtisadi inkişafının təməlini qoymuşdur.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkənin müstəqilliyinin açarı olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması və əhalinin maddi rifah halının yaxşılaşması üçün MDB məkanında analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirilmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti ilə həyata keçirilən bu və digər tədbirlər nəticəsində müstəqilliyin ilk üç ilində daha da dərinləşmiş iqtisadi tənəzzülün qarşısı alınmış və 1996-cı ildən iqtisadiyyatın bir çox sahələrində inkişaf başlamışdır.

2003-cü ildə Prezident seçilən İlham Əliyev ulu öndərin başladığı siyasəti uğurla davam etdirmiş və Azərbaycanı dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, həm də bir çox dövlətlərin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanıtmışdır. Məhz İlham Əliyevin praqmatik siyasəti nəticəsində son illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 184,1 milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin 143,6 milyard manatı bilavasitə inşaat işlərinə yönəldilmiş və onun 55,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir. Nəticədə məhsul istehsalı durmadan

artmışdır. Təkcə 2015-ci ildə ölkə üzrə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 1995-ci ilin göstəricisindən 6,4 dəfə çox idi.

Ötən illər ərzində milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi - sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra edilməsi və müntəzəm olaraq aparılan islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Məsələn, 1995-ci ilə nisbətən 2015-ci ildə əhalinin real gəlirləri 9,8 dəfə artaraq adambaşına 4380 manat təşkil etmiş, əhalinin orta aylıq əməkhaqqı 37,4 dəfə artaraq 467 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmiş və müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 4,9 faizə enmişdir. Həmin dövrdə məşğul əhalinin sayında da kəskin artım müşahidə olunmuş və işsizliyin səviyyəsi 2015-ci ildə 5 faizə enmişdir.

İqtisadiyyatın bazar prinsipləri əsasında inkişafının əsasını təşkil edən xüsusi mülkiyyətin bərqərar olması üçün iqtisadi islahatlara başlanması ölkənin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Bu baxımdan “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində ilbəil artan maliyyə ehtiyatları həmin imkanlardan daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi. Odur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkildi.

Qeyri-neft sektorunun və onun tərkib hissəsi olan aqrar sektorun inkişafı isə regionların sosial-iqtisadi inkişafından asılı olduğuna görə bu sahəyə diqqətin artırılması ölkədə formalaşan iqtisadi strategiyanın əsasını təşkil edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin dövlət proqramları əsasında xərclənməsi idi. Həmin məqsədlə Prezident İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk dövrdə - 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı üzrə ilk Dövlət Proqramını təsdiq etmişdir. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla həyata keçirilmiş və bununla ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması isə proqramda nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yetirilməsinə imkan vermiş və Azərbaycan dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail olmuşdur. Həmin illər iqtisadi artım əsasən neft amili ilə bağlı olsa da, o, ölkənin gələcək inkişafının təmin edilməsi üçün möhkəm maliyyə imkanı formalaşdırmışdır.

Ölkədə yaranmış maliyyə imkanından səmərəli istifadəni təmin etmək, qeyri-neft sektorunun və infrastrukturun inkişafı üçün möhkəm təməl qoymaq məqsədilə Prezident 2009-cu ilin aprelində regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramını təsdiq etdi və həmin proqram da uğurla yerinə yetirildi. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 milyard, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə dövlət başçısının müvafiq sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlər hesabına son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi, 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilmiş və ya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində, həmçinin regionlarda mənzil tikintisi, respublika və yerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması və təmiri, yeni körpü və yol ayırıcılarının tikilməsi, poçt və rabitə şəbəkəsinin yenilənməsi və genişləndirilməsi, habelə digər infrastruktur sahələri üzrə böyük həcmdə işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq 2014-cü ilin fevralında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqramın həyata keçirilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorunun inkişafı hesabına əldə olunmasına hesablanmışdır. Bu da ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının dövlət proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir.

Prezident İlham Əliyev həmin aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti hesab etmiş və bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Hazırda Prezidentin bu diqqət və qayğısı ilə 4,5 milyon nəfər kənd əhalisi (ümumi əhalinin 46,9 faizi) və 1698 min nəfər kənd təsərrüfatında çalışan məşğul əhali (cəmi məşğul əhalinin 36,4 faizi) əhatə olunur. Dövlət başçısının imzaladığı sənədlərə əsasən, kənd təsərrüfatı məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün səpininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşmasına, yerli at cinslərinin damazlıq özəyinin qorunmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə, habelə aqrar sahibkarları güzəştli kreditlərlə təmin etməyə və bu kimi digər tədbirlərə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait yönəldilir. Bunun nəticəsidir ki, ötən son 10 ildə ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl (41 faiz), şəkər çuğunduru (5 dəfə), ət (50,8 faiz), süd (53,7 faiz), yumurta (77,8 faiz) istehsalı artmışdır. Bu dövr respublikamızda 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi açılmış, 28 intensiv bağçılıq təsərrüfatı, 30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz emalı müəssisəsi yaradılmışdır. Görülən tədbirlər nəticəsində aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə və elmi nailiyyətlərə əsaslanan innovativ inkişafı üçün möhkəm təməl qoyulmuşdur.

Bununla belə, qloballaşmanın dərinləşməsi, təbii ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi və əhalinin yüksək artımı əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün daha böyük əzmlə çalışmağı tələb edir. Prezident

İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir... Çünki ərzaq təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər”. Ümumiyyətlə, problemin ciddiliyini, ölkəmizin müstəqil siyasət yeritməsi imkanını və mövcud siyasi sabitliyi daha da möhkəmləndirmək üçün cənab İlham Əliyev elə bir toplantı yoxdur ki, orada respublikamızda əhalinin ərzaqla təminatı məsələsinə toxunmasın, əlaqədar təşkilatların diqqətini bu məsələyə cəlb etməsin. Bunun nəticəsidir ki, son illər ölkə əhalisinin ərzaqla təminatında əsaslı dəyişiklik baş vermiş, respublikamızda əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi xeyli yüksəlmiş, bəzi məhsulların isə hətta xarici ölkələrə ixracı başlanmışdır.

Problemin həllinə tam nail olmaq və əhalinin ərzaqla etibarlı və davamlı təminatı üçün isə iqtisadi cəhətdən ən əlverişli yol innovativ metodlardan istifadə etməkdir. Bu gün dünyada kənd təsərrüfatı istehsal edilən məhsulun daha çox elmi tutumlu olması istiqamətində inkişaf edir. Bu, iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsində əyani surətdə özünü göstərir. Məhz bu xüsusiyyətinə görə onlar daxili məhsul bazarında balansı təklif və tələb əsasında saxlaya bilir, dünyanın qabaqcıl bazarlarına daxil olur və milli məhsul istehsalçılarını sıxışdırıb müflisləşdirirlər. Ona görə də qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və bu səbəbdən onun həll olunması istiqamətində işlər aparılır.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, aqrar-sənaye kompleksinin innovasiyalı inkişafını həyata keçirmək və onu yaxşılaşdırmaq üçün innovasiya fəaliyyətinin müvafiq infrastrukturu və ya bu fəaliyyəti informasiya, ekspert, marketinq, maliyyə, kadr və digər xidmətlərlə təmin edən material, texniki, qanunvericilik və digər vasitələrin olması vacibdir. Kənd təsərrüfatında innovativ metodlardan istifadənin qanunvericilik bazasının yaradılması istiqamətində ölkəmizdə müəyyən işlər görülür. 2008-ci ildə kənd təsərrüfatında innovativ məhsul olan ekoloji təmiz məhsul istehsalının hüquqi bazasını təşkil edən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul edilmişdir. Bu qanunun tətbiqi nəticəsində respublikamızın bir çox bölgələrində, xüsusilə Gəncə-Qazax iqtisadi rayonunun əhatə etdiyi ərazilərdə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlərin sayı ildən-ilə artır. Qanunun tələblərinə uyğun olaraq ekoloji kənd təsərrüfatı məhsullarının istehsalında xəstəliklərə və ziyanvericilərə qarşı mübarizədə kimyəvi maddələrdən və məhsuldarlığı artırmaq üçün süni yolla istehsal edilmiş mineral gübrələrdən istifadəyə yol verilmir. Bunun əvəzinə ekoloji təmiz və iqtisadi səmərəsi yüksək olan biopestisidlərdən və biogübrələrdən istifadə olunması, növbəli əkin sisteminin tətbiqi nəzərdə tutulur.

Kənd təsərrüfatında innovasiyaların yayılması təsərrüfat subyektləri tərəfindən informasiyaların qavranılması vəziyyətindən asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində ölkəmizdə 851 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Odur ki, onların, o cümlədən ixtisas təhsili olmayan çoxsaylı istehsalçıların kənd təsərrüfatı istehsalının təşkili, marketinq, biznes planlaşdırması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə təminatı, yeni texnika və texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə informasiyalar almağa və müvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı vardır. Həmin ehtiyacı ödəmək üçün kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin genişləndirilməsi və onun müasir tələblər səviyyəsində təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilir.

2010-cu ildə qəbul edilmiş “Pambıqçılıq haqqında” qanunda strateji əhəmiyyətə malik bu məhsulun istehsalının artırılması və bu sahədə daha çox əlavə dəyər yaradılması üçün pambıqçılığın klaster əsasında inkişaf etdirilməsi nəzərdə tutulur. Pambıqçılıqda klasterin tətbiqi xam pambığın respublikamızda müasir texnika və texnologiyalardan istifadə etməklə yaradılan emal müəssisələrində son məhsul olan hazır paltar istehsalını nəzərdə tutur. Bunun üçün pambıqçılıq regionlarında onun istehsalı və emalı ilə yanaşı, becərilməsində istifadə olunan bəzi texniki vasitələrin istehsalı, elm və kadr hazırlığı müəssisələri, habelə hazır məhsulun satışı və pambıqçılıqla bağlı digər fəaliyyətlə məşğul olan müəssisələr yaradılmalı və onların arasında kooperasiya əlaqələri qurulmalıdır. Belə olan halda problem kompleks halında öz həllini tapar və rəqabətə davamlı yüksək keyfiyyətli pambıq məhsulları ilə daxili və xarici bazarlara çıxmaq olar. Bu növ klasterləri pambıqçılıqla yanaşı, taxılçılıq, çayçılıq, meyvə-tərəvəzçilik, tütünçülük, habelə südlük və ətlik heyvandarlıq, qoyunçuluq və quşçuluğun üstünlük təşkil etdiyi regionlarda da yaratmaq böyük səmərə verərdi. Bu həm də cənab İlham Əliyevin kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair verdiyi tapşırığın icrasını təmin edərdi. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə mövcud olan təbii iqlim və torpaq şəraiti kənd təsərrüfatını ixtisaslaşdırmaq və onun klaster əsasında təşkili üçün çox əlverişlidir. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə kənd təsərrüfatının ixtisaslaşması uğurla tətbiq olunurdu.

Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və məhsulların rəqabət qabiliyyətinin artması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Buna görə də ölkəmizdə sənaye parklarının yaradılmasına üstünlük verilir. Prezidentin müvafiq sərəncamları ilə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Sumqayıt və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Bu müəssisələr tam gücü ilə işlədikdə minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunacaq, daxili və xarici bazara yüksək keyfiyyətli, Azərbaycan brendi olan məhsullar çıxarılacaq. Bununla həm daxili tələbat ödəniləcək, həm də Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək.

Qeyri-neft sektorunun prioritet isiqamətlərindən biri olan aqrar sahədə də intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır. Artıq Şəmkir və Xaçmaz rayonlarında aqroparklar, Ağcabədi, Qəbələ və digər rayonlarda iri təsərrüfatlar yaradılmışdır. Həmin müəssisələrin bir çoxunda hər inəkdən 7-8 min litr süd, hər hektardan 55-60 sentner buğda, 110-115 sentner qarğıdalı əldə edilir ki, bunlar da respublikamız üçün rekord göstəricilərdir.

Kənd təsərrüfatının intensivləşməsində və yüksək texnologiyaların tətbiqinin səmərəsini yüksəltməkdə torpaqların münbitliyini artırmaq, əkin dövriyyəsinə yeni suvarılan torpaqlar daxil etmək və mövcud əkinlərin su təminatını yaxşılaşdırmaq da mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə son vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhəmiyyətli işlər görülmüşdür. Belə ki, Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının və Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin başa çatması Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarında əlavə 30 min hektar suvarılan torpaqların əkin dövriyyəsinə daxil edilməsinə və on min hektarlarla torpaq sahəsinin suvarılmasını yaxşılaşdırmağa imkan verəcək. Hazırda başqa regionlarda da yeni dəryaçalar tikilir, mövcud su anbarları təmir olunur ki, bu da gələcəkdə əkinlərin su ilə təminatını yaxşılaşdıracaq və məhsuldarlığı artıracaq.

Ölkəmizdə həyata keçirilən işlər nəticəsində sosial-iqtisadi inkişafda çoxsaylı nailiyyətlər əldə edilsə də, Prezident İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə ilin əvvəlində tapşırıqlar vermişdir. Bu günlər Prezident “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalamışdır. Yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqamətləri üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır. Strateji yol xəritələrinin qəbul edilməsində əsas hədəflər qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun inkişafı, güclü milli sahibkarlar ordusunun formalaşması, yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılması, sənaye və aqrar sektorda istehsal imkanlarının genişlənməsində özəl bölmənin rolunun daha da artırılması və digər məsələlərdir. Hazırda həmin fərmana uyğun olaraq müxtəlif istiqamətlər üzrə təsdiq edilmiş strateji yol xəritələrinin icra mexanizmləri hazırlanır.

İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış Strateji Yol Xəritəsinin icrası nəticəsində iqtisadi inkişafın Azərbaycan modeli mahiyyət etibarilə daha da təkmilləşəcək və respublikamız daxili və xarici investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevrilməklə ölkə əhalisinin daha firavan yaşamasını təmin edəcək.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2016.- 24 dekabr.- S. 7.