Alternativi olmayan siyasi xəttin müəllifi

 

Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini geridə qoyan Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Çünki Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin möhkəmlənməsinin nəticəsidir.

 

Gələcəyə doğru inamla

 

Heydər Əliyevin zəngin siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi sayəsində qoyulmuş möhkəm təməl və əldə olunmuş möhtəşəm nailiyyətlər sonrakı illərdə respublikamızın yüksəlişi üçün möhkəm zəmin yaratdı. Heydər Əliyev ideyalarını layiqincə yaşadan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, inkişafını sürətləndirdi. Ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı Prezident İlham Əliyevin baxışları Azərbaycanın daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin qüdrətlənməsinə xidmət edir.

Bu mənada ötən 13 ildə özünü təsdiq edən reallıq ondan ibarətdir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla gələcəyə doğru inamla addımlayır. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, yüksəlişinə və modernləşməsinə, xalqımızın daha güclü rifahına aparır. Bu istiqamətdə mühüm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi inkişaf yoluna çıxmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, qətiyyətli və uzaqgörən kurs nəticəsində iqtisadi uğurlar ilbəil artıb.

Uğurları qlobal miqyasda qəbul edilməyən ölkə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilməz, yüksək imicə malik olmaz. Çox uzağa getmədən elə postsovet məkanından bu barədə kifayət qədər fakt göstərmək olar. Azərbaycanın yüksəlişi, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirməsi, həm siyasi, həm də iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən birinə çevrilməsi inkarolunmaz reallıqdır. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz. Bu mənada kosmos dövlətinə çevrilən, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından, malik olduğu karbohidrogen resurslardan səmərəli istifadə etməklə uğurlarını ildən-ilə artıran Azərbaycan həqiqətən yüksəliş fenomeninə çevrilib.

 

Prezident yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi

 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Dövlət başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Bu, beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə daha da intensivləşib.

Son 10-12 il ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında da mühüm nailiyyətlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənib. Lakin 2014-cü ildən etibarən birjalarda neftin qiymətində başlayan kəskin enmə, planetin müxtəlif yerlərindəki mürəkkəb geosiyasi vəziyyət və bundan irəli gələn problemlər, dünya iqtisadiyyatında cərəyan edən təlatümlər, qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik nəticəsində, demək olar ki, bütün ölkələrdə iqtisadi artım azalıb. Təbii ki, mürəkkəb qlobal iqtisadi prosesləri, neftin qiymətinin düşməsi dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın da iqtisadi inkişafına təsirsiz ötüşmür və ilk növbədə, ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərirdi. Yaranmış situasiya ölkəmizdə də iqtisadiyyatda gələcək neqativ ssenarilərə qarşı mütləq qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsini və gücləndirilməsini zəruri edirdi. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi.

Dövlət başçısı elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar həyata keçiriləcək islahatların bir neçə istiqamətini müəyyən etdi ki, bunlardan biri də iqtisadi sektorun inkişafına yol açacaq tədbirlər kompleksi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi idi. Prezident İlham Əliyev bəyan etdi ki, hazırkı dövrdə yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. Beləliklə, ilin əvvəlindən başlayaraq qeyri-neft sektorunda genişmiqyaslı və sürətli islahatlara başlandı. Bütün bunlara nail olunması, dünya iqtisadiyyatında baş verən proseslərə qarşı ölkə iqtisadiyyatının dayanıqlığının daha da möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il ərzində əhəmiyyətli qərarlar qəbul edilib.

 

Yeni makroiqtisadi şəraitin diktə etdiyi strateji yol xəritələri

 

Bu gün Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədlərindən biri qısa və ortamüddətli perspektivdə dünya iqtisadiyyatında baş verən qlobal iqtisadi proseslərin və iqtisadi meyillərin yaratdığı risklərin ölkə iqtisadiyyatına mövcud təsirlərini, həmçinin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətlərini nəzərə almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Ötən ilin sonu, bu ilin əvvəllərindən isə yeni makroiqtisadi vəziyyətə cavab olaraq iqtisadi artımın bərpası üçün struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bunlar pul siyasətinin və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha çox şaxələndirilməsi, qeyri-neft ixracının artırılması məqsədilə kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi kimi tədbirləri özündə əks etdirir. Bu islahatların keçirilməsinə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.

Bütün bunlar bir daha təsdiq edir ki, qlobal dünya iqtisadiyyatında baş verən sarsıntıların artdığı, onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafeyin qorunmasına yönələn iqtisadi siyasət aparır. Xarici risklərin təzyiqini minimuma endirmək üçün sistemli, təşkilati, iqtisadi tədbirlər görür. Prezident İlham Əliyevin dekabrın 6-da təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biridir. Hər bir Strateji Yol Xəritəsi Azərbaycanın gələcək inkişafından xəbər verir.

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Kənd təsərrüfatının Strateji Yol Xəritəsində ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Hər bir strateji hədəfin reallaşdırılması üçün əsaslandırılmış prioritet istiqamətlər müəyyən olunub. Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb: dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın təsirini minimuma endirmək məqsədilə ölkəmizdə iqtisadi islahatlara uyğun tədbirlər həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə çıxarılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Strateji yol xəritələri isə yeni makroiqtisadi şəraitin uğurlu inkişaf yoludur. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək.

Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar göstərir ki, Azərbaycanda inkişafın davamlılığı təmin olunur. Bu həm də təsdiq edir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasətinə sadiqdir, alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaq. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasi xəttə daim sadiqdir.

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini

 

Azərbaycan.- 2016.- 24 dekabr.- S.9.