Acarıstanın “TV 12” telekanalı Prezident İlham Əliyevə həsr olunmuş sənədli film yayımlayıb

 

Acarıstan Muxtar Respublikasının nüfuzlu “AJARA PS” media holdinq qrupuna daxil olan “TV12” televiziya kanalı Prezident İlham Əliyevin 55 illik yubileyi ilə əlaqədar sənədli film yayımlayıb.

Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə hazırlanmış filmdə ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan geniş bəhs olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulanır. Bildirilir ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu xaricidaxili siyasət nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxıb, dünya miqyasındakı mövqelərini daha da möhkəmləndirib. Bu gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər bir sıra dövlətlər üçün nümunədir.

Filmdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublika Ali Sovetinin sədri David Qabaidze, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin professoru Rostom Quntaishvili, elm, mədəniyyət və ictimaiyyət xadimləri Prezident İlham Əliyev ilə bağlı fikirlərini bölüşür, onun Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərindən danışırlar.

Filmi https://youtu.be/BIc6V1cuM7E və https://youtu.be/uyuWggU_KVU səhifəsindən izləmək olar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 27 dekabr.- S. 5.