Diasporumuz azərbaycançılıq ideyası ətrafında sıx səfərbər olub

 

Xalqları dünya miqyasında tanıdaraq məşhurlaşdıran yalnız onların zəngin təbii sərvətləri və maddi-mənəvi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində sözünü demiş fenomen şəxsiyyətlərdir. Məhz belə şəxsiyyətlərin müdrikliklə irəli sürdükləri ideyalar hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiq yer tutmasını təmin edir. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin monolitliyində aparıcı amilə çevrilməklə tarixi şəxsiyyətlərə həm də xalqı ətrafında birləşdirmək, milli ideallara səfərbər etmək imkanı verir.

 

Həmrəyliyimizin banisi

 

Ulu öndər Heydər Əliyev də belə fenomen liderlərdən biri olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuş, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin həlledici qismini arxasınca apara bilmişdir. Heydər Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindən biridir.

Xalqın təhtəlşüurunda bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhüümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi kursu özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da umummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir.

Azərbaycan xalqının milli-mənəvi bütövlüyünün və həmrəyliyinin bariz təcəssümünə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi hər il yüksək səviyyədə qeyd olunması da ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Qədim tarixə malik Azərbaycan xalqı bu bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amalduyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Belə bir qərarın qəbul olunması və sonradan bütün ölkədə bayram kimi keçirilməsi milli yaddaşın oyanışı kimi də dəyərləndirilə bilər.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda milli birlik və həmrəyliyin təmini, həmvətənlərimizin vahid məqsədlər ətrafında birləşdirilməsi, habelə diasporlobbi quruculuğu sahəsində əməli tədbirlər həyata keçirmişdir. Böyük strateq özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəviyə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 23 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir, bu sahədə sistemli və ardıcıl siyasət yürüdür.

 

Birliyimizin etibarlı təminatçısı

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və diaspor quruculuğu siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sistemli səciyyə daşıyır. Cənab Prezident hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi olub.

Hazırda müstəqil respublikamızın inkişaf və tərəqqi yolunda əldə etdiyi böyük nailiyyətlərdə dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də xidmətləri var. Azərbaycanın Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaratmışdır.

Təbii ki, dünya azərbaycanlılarının daha güclü təşkilatlanmasında və bir amal ətrafında birləşməsində indiyədək keçirilmiş qurultaylar böyük rol oynamışdır. Son olaraq bu ilin iyun ayında keçirilmiş Dünya Azərbaycanlılarının IV qurultayı isə bu tədbirdə iştirak etmiş hər bir azərbaycanlı və diaspor təmsilçisi üçün böyük hadisə idi. Xaricdəki soydaşlarımızın vəziyyətinin öyrənilməsi, görülmüş işlərin təhlili, yeni prioritetlərin, vəzifələrin müəyyən edilməsi, diaspor təşkilatları ilə Azərbaycanın aidiyyəti dövlət qurumlarının əlaqələrinin koordinasiyası baxımından belə qurultayların keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, indiyədək keçirilmiş hər bir qurultay milli həmrəyliyimizi nümayiş etdirib. Bu kimi tədbirlər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsinə, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunmasına, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinə və əlaqələndirilməsinə böyük töhfələr verir.

Bu mənada IV qurultay müstəqil Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaqalan məqam isə Prezident İlham Əliyevin proqram xarakterli çıxışı oldu. Cənab Prezident dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımızın daha sıx təşkilatlanması, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, ölkəmiz barədə həqiqətlərin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı tövsiyələrini verdi.

IV qurultay xaricdəki bütün Azərbaycan diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyub. Çünki cənab Prezident çıxışında bizə fəaliyyət istiqamətləri verdi, nə etməli olduğumuzu söylədi. Bizöz fəaliyyətimizdə qarşıya qoyulan məsələləri əsas götürməli, yaşadığımız ölkələrdə Azərbaycan üçün hər bir taleyüklü məsələ ilə bağlı daha da fəallıq göstərməliyik. Hesab edirəm ki, bu qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyəti daha da canlanacaq, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində indikindən də aktiv fəaliyyət göstərəcəklər.

 

Avstraliyada diasporumuzun fəaliyyəti güclənir

 

Avstraliya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, bu ölkə müstəqilliyimizi 1991-ci ilin dekabr ayında tanıyıb. 1992-ci ildən diplomatik münasibətlər qurulub. Bu ölkə Azərbaycanla coğrafi baxımdan kifayət qədər uzaqda yerləşir. Amma uzaq olmasına baxmayaraq, Avstraliyada təxminən 10 minə yaxın azərbaycanlı yaşayır. Azərbaycan diasporunun Avstraliyadakı fəaliyyəti son dövrlər daha fəal hiss olunmaqdadır. Qeyd etdiyim kimi, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Azərbaycan dövlətinin diaspor siyasəti buna təkan verib. Mənim təmsil olunduğum Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası isə Pert şəhərində fəaliyyət göstərir. Avstraliyanın bu bölgəsində Azərbaycanla bağlı məlumat çox az idi. Amma biz son illər bu sahədə xeyli görmüşük.

Azərbaycanın dövlət və milli bayramlarında, o cümlədən 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümlərində Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası Pert və digər şəhərlərdə geniş tədbirlər təşkil edir. Xüsusilə qeyd etmək istəyirəm ki, assosiasiyanın fəaliyyətinə Avstraliya parlamentinin deputatları da dəstək verirlər. Onlar tədbirlərimizdə yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin Avstraliyada yayılmasında bizə yaxından dəstək verirlər.

Bu ilin iyun ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilməyim isə bu sahədə üzərimə daha məsul vəzifələr qoyur. Qeyd edim ki, konsulluğun yaradılması ilə bağlı bütün təşkilati məsələlər öz həllini tapıb və artıq fəaliyyətini uğurla həyata keçirir. Fəxri konsul olmaq mənim üçün yeni missiyadır və əsas məqsədim Prezident İlham Əliyevin etimadını doğrultmaq, Avstraliyada Azərbaycan dövlətinin maraqlarını layiqincə təmin etməkdir.

Bu istiqamətdə əsas hədəflərimizdən biri Azərbaycan həqiqətlərini Avstraliya cəmiyyətinə daha dolğun çatdırmaq və Ermənistanın işğalçı simasını tanıtdırmaqdır. Avstraliyanın Dağlıq Qarabağ münaqişəsinə obyektivreal yanaşması Qərb ölkələrində və beynəlxalq təşkilatlarda ikili standartların baş alıb getdiyi indiki məqamda Ermənistanın ifşası baxımından olduqca mühümdür. Bu ölkənin prinsipial mövqeyi cənab İlham Əliyevin elan etdiyi prioritetlərin uğurla reallaşmasının göstəricisi və Azərbaycan dövlətinin xarici siyasətinin mühüm uğurlarından biridir. Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli problemimizdirbu sahədə beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün daha çox görməliyik. Bu mənada fəxri konsul kimi fəaliyyətimdə əsas prioritetlərdən biri Dağlıq Qarabağla bağlı Avstraliyanın daha böyük siyasi dəstəyinin alınmasıdır. Bu həm də ondan irəli gəlir ki, xarici siyasətdə hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev erməni yalanlarının ifşa edilməsini və dünya miqyasında yayılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Sevindirici haldır ki, son illər Avstraliya ilə Azərbaycan arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artıb. Bu işdə xüsusilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini qeyd etmək lazımdır. Məhz işçi qruplarının üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlıq tellərinin genişlənməsinə təkan verməkdədir. Reallıq da ondan xəbər verir ki, getdikcə güclənən əməkdaşlıq gələcəkdə Azərbaycan-Avstraliya əlaqələrinin ən müxtəlif sferalarını əhatə edəcək. Hər iki dövlətin bunun üçün həm siyasi iradəsi, həm də böyük potensialı var.

 

Aydan RZAYEVA,

Azərbaycanın Avstraliya İttifaqında fəxri konsulu

 

Azərbaycan.- 2016.- 30 dekabr.- S. 10.