Diaspor quruculuğu siyasəti ardıcıl və sistemli xarakter daşıyır

 

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayının nəticələri bunu bir daha təsdiqlədi

 

Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.

Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli işlər görülməlidir. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.

Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

Ulu öndər 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar yaratdı.

Dövlət başçısı İlham Əliyev müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qaldı. 2011-ci il iyulun 5-də dünya azərbaycanlılarının mühüm nəticələrlə yadda qalan III qurultayı Azərbaycanda uğurla həyata keçirilən diaspor quruculuğu siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini bir daha nümayiş etdirdi. 2016-cı il iyunun 2-3-də Bakıda Dünya Azərbaycanlılarının IV qurultayı keçirildi. Tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi. Qonaqlar arasında xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Bu ali tədbir azərbaycanlıların vahidmonolit qüvvə kimi təşkilatlanması prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərdi.

Prezident İlham Əliyev ötən 13 ildə diasporlobbi quruculuğu yönümündə sistemli aparır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. Dövlət başçısının hələ 2004-cü ildə Rusiyaya ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayı da qonşu ölkədə azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbirlərdən biri olmuşdur. Bundan başqa, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi diqqəti çəkir.

Bu günlərdə Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV qurultayının keçirilməsi də əlamətdar hadisə oldu. Tədbirdə Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçinin, həmçinin Azərbaycanın dövlət və hökumət nümayəndələrinin iştirakı tədbirin mühüm əhəmiyyət daşıdığını göstərdi. ÜAK nüfuzlu ictimai təşkilata çevrilərək milli multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi işinə böyük töhfələr verir. Təşkilat xeyriyyə aksiyalarında da iştirak edərək təhsil və mədəniyyət sahələrində layihələr həyata keçirir.

Konqres Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə yönəlmiş layihələri reallaşdırmaqla gəncləri xalqlarımızın tarixi və mədəniyyəti ilə yaxından tanış edir. Konqres həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə də fəal əməkdaşlıq edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayı bu ölkədə yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da dərinləşməsinə xidmət edəcək.

Ümumrusiya Azərbaycanlıları Konqresinin 5 il ərzində gördüyü işlər haqqında hesabatlar dinlənildikdən sonra məruzə ətrafında çıxışlar oldu. Qurultayda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr aparıldı.

Sonra mərkəzi şura, rəyasət heyətinin yeni tərkibi və Ümumrusiya Azərbaycanlıları Konqresinin yeni prezidenti seçildi. Qurultayda ÜAK-ın Rəyasət Heyətinə 40 nəfər və mərkəzi şurasına 160 nəfər üzv seçildi. Qurultayda Ümumrusiya Azərbaycanlıları Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciətlər qəbul olundu.

Bu gün dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 31 dekabr.- S. 10.