Milli Məclisin yaz sessiyası başlandı

 

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan parlamentin gündəliyinə 16 məsələ daxil edilmişdi. Öncə Milli Məclisin 4 çağırış deputatı olmuş mərhum akademik, tanınmış ictimai-siyasi xadim Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələlərin çoxluq təşkil etdiyi üçün cari məsələlərin müzakirəsinə ehtiyac duyulmadığını bildirdi. Odur ki, birbaşa gündəliyin müzakirəsi başlandı.

İclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi haqqında qərarlar təsdiqləndi (Qərarlar qəzetimizin bugünkü sayında dərc olunub).

Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında sənədin müzakirəsi zamanı isə deputatlar fikir və təkliflərini səsləndirdilər. Deputat Elmira Axundova çoxdan gözlənilən bir sıra qanun layihələrinin müzakirəyə çıxarılmasının vacibliyini vurğuladı. Deputat Fazil MustafaElm haqqında” qanun layihəsinin qanunvericilik işlər planına salınmasının əhəmiyyətindən danışdı. Deputat Fərəc Quliyev banklardan yüksək faizlə kredit götürənlərlə bağlı qanun layihəsinin hazırlanmasının vacibliyini söylədi. Deputat Əli Məsimli isə dedi ki, “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlayıb. Layihə üzərində bir qədər işlədikdən sonra sənədi Milli Məclisin plenar iclasına təklif edəcək.

Deputat Qənirə Paşayeva isə bildirdi ki, ünvanlı sosial yardım alan aztəminatlı ailələr bankdan kiçik həcmli kredit götürərkən və ya övladları ödənişli əsaslarla ali təhsil almağa başlayarkən həmin yardımdan məhrum edilirlər. Deputat bu məsələnin həll edilməsinin vacibliyini bildirdi. Deputat Musa Quliyev isə “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsini təklif etdi. Onun sözlərinə görə, devalvasiyadan sonra dərman vasitələrində bahalaşma müşahidə olunur. Ona görə də dərman vasitələri ƏDV-dən azad olunmalıdır. Deputat Məlahət İbrahimzıqı isə dedi ki, “Məşğulluq haqqında” qanuna düzəlişlərin olmasına ehtiyac var. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş NovruzovSiyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsini təklif etdi. Deputat çıxışı zamanı bir sıra partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiklərini xatırlatdı: “Təəssüf ki, partiyaları buna məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da partiyadan bir səhifə kağız göndərirlər ki, onun maliyyə dövriyyəsi ümumiyyətlə yoxdur. Lakin baxanda görürsən ki, hər birinin aparatında onlarla işçi çalışır, hər bir sədrin 4-5 cangüdəni var və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, gəlir və ya çıxar yoxdursa, qaranlıq mənbələr nədən ibarətdir? Bu baxımdan, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməlidir”.

Deputat Sahib Alıyev işğal altında olan torpaqlarımız haqqında qanun layihəsinin hazırlanmasının vacibliyini söylədi. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə “Diffamasiya haqqında” qanundan söz açdı. Bildirdi ki, qanunla bağlı təkliflər hazırlayıb. Təkliflər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub. Ə.Amaşov eyni zamanda söylədi ki, devalvasiya KİV-də ciddi problemlər yaradıb: “Ölkəyə gətirilən qəzet kağızının qiyməti təqribən 100 faizdən çox artıb. Üstəlik, gətirilən qəzet kağızlarına və hazır çap məhsullarına ƏDV yanvarın 1-dən bərpa olunub. Problemi aradan qaldırmaq üçün ƏDV-nin ləğvini gündəmə gətirsək, yaxşı olar”. Deputat hesab edir ki, Milli Məclisdə “İnformasiya təhlükəsizliyi haqqında” qanunun qəbulu vacib amillərdən biridir.

Müzakirələrdən sonra Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi.

İclasda Azərbaycan Respublikası PrezidentininGürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Sənədlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Bildirdi ki, sənəd iki ölkənin münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Deputatlar strateji əhəmiyyət daşıyan qanun layihəsinə müsbət rəy bildirdilər. “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Səməd Seyidov dedi ki, bu sənəd Azərbaycanın xarici əlaqələrinin inkişafından xəbər verir. Onun sözlərinə görə, Çin dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və Azərbaycanın bu ölkə ilə əlaqələrini möhkəmləndirməsi vacib amillərdəndir. Sənəd səsverməyə çıxarıldı və qəbul edidi.

“Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mülki hava nəqliyyatına dairsazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, bu sənəd iki ölkənin mövcud münasibətlərinin inkişafına xidmət edəcək. Layihə deputatlar tərəfindən müsbət qiymətləndirildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi ilə deputatları məlumatlandırdı. Sənəd səsə qoyularaq qəbul olundu.

İclasda həmçinin “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi və “Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi təsdiqləndi.

Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə layihələr ilə bağlı məlumat verən komitə sədri Əli Hüseynli dedi ki, birinci sənədə edilən dəyişiklik 37-ci maddəyə edilən əlavə ilə bağlıdır. Belə ki, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala bilirlər. Şirkətlərin müraciətinə isə ən geci 10 gün müddətinə cavab verilirdi. İndi isə 5 gün müddətinə sənədlərə baxılacaq və viza rəsmiləşdirilərək turizm şirkətinin elektron poçtuna göndəriləcək.

İkinci sənədə edilən dəyişiklik isə Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında qanuna uyğunlaşdırma məqsədi daşıyır. Hər iki sənədə edilən dəyişikliklər səsə qoyularaq qəbul edildi.

İclasdaPolis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə eyni dəyişiklik edildi. Komitə sədi Əli Hüseynli bildirdi ki, dəyişiklik vətəndaşların mənzil hüquqlarının məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir. Bu dəyişikliklər həmçinin polis əməkdaşlarının insanların yaşayış və müvəqqəti qalma yerlərinə daxil olmalarını məhdudlaşdıran layihədir. Dəyişikliyə əsasən, polis inzibati xəta törədən şəxsin azadlığını məhdudlaşdıra bilməyəcək və şəxsin inzibati qaydada tutulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçiriləcək. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə bir neçə əsaslardan birinin olması barədə dəqiq məlumat olduğu halda daxil ola biləcək.

Qeyd edək ki, indiyə qədər polis əməkdaşı mənzilə dəqiq məlumata malik olmaqla yanaşı, əsaslı şübhələri olduğu halda da daxil ola bilərdi. “Əsaslı şübhələr” müddəası qanundan çıxarılıb və polis bundan sonra dəqiq məlumat əsasında yaşayış yerinə daxil ola bilər. Dəyişikliklər polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədi daşıyır.

Sənəd səsə qoyularaq qəbul edildi. İclasda deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də müsbət münasibət bildirdilər və bununla da parlamentin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2016.- 2 fevral.- S. 3.