Dövlətqaçqınkomda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

 

Fevralın 1-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilib. Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Son günlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə, xüsusən regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının ikinci ilinin icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn və qarşıya qoyulan vəzifələrin, onların yerinə yetirilməsi istiqamətində görülən işlərin və Komitənin ötən ildəki fəaliyyətinin yekunlarına, qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında birinci məsələ ətrafında çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qeyd edib ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapıb, sosial layihələrin icrası davam etdirilib.

Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyinionun qarşısının alınması məqsədilə konkret tapşırıqlar verildiyini qeyd edən Əli Həsənov bu böhranın 2015-ci ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Dövlətimizin başçısının da dediyi kimi, 2015-ci ildə bütün sosial proqramlar icra olunubbu işlər hazırda da uğurla davam etdirilir. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası müəyyən problemlər yaratmasına baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi altında aparılan dərin iqtisadi islahatlar, həyata keçirilən digər zəruri tədbirlər ölkəmizin bu vəziyyətdən də uğurla çıxmasına imkan verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.

Artıq bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran Baş nazirin müavini deyib ki, müxtəlif təbəqədən olan insanlara, aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə verilən müavinətlərin və digər imtiyazların artırılması sosial sahədə dövlətin nəzərdə tutduğu prioritet istiqamətlərdəndir.

Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə son 12 ildə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Əli Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışaraq bildirib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə müxtəlif ərazilərdə salınmış bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilib istifadəyə verilibbu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür.

Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Əli Həsənov bildirib: Son 12 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür”.

Baş nazirin müavini kollegiya iclasında, həmçinin Prezident İlham Əliyevin çıxışlarında yer alan ən mühüm məsələlərdən danışaraq qeyd edib ki, ölkəmizdə biznes mühitinin yaradılması, bunun üçün sahibkarlara kömək göstərilməsi, adamlarına qarşı maneələrin aradan qaldırılması, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılması və digər məsələlərlə bağlı dövlətimizin başçısı konkret vəzifələr müəyyənləşdirməklə müvafiq qurumlara xüsusi tapşırıqlar verib. O, çıxışında mühüm bir məqama da toxunaraq qeyd edib ki, Azərbaycan Prezidenti tutduğu vəzifədən asılı olmayaraq, hər bir məmurdan vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini bir tələb kimi qarşıya qoyurbildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər: “Hər bir məmur xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar” mesajı bu gün hər bir məmur üçün ciddi siqnal olmalıdır. Ona görə də Prezidentin bütün vəzifəli şəxslər qarşısında qoyduğu bu tələblərə ciddi əməl edilməlidir ki, vətəndaşlarımız əziyyət çəkməsinlər. Çünki bu gün atılan bütün addımlar da məhz əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. AŞPA bu addımı ilə onun özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın nümayiş etdirdi. “Təbii ki, burada ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”, - deyə Əli Həsənov qeyd edib.

Kollegiya iclasında, həmçinin ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunaraq bildirilib ki, həmişə olduğu kimi, 2015-ci ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. Bunların nəticəsidir ki, ötən il məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilib, 15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, təqaüd yaşlarına çatdıqları üçün bir sıra əməkdaşlar təqaüdə göndərilib və bu sahədə işlər davam etdiriləcək.

Ümumilikdə götürdükdə ötən il Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub. İclasda əminliklə vurğulanıb ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 2 fevral.- S.5.