Milli Məclisdə YAP Gənclər Birliyinin üzvləri ilə görüş

02 Fevral 2016

Fevralın 2-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin “İdarəetmədə islahatlar və Gənclik: Gənclər Milli Məclisdə” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüşüb.

B.Muradova ölkəmizdə 2 fevral-Gənclər Gününün uzun illərdir qeyd edildiyini bildirərək deyib ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün görülən işlər Azərbaycanın gəncliyi və gələcəyi üçün edilirdi. O dövr Azərbaycana istər siyasi, iqtisadi, istərsə də hərbi sahədə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, onların ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi.

Gənclər bu gün Azərbaycanın güclü dayaqlarından birinə çevrilib. Ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir. Odur ki, 2 fevral - Gənclər Günü təkcə gənclərin deyil, eyni zamanda Azərbaycan xalqının, dövlətinin bayramıdır.

Görüşdə həmçinin qeyd edilib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital səmərəsini verir. Milli Məclisdə gənclərin geniş təmsil olunması da faktdır. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. Bu gün parlamentdə bir çox məsələlərdə çoxillik müdrik təcrübəyə və nəzəri biliklərə əsaslanan gəncliyin səsini eşitməkdəyik. YAP Gənclər Birliyi isə Azərbaycanda gənclərin çoxsaylı fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Gününün ölkə gənclərinə ulu öndər Heydər Əliyevin hədiyyəsi olduğunu vurğulayıb. O qeyd edib ki, bugünkü gəncliyin bu səviyyəyə çatması heç də təsadüfi olmayıb. Ölkədə aparılmış düzgün gənclər siyasətinin artıq məntiqi nəticəsini görməyə başlamışıq. Tarixə nəzər salanda görürük ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gənclər hərəkatından söhbət gedə bilməzdi. Gənclərimiz təhsil hüququndan kənar qalmışdılar, gənclər təşkilatlarının yaradılması ağıla belə gəlməzdi. Gənclər pərakəndə idilər, onlar hər hansı siyasi qrupların və yaxud da hansısa birləşmələrin maraqlarına uyğun fəaliyyət göstərirdilər. Lakin ümummilli liderin Azərbaycana hakimiyyətə qayıdışından sonra bu sahədə böyük işlər görülməyə başladı. İlk dəfə olaraq gənclərlə işləyəcək mərkəzi icra hakimiyyəti yaradıldı. Gənclər fəaliyyətinin, gənclər siyasətinin hüquqi əsasları, təməlləri yaranmağa başladı. Ondan sonra forumların keçirilməsi, gənclərin dövlət idarəetmə orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarında, seçkili orqanlarda önə çəkilməsi onlara stimul verdi.

S.Orucov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açaraq dedi ki, 2003-cü ildən başlayaraq gənclər siyasəti yeni müstəviyə qədəm qoydu. Həmin ildən başlayaraq bir neçə dövlət proqramı həyata keçirildi. Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondubu kimi digər qurumların yaradılması ölkədə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir.

Çıxış edən digər tədbir iştirakçıları ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlərdən, onlara olan diqqət və qayğıdan söz açdılar. Onlar da qeyd etdilər ki, ümummilli lider Heydər Əliyev daim gənclərə böyük qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir. Azərbaycanda gənclərin yaxşı yaşamaları, təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Bu gün də Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet istiqamətlərdən biridir. Yekunda YAP Gənclər Birliyi üzvlərinin təklifləri dinlənildi.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2016.- 3 fevral.- S. 4.