“Cənub qaz dəhlizi” Vaşinqtonda keçirilmiş müzakirələrin diqqət mərkəzində olub

 

Vaşinqtonda ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan Atlantik Şuranın təşkil etdiyiQara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması” adlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilibbu mənada xüsusilə “Cənub qaz dəhlizi” layihəsi müzakirələrin diqqət mərkəzində olub.

Tədbirdə “Cənub qaz dəhlizi”nin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilib.

Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış edənlər arasında Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov da olub. Səfir ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələrindən söz açıb və “Cənub qaz dəhlizi”nin daşıdığı regional əhəmiyyətin üzərində ayrıca dayanıb. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırladıb və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda, hətta qrafikdən öncə irəlilədiyini bəyan edib. Səfir “Cənub qaz dəhlizi”nin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və yalnız mövcud qaydalara uyğun şəkildə Azərbaycan qazını Avropanın enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini vurğulayıb.

Elin Süleymanov “Cənub qaz dəhlizi”nin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranmasını və əməkdaşlığın daha da genişlənməsini stimullaşdırdığını qeyd edib. Bu mənada, AvropaAsiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa olunan infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunub. Səfir, həmçinin bir neçə gün öncə Ukraynadan yola salınmış qatarın Azərbaycandan keçməklə Çinə üz tutması faktını diqqətə çatdırıb və enerji ilə yanaşı, Azərbaycanın beynəlxalq tranzit potensialını da qeyd edib.

Tədbirin mövzusu ilə eyni hesabatın müəllifi olan Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Ariel Koen məruzəsində “Cənub qaz dəhlizi”ni yaxın gələcəkdə avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə edib. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, “Cənub qaz dəhlizi”nin konkret inşa edildiyini vurğulayıb.

Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də “Cənub qaz dəhlizi” ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə gəlib çatdığını deyib.

Frontera Resources” korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, bölgəni transformasiya etmək iqtidarında olduğunu söyləyib.

Tədbirin sual-cavab bölümündə enerji daşıyıcılarının hazırkı qiymətlərinin “Cənub qaz dəhlizi”nin inşasına mümkün təsirinə dair sorğunu cavablandıran Elin Süleymanov bu qiymətlərdə dəyişikliyin dövri xarakter daşıdığını deyib. Səfir bu dəyişikliyin “Cənub qaz dəhlizi”nin inşasının yekunlaşması üçün heç bir şəkildə maneə yaratmadığını bildiribbu inamın ölkəmizin davamlı olaraq nümayiş etdirdiyi etibarlılıqdan irəli gəldiyini qeyd edib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan. - 2016.- 3 fevral.- S. 4.