Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib

 

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ötənilki fəaliyyətinin yekunlarına dair hesabat konfransı və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir keçirilib.

Fondun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan dövləti vətənpərvər gəncləri ilə fəxr edir. Hazırda Azərbaycanda sağlam, fəal gənclər yetişir, inkişaf edir və ölkəmizin dinamik inkişafında mühüm rol oynayırlar. Bütün bu uğurların təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti dayanır. Bildirilib ki, bugünədək Gənclər Fondunda qeydiyyatdan keçmiş 6835 resipiyent var. Onlardan 324-ü qeyri-hökumət gənclər təşkilatıdır. Qeydiyyatdan keçənlərin 4714-ü fərdi şəxslərdir. Ötən il altıncı və yeddinci qrant müsabiqələri keçirilib. Altıncı müsabiqə üzrə 1248 layihə daxil olub ki, onlardan 400-ü dəstəklənib. Həmin layihələrdən 1087-si fərdi layihələr olub. Yeddinci qrant müsabiqəsi üzrə isə təqdim edilən 1126 layihədən 468-i dəstəklənib. Fərdi şəxslər tərəfindən 946 layihə təqdim edilib. Gənclər Fondunun dəstəklədiyi layihələrdə indiyədək üç minə yaxın şəxs işlə təmin olunub.

Gənclər Fondunun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov tədbirdə qurumun, o cümlədən Müşahidə Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib.

T.Süleymanov fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Müşahidə Şurasının üzvlərinin Azərbaycan Prezidenti tərəfindən təyin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Müşahidə Şurası, həmçinin müsabiqələrin keçirilməsi ilə bağlı lazımi sənədləri qəbul edir, müsabiqələri keçirir və onların nəticələrini elan edir. Ötən il Müşahidə Şurasının dörd iclasının keçirildiyini xatırladan T.Süleymanov müzakirələr nəticəsində fondun fəaliyyətini tənzimləyən mühüm sənədlərin qəbul edildiyini diqqətə çatdırıb. Müşahidə Şurasının sədri Gənclər Fondunun saytında qeydiyyata alınmaq üçün təlimatın, müsabiqələrin keçirilməsi, fonda müraciət edən gənclərin və təşkilatların hansı göstəricilərə malik olması, layihələrin hazırlanması və qiymətləndirilməsi qaydalarının yer aldığını bildirib. Həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün səfər qrantlarının verilməsi qaydalarının və s. sənədlərin hazırlandığı, eyni zamanda, təqdim olunan layihələrin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirildiyi qeyd edilib. Ötən il keçirilən yeddinci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 468 layihənin maliyyələşdirilməsi üçün fond tərəfindən ümumilikdə 2 milyon 560 min manat vəsait ayrılıb. Biz ötən il səkkizinci qrant müsabiqəsini elan etmişik. Artıq həmin müsabiqə çərçivəsində layihələr təqdim olunub. Hazırda fondun aparatında həmin layihələrin öyrənilməsi prosesi gedir. Sonra layihələr Müşahidə Şurasına təqdim olunacaq. Bundan sonra - təxminən mart ayında bu müsabiqəyə də yekun vuracağıq. Bildirilib ki, Gənclər Fonduna maraq ildən-ilə artır. Buna görə də müsabiqələrdə təqdim olunan layihələrin də sayı artır. Son dörd ildə fond tərəfindən 2333 layihə dəstəklənib və onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan çox vəsait ayrılıb. Həmin layihələrin təxminən üçdə birini gənclər təşkilatları irəli sürüb, 1500-dən çox layihə isə 14-29 yaşlı gənclər tərəfindən təqdim edilib. Ümumiyyətlə, fərdi layihələr vasitəsilə daha çox gənci, regionu və yaşayış məntəqəsini əhatə etməyə nail olmuşuq.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və digərləri çıxışlarında ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıblar.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 3 fevral.-  S.5.