Varislərin yaşatdığı ömür

 

Bir vaxtlar Niyazinin sorağı çox-çox uzaqlardan gələrdi. Hələ uşaqlıqdan çevikliyi, cəldliyi ilə yaşıdlarından seçilərdi. Atası Şərəfxan kişi deyir ki, Goranboyda orta təhsilini başa vurandan sonra bizdən xeyir-dua alıb Rusiyanın Altay vilayətinə getdi. Tez-tez xoş sorağını eşidərdik, uğurlarına sevinərdik. Uzaq diyardan yazırdı ki, hərbi təhsil almışam, komandirlər mənə çox inanırlar. Bircə sizdən nigarançılığım var.

Amma belə yazışma uzun çəkmir. Qarabağ savaşı başlayanda Goranboyun kəndləri də düşmən mühasirəsinə düşür. Bu xəbər Niyazini də sarsıdır. Onu böyüdən, ərsəyə gətirən adamların köməyinə çatmaq üçün doğma kəndlərinə qayıdır. Onda Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tapqaraqoyunlu ağır günlərini yaşayırdı. Düşmən fasiləsiz olaraq dinc əhaliyə hücum edirdi, onlara çətinliklər yaşadırdı. Buna baxmayaraq heç kəs kəndini-kəsəyini tərk etmək istəmirdi.

Şərəfxan kişinin xeyir-duası ilə Niyazi könüllülər batalyonuna yazıldı. İlk günlərdən ən çətin döyüş əməliyyatlarında iştirak etməyə başladı. Tankdan istifadə etməyi mükəmməl bacarırdı. Niyazi özünümüdafiə batalyonuna qoşulanda çətinliklər çox idi. Ən çox da silah-sursat qıtlığı var idi. Böyük bir batalyon iki tankın ümidinə qalmışdı. Amma döyüşçülərin mübarizə ruhu güclü idi. Hər kəs öz el-obasını qorumaq üçün ən çətin döyüşlərin iştirakçısı olurdu. Hər gün yaralılar, itkilər olsa da, heç kəs geri çəkilmək istəmirdi. Döyüş qeyri-bərabər qüvvələr arasında gedirdi. Düşmənin daxildən və xaricdən köməyi, yardımı olsa da, bizim yerli batalyonun Bakıdan silah-sursat tələbləri cavabsız qalırdı. Ona görə də ən igid döyüşçülər şəhid olur, torpaq itkilərimiz başlayırdı...

1991-ci ildə Goranboyun Tapqaraqoyunlu kəndində ağır döyüşlər gedirdi. Niyazi düşmənin əsas mövqelərini susdurmaq üçün düzgün hədəf seçib, hünər göstərirdi. Belə döyüşlərin birində öz komandiri İsfəndiyar Əsədovu xilas etmək üçün ölüm-dirim savaşına başlayır. Düşmənlə axıra qədər fədakarlıqla mübarizə aparır. Son məqamda komandiri ölümün pəncəsindən xilas etsə də, özü həlak olur. Bu sonuncu döyüşdə də Niyazi düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv edir.

Milli Qəhrəman Niyazi Aslanov doğma kəndində - Tapqaraqoyunluda dəfn olunur. İllər ötsə də, xatirəsi nəsillərin yaddaşında yaşayır. Ailəsində iki övladı böyüyür. Oğlu Həzi atasının başladığı ənənəni davam etdirir. Digər övladı da özü kimi böyüyüb. Onlar da el-obalarını böyük məhəbbətlə sevir, onu qorumaq üçün canlarından keçməyə hazırdırlar. Niyazi öz övladına Həzi adını seçəndə fəxrlə deyirdi ki, onu iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına layiq böyüdəcəm. Qoy adaşı kimi qəhrəmanlıq ənənələrini şərəflə davam etdirsin, elimizə, obamıza təəssübkeş övlad olsun. Niyazi övladına arzuladığı qəhrəmanlıq ənənələrini özü davam etdirdi. Milli Qəhrəman kimi yüksək ada layiq görüldü.

Bu gün Niyazinin oğlu fəxrlə deyir ki biz qəhrəman bir atanın övladıyıq. Tapqaraqoyunlu kənd məktəbi də atasının adını daşıyır. Goranboyun mərkəzi küçələrindən birinə onun adı verilib. Oğlu deyir ki, atamın torpaq, vətən sevgisindən bizə də pay düşür. Gərək ömrü boyu sübut edək ki biz onların ardıcılları və layiqli varisləriyik: “Həyatımı elə davam etdirməliyəm ki, səhvlərim, büdrəmələrim olmasın. Atamın qəhrəmanlıq ənənəsini davam etdirmək mənim şərəf işimdir”.

Bu gün varislər belə düşünürlər. Bilirlər ki, torpaq müqəddəsdir, onu qorumaq vacibdir. Bu yolda mübarizə nə qədər davam etsə də, axırda haqlının qələbəsi danılmazdır. Niyazi kimi oğullar doğma torpağımızın bir zərrəsi olduqlarını şücaətləri, qəhrəmanlıqları ilə sübut etdilər. Sübut etdilər ki, biz əzəli torpaqlarımızı qan bahasına qorumağa hazırıq. Ölkə Prezidentideyir ki, “biz istədiyimizə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır”. Biz güclü ordumuza, bir də hər kəsin vətən, el-oba sevgisinə, siyasiiqtisadi gücümüzə güvənib ərazi bütövlüyümüzü bərpa edəcəyik.

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan. - 2016.- 3 fevral.- S. 8.