Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla əlaqələrini daha da genişləndirmək niyyətindədir

 

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermişbir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq, ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq ölkə rəhbərləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə hökumətlərarası sənədlər imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfəri də mühüm nəticələrlə yadda qaldı. Prezident İlham Əliyev rəsmi səfəri çərçivəsində Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlət başçısı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bunun da nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bir daha diqqətə çatdırıb. Münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd edib.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşü keçirilib. Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəmizə səfərini xatırladaraq Azərbaycanda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu bildirib. Azərbaycanda I Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bir daha vurğulayıb. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrildiyini deyən dövlətimizin başçısı gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının da beynəlxalq əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, hazırda ölkəmizdə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığımızın daha da genişləndirilməsindən, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə edib. Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılması, eləcə də ölkəmizdə infrastruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Bu sırada “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Sazişi və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiyakommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu misal göstərmək olar. Təqdirəlayiqdir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan BƏƏ Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləməyi davam etdirməkdədir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-BƏƏ arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 4 fevral.-  S.3.