Təvazökarlıq örnəyi

 

Elm xadimləri

 

Akademik Məmməd Arifin ocağında dünyaya göz açan Araz Dadaşzadə bir çoxları kimi, elm dünyasına 20-25 yaşlarında yox, daha erkən qədəm basdı. Az-çox götür-qoy etməyi bacarmağa başladığı illərdən etibarən, birbaşa ailə mühitindən bu əsrarəngiz aləmə düşdü. Bu mənada A.Dadaşzadənin elmi fəaliyyətinin ana məktəbi - M.Arifin ailə məktəbidir. Həmin ailədə gələcəyin görkəmli alimi elmi-nəzəri biliklərə, ədəbi mühitə, həmin mühitin geniş hüdudlarına tədricən vaqif olmağa başladı. Daha sonra universitet illərindəki təhsil və xüsusən Elmlər Akademiyasında fəaliyyəti dövründə qələmi daha da mükəmməlləşdi, ciddi tədqiqatçı vüsəti aldı. Fikrimizcə, məhz M.Arif elmi təfəkkürünün, sanbalının nəticəsidir ki, A.Dadaşzadə ədəbiyyatşünaslıq və tənqid sahəsində heç bir zaman məsuliyyətsiz söz deməmiş, öz tədqiqatçı və ziyalı nüfuzunu qorumuşdur.

Filologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Ensiklopediyasının baş redaktoru (1988-1990) A.Dadaşzadənin ömrü uzun olmamışdır: cəmi 54 il. Lakin, buna baxmayaraq, ədəbiyyatşünaslıq tarixində sözünü deyə bilmişdir. O, XVIII əsr Azərbaycan ədəbiyyatının, ilk növbədə də M.P.Vaqif yaradıcılığının həm dərin bilicisi, həm də tədqiqatçısı idi. Yazdığı monoqrafiya və məqalələr sovet dönəminin məhsulu olsa da, öz obyektivliyi, məsələnin mahiyyətinə nüfuz edilməsi səviyyəsi və tədqiqatın xaraktercə yeniliyinə, inandırıcılığına görə indi də aktuallığını saxlayır. Həmin əsərlər elmi-nəzəri dəyərləndirmə siqləti ilə müasir dövrdə də filoloji fikrimiz üçün əhəmiyyətlidir. Cəsarətlə söyləmək olar ki, alimin “Molla Pənah Vaqif (həyatı və yaradıcılığı)” monoqrafiyası (Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1966) özünün monumentallığı ilə yanaşı, Vaqif irsinin söykəndiyi tarixi qaynaqlar, onun poeziyasının keyfiyyətlərinin təyin edilməsi, mövzu və janr əhatəsi, fərdilik və sənətkarlığın vəhdətinin araşdırılması xüsusiyyətləri baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan mərhum professor Şamil Salmanovun “Unudulmaz ədəbiyyatşünas dost” məqaləsində vurğuladığı fikirlər maraq doğurur: “Görkəmli ədəbiyyat tənqidçisi və tarixçisi F. Köçərli Vaqifi “milli şair” adlandırır, onun poeziyasına “qəlbləri fəth edən heyrət” xas olduğunu göstərirdi. Sonrakı dövrlərdə bu ideyalar milli ədəbiyyatşünaslıqda inkişaf edib daha da dərinləşmişdir. Araz Dadaşzadə bütün bunları “Molla Pənah Vaqif” monoqrafiyasında çox əhatəli şəkildə və dərinliklə əks etdirmişdir. O, bu fikirləri milli ədəbiyyat tarixi konsepsiyasının təşəkkül prosesi ilə əsaslı surətdə ümumiləşdirirdi”.

A.Dadaşzadə yüksək elmi səviyyəyə malik ədəbiyyat tarixçisi olmaqla yanaşı, nəzəriyyəçi istedadına da malik idi. Tədqiqatlarında bədii metod məsələsinə də toxunmağı lazım bilirdi. Alimin qəti fikrinə görə, M.P.Vaqif Azərbaycan ədəbiyyatında realizmin ilk nümayəndəsi olmuşdur. Bu fikrini ümumilikdə XVII-XVIII əsrlər Azərbaycan lirik poeziyasına proyeksiya edərək, onun realist ünsürlərini üzə çıxarmış, elmi qənaətlərini soyuqqanlıqla, məntiqli, inandırıcı şəkildə təsbit etmişdir. O, ədəbiyyatımızın inkişafının müəyyən dövründə romantik poeziyanın tədricən realist müstəviyə keçməsi səbəblərini də izah etmiş, şairlər arasında nəsil dəyişməsi, növbələşməsi kimi mühüm məsələnin incəliklərinə vararaq elmi cəhətdən təqdim etmişdir. A.Dadaşzadə bəzi tədqiqatçıların Vaqif realizmini araşdırarkən məsələnin mahiyyətini sadələşdirməsi, bir növ primitivləşdirməsi ilə razılaşmamış, şairin Azərbaycan ədəbiyyatındakı tarixi missiyasını daha geniş planda təhlil etmişdir. O yazırdı: “Vaqif lirikasının qəhrəmanları canlı, həyati insanlar, gözəllərdir. Onların yeri, ünvanı, milli-sinfi əlamətləri bəllidir. Vaqifin şeirlərindəki real lövhələr təsadüfi hal olmayıb ümumiyyətlə şairin dünyabaxışından, ədəbi-estetik prinsiplərindən doğan bir hadisə idi. Vaqif lirikasının etnoqrafik, məişət konkretliyionun realizmə sövqünə bir sübutdur”.

Alim ustad sənətkarın əsasən lirik şeir ustası olması faktını təsdiq etməklə yanaşı, göstərmişdir ki, şairin realizmi müəyyən mənada “sadəlövh” və “kortəbii” səciyyə daşımışdır, lakin bu amil onun Qasım bəy Zakir kimi qüdrətli qələm ustasının realizminə yol açmasına mane olmamışdır. Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatşünaslığının təməl daşlarını qoyan şəxslərdən biri, professor Əziz Şərif özünün Moskvada, “Voprosı literaturı” jurnalında (1967, ¹ 7) çap edilmişVaqifin yaradıcılığı” məqaləsində A.Dadaşzadənin adı göstərilən monoqrafiyasını nəzərdə tutaraq qeyd edirdi ki, “... bu vaxtadək Vaqifin yaradıcılığını ehtiva edən belə sanballı əsər yazılmamışdır”. Araz müəllimin həm Vaqif haqqındakı monoqrafiyada, həm “XVIII əsr Azərbaycan lirikası” kitabında, həm də müxtəlif məqalələrində böyük diqqət və səriştə ilə işlənmiş çeşidli yaradıcılıq problemləri indinin özündə də ədəbiyyatşünaslıqda bir istinad nöqtəsi kimi qəbul edilir.

A.Dadaşzadə XVI-XIX əsrlər ədəbiyyatının tədqiqatçısı olmaqla yanaşı, öz dövrünün ədəbi-mədəni həyatına da fəal müdaxilə edən tədqiqatçı və tənqidçi olmuşdur. Yeri gəldikcə müasirlərinin, həmyaşıdlarının da bədii yaradıcılığına həssaslıqla yanaşmış, meydana gələn yeni əsərlər haqqında vaxtlı-vaxtında obyektiv məqalələr yazmış, ədəbiyyatın, sənətin təməl prinsiplərinə həmişə sadiq qalmışdır.

A.Dadaşzadə eyni zamanda səliqəli və məsuliyyətli mətnşünas idi. Onun bu keyfiyyətləri hazırladığı bir çox nəşrlərdə də özünü göstərir. Söhbət həm klassik ədəbiyyata, həm də folklora, aşıq sənətinə aid nəşrlərdən gedir. Araz müəllim türkmən şairi Məxdumqulu, Xəstə Qasım, Sarı Aşıq haqqında nəşrlərin hazırlanmasında yaxından iştirak etmiş, “Aşıq Qurbani (55 şeir)”, “Aşıq Abbas Tufarqanlı (72 şeir)” kimi həcmcə böyük olmayan, lakin ədəbi-bədii, həmçinin tarixi cəhətdən mühüm kitabları çapa hazırlamış və onlara ön söz yazmışdır. Bu nəşrlərin işıq üzü gördüyü günlərdən də bir neçə onillik keçməsinə baxmayaraq, onlar qiymətli bir elmi məxəz kimi bizim müraciət obyektimiz olaraq qalmaqdadır.

Görünür, nəşriyyat işinə bir sərraf dəqiqliyi ilə yanaşmasının və zəngin biliyinin nəticəsidir ki, A.Dadaşzadə ömrünün əsas bir hissəsini ilk Azərbaycan Ensiklopediyasının nəşrinə həsr etmişdir. Əvvəlcə - 1966-1968-ci illərdə Ensiklopediyanın Ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuş, daha sonra 1976-cı ildən etibarən orada baş redaktorun birinci müavini vəzifəsində çalışmışdır. Məhz onun yaxından iştirakı və səyi nəticəsində ilk oncildlik universal Azərbaycan Ensiklopediyası (1976-1987) ərsəyə gəlmişdir. Demək olar ki, Ensiklopediyanın hazırlanması ilə bağlı fəaliyyəti onun tale işinə çevrilmişdir. Ona görə də bu nəşr barədə düşündükdə istər-istəməz fədakar ensiklopediyaçı alim A.Dadaşzadəni xatırlayırıq. Qeyd etməliyik ki, onun ömrünün bir çox illəri Ensiklopediyanın ayrı-ayrı cildləri üçün mövzuca müxtəlif saysız-hesabsız məqalələrin çapa hazırlanması ilə bağlı olduqca gərgin, mürəkkəb və məşəqqətli əmək şəraitində keçmişdir. Bu nəşrdə elə bir məqalə yoxdur ki, ona Araz müəllimin redaktor qələmi toxunmasın, onların ensiklopediyanın tələb etdiyi çərçivələrə salınmasında iştirakı olmasın. Əlbəttə, sovet dönəminin qadağa və maneələrinə baxmayaraq, belə bir monumental nəşrin yaranması azman əməyin məhsulu idi. A.Dadaşzadə bəzən ideoloji yasaqları pozaraq, Azərbaycan mədəniyyətinin, mədəniyyət tarixinin nadir hadisələrinin işıqlandırılmasına, hətta həmin dövrdə adının çəkilməsi qadağan edilən görkəmli şəxsiyyətlər haqqında nəşrdə, heç olmazsa, yığcam şəkildə məlumat verilməsinə çalışır və əksər hallarda həmin məqsədə nail olurdu. Bu da onun milli təəssübkeşliyi, vətənçilik hissi, eləcə də elmivicdani obyektivliyi ilə izah edilir.

Bununla belə A.Dadaşzadə heç vaxt özünün böyük zəhmətini qabartmaz, onu özünə xas olan nadir təvazökarlıqla qiymətləndirərdi. Bu isə, şübhəsiz ki, fərdi keyfiyyətlərindən, alicənablığından, elmi təfəkkür tərzinin ucalığından irəli gəlirdi. Əlbəttə, bundan sonra da müxtəlif ensiklopediyalar hazırlanacaq və onlar Azərbaycan elminin, mədəniyyətinin inkişafını lazımi səviyyədə ehtiva edəcəkdir. Lakin oncildlik universal milli Ensiklopediya həmişə bir təməl, özül ensiklopedik nəşr kimi A.Dadaşzadənin həyatı, elmi fəaliyyəti ilə qırılmaz surətdə bağlı olacaqdır.

Araz müəllim qədim dövr, orta və XVIII-XIX əsrlər, o cümlədən yeni dövr ədəbiyyatını dərindən bilən, onun əsl dəyərini verən bir elm və mədəniyyət xadimi idi. Amma eyni zamanda o, bütövlükdə mədəniyyət çevrəsinə, incəsənətə, orada cərəyan edən proseslərə, Vətən tarixi ilə bağlı məqamlara müfəssəl bələd olan bir alim idibütün bunları öz fəaliyyətində bir sistem şəklində inikas etdirirdi.

A.Dadaşzadə son dərəcə ədalətli və obyektiv idi. Saxtakarlıq, ikiüzlülük, yalan onu narahat edərdi. Belə bir ovqat onun müxtəlif mövzularda yazdığı məqalələrə də təsir edər, onların aparıcı xəttinə çevrilərdi. Məsələn, 1984-cü ildə Qasım bəy Zakir haqqında düşüncələrini əks etdirən “Sözün kəsəri” məqaləsini yazır və bu yazının əvvəlində “yubiley məqaləsi” adlı məfhuma öz münasibətini bildirir. Hər məsələdə olduğu kimi, burada da ölçü hissinin zəruriliyini, mütləqliyini vurğulayan A.Dadaşzadə bununla əlaqədar publisist cəsarəti və təəssübkeşliyi ilə qeyd edir: “...Etiraf etməliyəm ki, klassik haqqında yeni söz söyləmək çətindir. Əvvələn, deyəsən, hər şey deyilib. Sonrası isə, ehtiyatlı olmaq lazımdır. Gərək hər kəsin həqiqi xidmətlərini göstərəsən, xələf və sələflərinin xidmətlərindən ayırasan. Hər kəsin öz yeri, öz mövqeyi var, özünəməxsusluğu var. Bəzi yubileylərdə bunu da unudurlar, başqasının xidmətini yazırlar növbəti yubilyarın ayağına”.

Araz müəllimin Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında publisistika, ədəbi əlaqələr, tənqid, tərcümə məsələlərinə dair problemli məruzələri həmişə böyük diqqətlə dinlənilmiş, canlı diskussiya doğurmuşdur.

Ədəbiyyatşünaslıq, ədəbi tənqid A.Dadaşzadənin fəaliyyətinin əsas sahəsi olsa da, işini yalnız bu çevrə ilə məhdudlaşdırmırdı. Yalnız Azərbaycan deyil, bütövlükdə dünya ədəbiyyatını, kinosunu, təsviri sənətini dərindən bilən və qiymətləndirən incə zövqə malik bir insan idi. Ona görə də mütəmadi olaraq yeni filmlərə, teatr tamaşalarına, hətta simfonik konsertlərə dair dəyərli resenziyalarla çıxış edirdi. “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi partladır” filmləri, S.Rəhmanın “Əliqulu evlənir”, “Aşnalar” komediyalarının səhnə təcəssümü və digər sənət hadisələri ilə əlaqədar məqalələri bu qəbildəndir.

Elmi-nəzəri səviyyəsinin dərinliyi və mükəmməlliyi, intellektual dünyagörüşünün əhatəliliyi ona sənətşünaslar, kinomusiqi xadimləri, rəssamlar, xalçaçılarla rahat şəkildə ünsiyyətdə olmaq, sənətin ən mürəkkəb problemləri barəsində fikir mübadiləsi aparmaq imkanı verirdi.

A.Dadaşzadə uzun müddət televiziyada “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” kimi yüksək elmi-estetik səviyyəli verilişlərin aparıcısı olmuşdur. Bu verilişlər ədəbiyyatın, mədəniyyətin xalqla birləşməsi, mədəni maarifçilik işinin yeni mərhələyə keçməsi baxımından olduqca qiymətlidir.

Araz müəllim gənc yaşlarında onlarla hekayə, hətta pyes də yazmışdır. Onların bir qismi “Azərbaycan”, “Kirpi” jurnallarında və digər nəşrlərdə çap olunmuşdur. Özünəməxsus bədii-estetik keyfiyyətlərə malik olmaqla yanaşı, həddindən ziyadə təvazökar, hər şeyi bir sərraf kimi ölçüb-biçən insan idi. Görünür ki, bu amillərə görə bədii yaradıcılıqdan tez uzaqlaşmış, əsasən, ədəbiyyatşünaslıq məsələləri, ədəbi tənqidlə məşğul olmuşdur. Halbuki, əgər o, bir yazıçı kimi fəaliyyətini davam etdirsə idi, yəqin ki, ədəbiyyatşünaslıqda qazandığı uğurları burada da təkrar edə bilərdi.

A.Dadaşzadə həyatdan erkən köçmüş yazıçı A.Zöhrabbəyovun Şirvanşahlar dövlətinin tarixindən bəhs edən romanının motivləri əsasında “Odlar yurdukino ssenarisini də yazmışdı. Təəssüf ki, vaxtilə bu ssenari əsasında filmin çəkilişi baş tutmadı.

“Azərbaycan ədəbiyyatı tarixinin, Azərbaycan Ensiklopediyası və Moskvada nəşr olunan “Qısa ədəbiyyat ensiklopediyası”nın, habelə Moskva M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquzcildlikDünya ədəbiyyatı tarixinin bəzi məqalələrinin müəllifi idi.

Araz müəllimin təbiəti də, ruhu da, səmimiyyəti də gözəl idi. Onun bu keyfiyyətləri xalq şairi Cabir Novruzun “Yaxşıların itkisinə dözə bilmirəm...” məqaləsində (“Arazımız” kitabı, 1997) çox dəqiq göstərilmişdir: “...O, hər bir haqsızlığa, natəmizliyə, laqeydliyə, nadanlığa, xəbisliyə, nə sayım, digər onlarca insani mərəzlərə öz daxilində o saat reaksiya verirdi. Onun bütün aləmi, dünyası daxilində idi. O, heç vaxt, heç zaman öz xeyirxah işlərini reklam etməzdi. Ən ağır, ən çətin vaxtlarda belə daxili zənginliyini hər cürə zahiri təsirlərdən, hücumlardan, həmlələrdən, az qala əlinə qılınc alıb, qoruyub saxlayır, hifz edirdi”.

Araz müəllimin nəcib xarakterini, qayğıkeşliyini mən də ötən əsrin 80-ci illərində görmüşəm. 1986-cı ildə “Şah İsmayıl Xətainin poeziyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Həmin müdafiədə A.Dadaşzadə rəsmi opponentim qismində çıxış edirdi. Müdafiə zamanı o, haqqında yazdığı rəyi kənara qoyub nitq söylədi. Bu, həm Xətai irsini dərindən bilən kamil bir alimin çıxışı idi, həm də qarşısındakı gənc aspiranta hansı şəkildə qayğı, diqqət göstərməyin unudulmaz nümunəsi idi. Əvvəllər də onunla görüşlərim olmuşdu və hər dəfə həmin insanın ensiklopedik biliyinə sözün yaxşı mənasında həsəd aparardım. O, gənc ədəbi-elmi qüvvələrin hansı istedada malik olduğunu dərhal təyin edər və bu istedadın lazımi şəkildə inkişafı üçün özünün qiymətli tövsiyələrini verərdi. A.Dadaşzadənin həmin keyfiyyəti onun yazılarında, çıxışlarında, söhbətlərində də özünü qeyd-şərtsiz göstərərdi.

Yaradıcılıq fəaliyyətinə 20 yaşında - 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində “Tərli kürəklər” filmi haqqında resenziya ilə başlayan və S.Rəhmanın əsərlərinə həsr edilmiş, “Bakinski raboçi” qəzetində çap olunan “Yaramazlığı sarsıdan gülüş” məqaləsi ilə bitirən görkəmli ziyalı heyf ki, sıralarımızı çox tez tərk etdi.

 

Məhərrəm QASIMLI,

professor, əməkdar elm xadimi

 

Azərbaycan. - 2016.- 4 fevral.-  S.7.