Azərbaycanın zəngin təcrübəsi artıq dünyanın öyrəndiyi təkmil modeldir

 

Ölkəmizdə multikulturalizmin və tolerantlığın əsas amili həm də dinlərin qanun qarşısında bərabərliyidir

 

Müasir Azərbaycan Respublikasının qürur mənbəyi hesab ediləcək çoxsaylı nailiyyətlərinin içərisində ölkəmizdə mövcud olan multikultural və tolerant mühit aparıcı yerlərdən birini tutur. Müxtəlif dini və milli mənsubiyyətə malik olan insanlarımızın dinc yanaşı və sülh şəraitində yaşaması, bir-birinin adət-ənənələrinə, inam və əqidələrinə yüksək ehtiramla yanaşmaları xalqımızın əsrlər boyu yaratdığı ən böyük dəyərlərdən biri kimi dünyanın əksər dövlətləri tərəfindən qəbul edilir. Bu fakt beynəlxalq səviyyəli tədbirlərdə tanınmış ictimai-siyasi xadimlər tərəfindən dəfələrlə etiraf edilmişdir. Hal-hazırda multikulturalizmin və tolerantlığın Azərbaycan modeli bir çox xarici ölkələrin müvafiq qurumları tərəfindən tədqiq edilir və onun həmin ölkələrdə tətbiqi imkanları araşdırılır. Fərəh doğuran amil həm də bundan ibarətdir ki, bu gün dünyanın bir çox tanınmış təhsil ocaqlarında bizim bu sahədə təcrübəmiz tədris olunur.

Ölkəmizdə xüsusilə dini vəziyyətlə bağlı yaranmış dayanıqlı sabit vəziyyət bir tərəfdən bütövlükdə xalqımızın tolerant ruhu və İslam dininin bəşəri ideallara hörməti əsasında formalaşmışsa, digər tərəfdən son iyirmi il ərzində həyata keçirilən düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir. Məqsədi ölkə əhalisi arasında ayrı-seçkilik qoyulmadan hər bir kəsin vicdan və dini etiqad azadlığının həyata keçirilməsini real təmin etməkdən ibarət olan bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, hələ 1993-cü ildə özünün ölkə Prezidenti kimi andiçmə mərasimində söylədiyi proqram nitqində deyirdi: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır”. Göstərilən məqsədə çatmaqdan ötrü Azərbaycan dövləti bu gün ulu öndərin kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün bütün leqal imkanlarından bacarıqla istifadə edir.

İstənilən sahədə mütərəqqi dövlət idarəçiliyinin həyata keçirilməsi orada mövcud olan ictimai münasibətlərin hüquqi tənzimlənməsinin uğurundan da xeyli dərəcədə asılıdır. Vicdan və dini etiqad azadlığının təmin olunması kimi önəmli bir sahədə mükəmməl qanunvericilik aktları olmadan səmərəli bir nəticə əldə etmək isə prinsipcə mümkün deyildir. Bu cür azadlıqların təmin edilməsinin konstitusion prinsiplərindən biri dinlərin qanun qarşısında bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu baxımdan milli qanunvericiliyimizin və son dövrlərdə dövlətimizi insan hüquqlarını pozmaqda əsassız olaraq ittiham edən bəzi xarici ölkələrin müvafiq normativ hüquqi aktlarının analoji müddəalarına müqayisəli şəkildə nəzər yetirmək maraqlı nəticələrə gəlməyə imkan verir.

Hər şeydən əvvəl qeyd etmək yerinə düşərdi ki, dini ayrı-seçkilik beynəlxalq hüquq normaları tərəfindən insan hüquq və azadlıqlarının kobud pozuntusu kimi qiymətləndirilir və həmin normalara görə, bütün dövlətlər bu cür hallara qarşı ciddi mübarizə aparmağa borcludurlar. Məsələn, BMT Baş Məclisinin 1981-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə”si “dinə, yaxud əqidəyə əsaslanan və məqsədi, yaxud nəticəsi bərabərlik əsasında insan hüquqlarının və əsas azadlıqların tanınmasını, onlardan istifadə olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, yaxud alçaltmaq olan hər hansı fərqləndirmə, istisna məhdudiyyət, yaxud üstüntutma”nı “dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkilik” hesab edir. Sənəd həmçinin müəyyən edir ki, bütün dövlətlər bu əməllərin “qarşısının alınması və ləğv edilməsi, mülki, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində insan hüquqlarının və əsas azadlıqların tanınması, həyata keçirilməsi üçün təsirli tədbirlər görməlidirlər” (Bəyannamənin 2 və 4-cü maddələri).

Bu məsələyə beynəlxalq və aşağıda görünəcəyi kimi, milli qanunvericiliyin belə diqqət ayırması ilk növbədə onunla bağlıdır ki, hər hansı dinə (dini cərəyana) etiqad edən fərd və ya korporativ qrup onun mənsub olduğu konfessiyaya və digər dinlərə dövlətin münasibətinə kifayət qədər həssaslıqla yanaşır. Bu sahədə dövlətin ən kiçik ayrı-seçkilik siyasəti çox böyük qısqanclıq və narazılıqlara səbəb ola bilər. Bu isə son nəticədə ölkədəki tolerantlıq mühitinə ciddi ziyan gətirə bilər. Son illər bir çox ölkələrdə, o cümlədən ərəb dünyasında baş verən müharibə və hərbi münaqişələrin qızışdırılmasında marağı olan qüvvələr dinlərarası (məzhəblərarası) ayrı-seçkilikdən gen-bol istifadə etmişlər və bunu davam etdirirlər. Buna görə də dinlərarası sülhün bərqərar olmasında əhəmiyyətli amil hesab edilən bütün dinlərə bərabər münasibət və onun normativ hüquqi təminatı dayanıqlı vətəndaş cəmiyyəti qurmağa cəhd göstərən hər bir dövlətin əsas vəzifələrindən biri hesab edilir.

Azərbaycanın çox əhəmiyyətli ticarət və köç yollarının üstündə yerləşməsi və yerli əhalinin son dərəcə qonaqpərvər, sülhsevər və dözümlü olması ona gətirib çıxarmışdır ki, bu diyar əsrlər boyu müxtəlif dini əqidə və cərəyanlara etiqad edən minlərlə insanın yaşayış yerinə çevrilmişdir. Hələ eramızdan əvvəl ölkəmizin ərazisinə başlamış yəhudi köçləri eramızın əvvəllərində kütləvi xristian axını ilə davam etmişdir. Bu proseslər ölkə əhalisinin əsas ehkamlarından biri dözümlülük olan İslamı qəbul etdikdən sonra daha geniş vüsət almışdır. Sonralar, Azərbaycan torpaqları iri imperiyaların tərkibində olan müddət ərzində köç və miqrasiya axınları daha çox həmin imperiyaların irticaçı məqsədlərinə xidmət etmişdir (Məsələn, XIX əsrin birinci yarısında ermənilərin tarixi torpaqlarımızda məskunlaşdırılmasını buna nümunə göstərmək olar). Hər halda, tarixi köç və məskunlaşmanın səbəblərindən asılı olmayaraq, ölkəmizin dini və etnik baxımdan zəngin bir diyar olması gerçəklikdir.

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının konstitusiya layihəsini hazırlayarkən bu reallığı və ölkəmizin çoxkonfessiyalılıq xüsusiyyətini dəqiq qiymətləndirmiş və Əsas Qanunumuza bununla bağlı normaların daxil edilməsini təmin etmişdir. Belə ki, müstəqil dövlətimizin ilk Konstitusiyasına vicdan və dini etiqad azadlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsipləri ilə yanaşı, Azərbaycan dövlətinin “dünyəviliyi” və bunun tərkib hissəsi olan “bütün dini etiqadların qanun qarşısında bərabərliyi” müddəaları da daxil edilmişdir (Konstitusiyanın, müvafiq olaraq, 7-ci maddəsinin və 18-ci maddəsinin I bəndləri). Bu prinsiplər ölkəmizin Əsas Qanununun göstərişlərinin konkretləşdirilməsi məqsədilə qəbul olunmuş bütün qanunvericilik aktlarında gözlənilmiş və dövlət orqanları öz əməli fəaliyyətlərində ona dönmədən əməl edirlər.

Dinlərin qanun qarşısında hüquqi bərabərliyi dövlətin bütün dinlərə və dini qurumlara bərabər yanaşması, onların hamısı üçün eyni qanunvericilik aktlarının mövcud olması, onların leqal statuslarının eyniliyi deməkdir. Bu, konstitusion-hüquqi prinsip kimi özünü ilk növbədə onda göstərir ki, ölkəmizdə heç bir dinə dövlət dini statusu verilməmişdir. Başqa sözlə, Azərbaycan Respublikasında heç bir dinin (dini cərəyanın) digərləri ilə müqayisədə fərqli rəsmi (leqal) statusu müəyyən edilməmişdir. Bütün dini qurumların və dinlərin hüquq və vəzifələrinin bərabərliyi təmin edilmişdir. Bu hüquq və vəzifələr Konstitusiya, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Dini etiqad azadlığı haqqında” qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir. Adıçəkilən aktlarda dini mənsubiyyətə görə hüquq və vəzifələrdə heç bir ayrı-seçkilik nəzərdə tutulmamışdır. Əksinə, bu cür hallara yol verənlər cinayət, inzibati və digər qanunvericilik aktları ilə məsuliyyətə cəlb olunurlar. Dini qurumların yaradılması, dövlət qeydiyyatına alınması, fəaliyyət göstərməsi, idarə edilməsi, onların fəaliyyətinə xitam verilməsi vahid qanunvericilik aktları əsasında həyata keçirilir.

Bu konstitusion prinsipin gözlənilməsini təmin edən və bütün dinlərin qanun qarşısında bərabərliyinin təmin olunmasına yönəldilmiş digər bir müddəa da bundan ibarətdir ki, heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz (“Dini etiqad azadlığı haqqında” qanunun 5-ci maddəsinin 3-cü hissəsi). Bu da, öz növbəsində, dövlətin dünyəviliyinin əsas əlamətlərindən biridir. Həqiqətən də Azərbaycan Respublikasının qanunvericiliyində bu və ya digər dinin, yaxud dini qurumun digərlərinə nisbətən üstünlüyünü və ya onun üçün məhdudiyyət müəyyən edən heç bir normaya rast gəlinmir. Azərbaycan dövləti dünyəvi respublika olduğu üçün heç bir din, o cümlədən respublika vətəndaşlarının əksəriyyətinin etiqad etdiyi İslam dini dövlət dini sayılmır, onu digər dinlərlə müqayisədə üstün vəziyyətdə qoyan heç bir norma müəyyən edilmir (Doğrudur, “Dini etiqad azadlığı haqqında” qanunda müsəlman dini icmaları və onların mərkəzi təşkilatı olan Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı bir neçə norma öz əksini tapmışdır. Lakin bu normalar həmin qurumlar üçün heç bir üstünlük, güzəşt və ya imtiyaz müəyyən etmir. Əksinə, onların üzərinə əlavə öhdəliklər qoyur).

Azərbaycan Respublikasının qanunvericiliyi dinlərin və dini qurumların bərabərliyini təsbit etməklə kifayətlənmir. O, bu prinsipi bütün fiziki şəxslərə də tətbiq edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə görə, hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Bu tələb Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əksini tapmış hamının qanun və məhkəmə qarşısında bərabərliyi, bir sıra digər amillər kimi, həm də dinindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlətin təminat verməsi, habelə insan və vətəndaş hüquqlarının dini əqidəyə görə məhdudlaşdırılmasının qadağan edilməsi prinsipindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinin IV hissəsinin mənasına görə, heç kəsə dini mənsubiyyətinə görə zərər vurula, güzəştlər və ya imtiyazlar verilə, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Dini etiqadından asılı olmayaraq hamının qanun və məhkəmə qarşısında bərabər olması xüsusi qanunvericiliyə aid olan bir çox normativ hüquqi aktlarda da nəzərdə tutulmuşdur. Məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1-ci maddəsində, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 8.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6.1-ci maddəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 11-ci maddəsində, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.9-cu maddəsində və bir çox digər qanunvericilik aktlarında bu barədə göstərişlər yer alıb.

Bu qayda Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə də öz əksini tapmışdır. Məsələn, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 14-cü maddəsinə görə, adıçəkilən sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlardan istifadə dini baxışlara görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Buna bənzər norma Avropa Sosial Xartiyasının “E” maddəsində də nəzərdə tutulmuşdur.

Respublikamızın qanunvericilik aktlarında bu cür bərabərlik prinsipi ilə bağlı pozuntulara yol vermiş şəxslərin məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulmuşdur (Dini mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma Cinayət Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq cinayət əməli hesab olunur və müvafiq məsuliyyətə səbəb olur).

Bir daha təkrar etmək yerinə düşərdi ki, Azərbaycan dövləti bu prinsipi ciddi şəkildə gözləməklə bütün dinlərə, onların tərəfdar və qurumlarına bərabər yanaşmanı təmin edir. Bununla bağlı kütləvi informasiya vasitələrində, o cümlədən “Azərbaycan” qəzetində kifayət qədər geniş faktiki məlumatlar təqdim edildiyi üçün burada ətraflı söhbət açılmır.

İndi isə bizə vaxtaşırı olaraq “demokratiya” dərsi keçməyə uğursuz cəhd göstərən, ölkəmizdə dini azadlığın lazımi səviyyədə olmadığını iddia edən bir sıra Qərb ölkələrinin bu sahədə qanunvericilik təcrübəsini qısaca da olsa nəzərdən keçirək.

Əvvəlcə Harvard Universitetinin obyektivliyi şübhə doğurmayan bəzi statistik araşdırmalarına diqqət yetirək. Dünyaca məşhur olan bu tədris ocağının 2000-ci ildə yaydığı məlumata görə, onların tədqiq etdikləri 188 ölkədən 75-i bu və ya digər dini özlərinin rəsmi dövlət dini elan etmişlər, 72 ölkədə heç bir din bu statusa malik deyil, qalan 41 dövlət isə bu məsələdə “keçid” durumunu yaşayırlar, məsələn, onlarda iki və daha artıq din dövlət statusuna malikdir (Robert J. Barro and Rachel M. McCleary, WhichCountriesHaveStateReligions? Harvard, 2005). Nə deməkdir dövlət dini? Bu dinin xərclərinin önəmli hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Həmin dinə mənsub din xadimlərinin mütləq əksəriyyəti dövlət qulluqçuları statusuna malik olur. Azadlıqdan məhrumetmə yerlərində, müalicə və təhsil müəssisələrində, publik hakimiyyət bölməsinə aid olan digər yerlərdə dini ayin və mərasimlər həmin dinin nümayəndələrinin rəhbərliyi ilə həyata keçirilir. Rəsmi dövlət tədbirlərinə yalnız həmin dinin nümayəndələri dəvət olunur. Bir sözlə, ölkə həyatının bütün sahələrində onun hökmran və aparıcı mövqeyi təmin edilir. Burada diqqəti cəlb edən iki məqama fikir verək. Birincisi, bu və ya digər dini dövlət dini səviyyəsinə qaldıran ölkələrin içərisində az inkişaf etmiş Asiya, Afrika və Latın Amerikası nümayəndələri ilə yanaşı Avropa təmsilçiləri də yer alır və ikincisi, bu hal həmin ölkələrin birbaşa konstitusiyaları ilə təsbit edilir. Örnəklərə baxaq:

“Yevangel Lüteran Kilsəsi Danimarkanın rəsmi dinidir və buna görə də dövlət dəstəyindən istifadə edir”. “Kral Yevangel Lüteran kilsəsinin üzvü olmalıdır”. Kral evinin başçısı həm də dövlət kilsəsinin rəsmi başçısı hesab edilir (Danimarka Krallığı Konstitusiyasının 4 və 6-cı paraqrafları).

“Dövlət onun vətəndaşlarının əhəmiyyətli dərəcədə əksəriyyətinin etiqad etdiyi Müqəddəs Roma Katolik Apostol Kilsəsinin dinin mühafizəçisi kimi xüsusi vəziyyətini qəbul edir” (İrlandiya Konstitusiyasının 44-cü maddəsinin 2-ci bəndi).

“Yevangel Lüteran Kilsəsi dövlət kilsəsidir və buna görə də dövlət dəstəyindən və himayəsindən istifadə edir” (İslandiya Konstitusiyasının 62-ci maddəsi).

Norveç Konstitusiyasının 2-ci maddəsi müəyyən edir ki, Yevangel Lüteran dini Norveçin rəsmi dövlət dinidir. Kilsənin bütün xərcləri dövlət vergiləri hesabına ödənilir (Bu ölkədə 2012-ci ildən kilsə formal olaraq dövlətdən ayrılsa da, kral kilsənin başçısı hesab edilir, dövlət din xadimlərinə əməkhaqqı verir və məbədlərin büdcə hesabına saxlanmasını təmin edir).

Bir çox ölkələr rəsmi dövlət dini ifadəsindən istifadə etməsələr də, ölkənin dinlərindən biri və ya bir neçəsi üçün açıq və ya gizli yollarla xüsusi status müəyyən edir. Məsələn, İspaniya Konstitusiyasının 16-cı maddəsinin 3-cü bəndində qeyd edilir: “Heç bir din dövlət dini hesab edilə bilməz. Hakimiyyət orqanları ispan cəmiyyətinin dini inanclarını nəzərə alır və katolik kilsəsi və digər konfessiyalarla müvafiq əməkdaşlıq münasibətləri saxlayırlar”.

Rəsmən dinin dövlətdən ayrı olduğu İtaliyada ölkə Konstitusiyasının 7-ci maddəsində deyilir: “Dövlət və katolik kilsəsi onlara məxsus olan sahələrdə müstəqil və suverendirlər, onlar arasındakı münasibətlər isə Lateran müqavilələri ilə tənzimlənir”. Katolik kilsəsi ilə imzalanmış Konkordat isə həmin qurumun xüsusi yerini vurğulayaraq bu sözlərlə başlayır: “İtaliya Respublikası, dini mədəniyyətin dəyərini etiraf edərək nəzərə alaraq ki, katolikliyin prinsipləri italyan xalqının tarixi irsidir...”

Finlandiya Konstitusiyasının 83-cü paraqrafı Yevangel Lüteran Kilsəsinin dövlətin siyasətində aparıcı yer tutmasını belə qeyd edir: “Yevangel Lüteran Kilsəsinin təşkili və onun idarə olunması kilsə haqqında qanunla müəyyən edilir”. Eyni zamanda həmin kilsənin statusu ilə bağlı bir çox məsələlər dövlətlə bağlanan xüsusi müqavilələr əsasında tənzimlənir. Dövlət orqanları tərəfindən kilsənin xeyrinə vergi toplanır.

Yunanıstanın 1975-ci il Konstitusiyasının 3-cü maddəsində göstərilir ki, Yunanıstanda hökmran din İsa Məsihin Şərqi-Pravoslav Kilsəsidir. Bu kilsə dövlətin bir çox işlərinə fəal şəkildə müdaxilə edir.

Anqlikan kilsəsinə mənsubiyyəti məcburi hesab edilən Böyük Britaniyanın kraliçası eyni zamanda İngiltərənin həmin kilsəsinin və Şotlandiyanın Presviterian Kilsəsinin rəhbəri sayılır. Həmin kilsənin ali vəzifəli şəxsləri də kraliça tərəfindən vəzifəyə təyin edilir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizəni bütün dünyaya müsəlman-xristian qarşıdurması kimi təqdim etməyə cəhd göstərən bədnam qonşularımız da öz qanunvericilik aktlarında erməni apostol kilsəsini “erməni xalqının milli kilsəsi kimi tanıyaraq” onu həmin “xalqın mənəvi həyatının yaradılmasının və millətin mühafizəsinin vacib dayağı” hesab edirlər (Ermənistanın dünyanın ən monoetnik ölkəsi olmasında bu tipli normalar da az rol oynamamışdır).

Digər qonşularımız Gürcüstan Respublikasının Konstitusiyasının 9-cu maddəsi “gürcü pravoslav kilsəsinin Gürcüstanın tarixində müstəsna rolunu”, Rusiya Federasiyasının “Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanununun preambulası isə “pravoslavlığın Rusiya tarixində xüsusi rolunu” təsbit edir.

Almaniya, Yaponiya və Hindistan kimi ölkələrdə heç bir din ənənəvi, dövlət və ya rəsmi statusa malik olmasa da, hüquq sistemində bir və ya bir neçə dini təşkilata və ya konfessiyaya üstünlük verilməsi ilə bağlı müddəalar yerini tapır. Bu, həmin ölkələrin əksər əhalisinin dinə tarixən sitayiş etmələri ilə bağlıdır.

Təcrübə sübut edir ki, bu və digər dövlət öz qanunvericilik aktlarında hər hansı bir dini (dini cərəyanı) ölkəsinin dövlət (ənənəvi, aparıcı, hökmran və s.) dini səviyyəsinə qaldırmaqla istər-istəməz digər dinlərin qeyri-dövlət, qeyri-ənənəvi və başqa adlar altında iyerarxiyasının yaranmasına səbəb olur. Bu halda ölkədəki digər dinlərin qanun qarşısında bərabərliyinin hətta konstitusion prinsip səviyyəsinə qaldırılması da (dünya ölkələrinin əksəriyyətində bu cür normalar öz əksini tapır) ayrı-seçkiliyi aradan qaldıra bilmir. Hindistanın böyük siyası xadimi və mərhum prezidenti Cəvahirləl Nehrunun haqlı olaraq söylədiyi kimi: “Rəsmi din mütləq şəkildə özünün şəxsi maraqlarını güdən təşkilata çevrilir və beləliklə, onun dəyişiklik və tərəqqiyə qarşı çıxan bir mürtəce qüvvəyə çevrilməsi qaçılmaz olur”. Təəssüf ki, son illərdə, xüsusilə Qərbi Avropa dövlətlərinin xristian təəssübkeşliyinə və islamofobiyaya söykənən davamlı siyasəti bu müdrik sözlərin haqlılığını tamamilə sübut edir. Həmin ölkələrdə adıçəkilən qanunvericilik müddəalarından digər dinlərin əleyhinə gen-bol istifadə edilir. Hal-hazırda Avropa ölkələrinin əksəriyyətində “ənənəniz yoxdur”, “qonaqsınız”, “sayınız azdır”, “oturuşmamısınız”, “aparıcı din deyilsiniz”, “müəyyən edilmiş müddət ötməmişdir” və digər formal-bürokratik əsaslarla azlıqda qalan dinlərin korporativ qurumlarının (ilk növbədə müsəlman dini icmalarının) dövlət qeydiyyatından imtina edilir. Bütün bunlardan sonra bu gün bir sıra Avropa ölkələrini bürümüş antimiqrant, daha doğrusu, antimüsəlman isterikasına təəccüblənməyə dəyərmi? (Belə bir vəziyyətdə ABŞ Dövlət Departamentinin dini azadlıq haqqında ənənəvi illik hesabatlarında dövləti “şeytan əməli”, ələ silah götürməyi isə ən böyük günah hesab edən dini cərəyanların icmalarını müharibə vəziyyətində olan Azərbaycanda dövlət qeydiyyatına alınmasının ləngidilməsini tənqid etməsi heç bir sağlam məntiqə sığmır). Bu da həmin icmalara mənsub olan dindarların öz dini etiqad azadlığını tam həcmdə həyata keçirmələrinə, dövlətin maliyyə dəstəklərindən yararlanmaqlarına, vergi və digər güzəştlərdən istifadə etmələrinə və onların vətəndaş cəmiyyətinə inteqrasiya olmalarına maneçilik törədir.

Ötən əsrin sonları və XXI əsrin əvvəllərində dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər qitəmizin təkcə geosiyasi mənzərəsinə təsir etməmişdir, eyni zamanda kütləvi miqrasiya və inteqrasiya proseslərinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, müxtəlif mədəniyyətlərə, dinlərə məxsus olan milyonlarla insanın bəzən bir dövlətin sərhədləri daxilində yaşaması reallığını ortaya qoymuşdur. Belə bir vəziyyətdə dövlətlərin vicdan və dini etiqad azadlığı ilə bağlı ictimai münasibətləri tənzimləmə vəzifəsini nə dərəcədə çevik və obyektiv gerçəkliyi nəzərə almaqla həyata keçirmələri xeyli dərəcədə önəm daşıyır. Yuxarıda deyilənlər bir daha sübut edir ki, müstəqil Azərbaycan Respublikasının bu sahədə təcrübəsinin yenicə formalaşmasına baxmayaraq, o, dövlət-din münasibətlərinin tənzimlənməsi üçün ən optimal hüquqi modeli seçmiş və yekunda yüzillərlə dövlətçilik ənənələri olan ölkələrlə müqayisədə daha səmərəli nəticələrə nail olmuşdur. Əminik ki, hörmətli Prezident tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu təcrübənin daha da zənginləşməsinə və daha uğurlu nəticələr əldə olunmasına zəmin yaradacaqdır.

 

Simran HƏSƏNOV,

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri,

hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan. - 2016.- 5 fevral.- S.5.