Azərbaycan dünyada müstəqil dövlət kimi uğurlu siyasət aparır

 

Prezident İlham ƏLİYEV: “Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq

 

Azərbaycan son illər özünün inkişaf nümunəsi, eyni zamanda, brendləri ilə dünyada qəbul edilən bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi tanınır. Respublikamız regionun nəqliyyat-logistika mərkəzinə çevrilib, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlayıb, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olub.

Prezident İlham Əliyev bəyan edib ki, “...biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır”. Qarşıda duran strateji vəzifə də Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Azərbaycan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı dünya ölkələrinin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görüb.

Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edir. 2015-ci ildə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bunun nəticəsi olaraq, ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır.

Azərbaycan dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadisiyasi çağırışlara adekvat olaraq islahatları davam etdirir. Qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına baxmayaraq, yola saldığımız 2015-ci ildə dünya iqtisadiyyatının inkişaf templəri azalmışdır. Qlobal böhranın yeni fazasının əsas səciyyəvi cəhətləri dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsidir. Belə bir şəraitdə ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta daxilolmalarının mənbəyi olan xam neftin qiymətinin 3 dəfədən çox azalması, 2000-ci illərin əvvəllərindəki səviyyələrə enməsi ölkənin xarici ticarət balansının müsbət saldosunuvalyuta daxilolmalarının digər mənbələrini kəskin azaltmışdır. Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi neqativ təzyiqlərin yaranması nəzərə alınaraq hökumət obyektiv zərurət kimi ötən ilin fevraldekabr aylarında manatın devalvasiyasını həyata keçirmiş, beləliklə, bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmış və tədiyə balansı tarazlaşdırılmış, digər tərəfdən milli iqtisadiyyatın rəqabətqabiliyyətliyi artırılmışdır.

Azərbaycan dövləti praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

Son illər dünyada cərəyan edən proseslər - yaradılan süni münaqişələr göstərir ki, “soyuq müharibə”nin əsas aktorları nəinki ayrı-ayrı dövlətləri siyasiiqtisadi nüfuz dairəsinə salmaq istəyir, hətta onların Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan qanuni sərhədlərini də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına nail olurlar. Regionda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bir ildə aparılan danışıqlarda da ciddi nəticələr olmadı. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. BMT qərarlarının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması da təsdiqləyir.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bildirib: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır. Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir. Ermənistanın əlbəttə ki, böyük havadarları var idi, bu günvar. Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq”.

Azərbaycanın regionda lider mövqeyini qoruyub saxlaması və bütün sahələrdə davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir. Azərbaycan qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərabərhüquqlu və xoşməramlı əməkdaşlıq etmək istəyən dövlətlərə öz qapılarını açır.

Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır”.

Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını bildirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu güniqtisadisiyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S. 1.