Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir

 

Prezident İlham ƏLİYEV: “2015-ci ildə “Cənub” qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılmışdır”

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci  ilinin yekunlarına həsr olunmuş konfransda “Cənub” qaz dəhlizinin icrası istiqamətində önəmli addımlar atıldığı bir daha vurğulanıb, 2015-ci ilin enerji sektorunda yaddaqalan il olduğu qeyd edilib. Azərbaycanın dünyada güclü tranzit ölkə kimi tanınması istiqamətində əhəmiyyətli irəliləyişlər olduğu bildirilib.

Keçən ilin əvvəlində “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının birinci iclası Bakıda keçirilib. Tədbirdə layihənin icrasında iştirakçı olan ölkələrin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Görüləcək işlərə aid konkret proqram təsdiq olunub və birgə bəyannamə qəbul edilib. Məşvərət Şurasının  iclası çərçivəsində keçirilən bütün tədbirlərdə Azərbaycanın bu layihənin reallaşmasında aparıcı rolu qeyd edilib.

Məlum olduğu kimi, “Cənub” qaz dəhlizi vasitəsilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz nəql ediləcək. Bu dəhliz “Şahdəniz-2”dən əlavə daha 3 layihəni birləşdirir. Belə ki, Bakı yaxınlığındakı Səngəçal qəsəbəsindən başlayan Cənubi  Qafqaz Boru Kəməri (CQBK) Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək qazı Gürcüstan-Türkiyə sərhədinə çatdıracaq. Burada CQBK Transanadolu Qaz Boru Kəmərinə (TANAP) qovuşacaq. Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə qət edən TANAP bu ölkənin Yunanıstanla sərhədində yerləşən Ədirnə vilayətinin İspala qəsəbəsinədək uzanacaq. TANAP-dan sonra qazı dəhlizin sonuncu mühüm seqmenti - Transadriatik Qaz Boru Kəməri (TAP) daşıyacaq. 

TAP öz başlanğıcını Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisindən götürüb Yunanıstan və Albaniyadan keçərək Qərbə doğru - Adriatik dənizinin sahilinə uzanacaq. Kəmərin sualtı hissəsi Albaniyanın Fier şəhəri yaxınlığından başlayacaqAdriatik dənizindən keçərək İtaliyanın Puqliya bölgəsində sahilə çıxacaq. Oradan isə Azərbaycan qazının Qərbi Avropaya nəqli nəzərdə tutulur.

Sözügedən konfransda Prezident İlham Əliyev layihənin əhəmiyyətini bir daha qeyd edərək demişdir: “Cənub” qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. Bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaqdır. İmkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilsin. Bu da həm bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim dayanıqlı inkişafımız daha da möhkəm olacaqdır”.

Dövlət başçısı dəhlizin hər bir layihəsi üzrə işlərin uğurla icra edildiyinibu il əlavə tədbirlər görüləcəyini də bildirib. Ümumiyyətlə, görülən bütün işlər Azərbaycanı dünyada güclü tranzit ölkə kimi tanıdıb. Məsələn, indi Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu yenilik dünya üçün gərəklidir və bunu məhz Azərbaycan yaradıb. Əlverişli biznes mühiti,   sərmayə qoyuluşu ölkəmizi əvəzolunmaz nəqliyyat mərkəzinə çevirib. Təqdirəlayiq haldır ki, keçən ildə də bu istiqamətdə nəzərəçarpan işlər görülüb, önəmli addımlar atılıb. İndi nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlayıb.

Tarixi İpək yolunun ilk dəfə bərpa edilməsi missiyasını da Azərbaycan öz üzərinə götürüb. Bununla yanaşı, ilk dəfə olaraq Avropadan Asiyaya, yəni Ukraynadan Çinə yüklər Azərbaycandan keçməklə daxil olmağa başlayıb. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya GürcüstanRusiya ərazisindən gedən yüklər indi Asiyaya Azərbaycanın ərazisindən, Xəzər dənizi üzərindən keçir.

Bütün bunlar Azərbaycanı dünyada həm etibarlı tərəfdaş, həm də bir çox beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi tanıdıb. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini, “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu, tikilməkdə olan TANAP-ı xatırlatmaq kifayətdir.

Prezident İlham Əliyev bütün bu imkanların Azərbaycan tərəfindən yaradıldığını qeyd edərək demişdir: “Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkə ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub” qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi?”

Azərbaycan dövlətinin bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də gördüyü genişmiqyaslı işlər ilk növbədə xalqın maraqlarına xidmət edir. Bunlar dünyanın enerji təhlükəsizliyinə, ölkələr arasında tranzit məsələlərinə böyük dəstək verməklə yanaşı, Azərbaycan xalqına lazımdır. Başqa sözlə, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı bütün sahələrdə həyata keçirilən çoxşaxəli tədbirlərlə təsdiqlənir. İstər enerji təhlükəsizliyi istiqamətində görülən işlər, istər nəqliyyat infrastrukturunun genişləndirilməsi, istərsə də ixrac marşrutlarının diversifikasiyası Azərbaycanı gücləndirir, Azərbaycan dövlətinin dünyadakı siyasiiqtisadi nüfuzunu artırır.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2016.- 6 fevral.- S. 4.