Rusiya Azərbaycanlı Gənclər Birliyi Moskvada açılan “Foreignerslifeforumunda iştirak edir

 

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) fevralın 5-də Moskvada açılan “Foreignerslifeforumunda iştirak edir.

Forum çərçivəsində keçirilən sərgidə 130-dan çox şirkət məhsul və xidmətlərini nümayiş etdirir. Məqsəd Rusiyada yaşayan əcnəbiləri bu ölkənin həyat tərzi və biznes mühiti, eyni zamanda, rusiyalıları xarici ölkələrin turizm, təhsil, biznes imkanları ilə tanış etməkdir.

RAGB-ın təqdim etdiyi Azərbaycan stendində ölkəmizin turizm potensialı, respublikamızda əcnəbi sərmayədarlar üçün yaradılan imkanlar, mədəni və ədəbi mühiti barədə məlumat verən bukletlər, “Baku” və “AMOR” jurnallarının müxtəlif nömrələri təqdim olunub. Milli geyimdə olan azərbaycanlı gənclərin stenddə nümayiş etdirilən çalğı alətlərimiz, qədim məişət əşyaları, əl xalçaları barədə ətraflı məlumatları əcnəbilərdə böyük maraq doğurub. RAGB fəalları Azərbaycanın geniş turizm imkanları, “Bakı-2015” ilk Avropa Oyunları, habelə “Formula-1” Avropa Qran-pri yarışları barədə də ziyarətçilərə məlumat veriblər. Forum çərçivəsində Azərbaycan rəqsləri mövzusunda ustad dərslərinin təşkili də nəzərdə tutulub.

Tədbirdə iştirak edən Avropa Şurası Parlament Assambleyasının, həmçinin ATƏT Parlament Assambleyasının üzvü Tierri Mariani RAGB stendi ilə yaxından tanış olub. O, Azərbaycan ilə Fransa arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrimizin iqtisadi və mədəni əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Fevralın 7-dək davam edəcək forumda aktual mövzulara həsr olunmuş konfransların, ustad dərslərinin və digər tədbirlərin keçiriləcəyi gözlənilir.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.-6 fevral.- S. 7.