Muzey ekspozisiyası Stalinqrad uğrunda döyüşən azərbaycanlılara həsr edilib

 

Volqoqradda Stalinqrad döyüşündə iştirak edən azərbaycanlılara həsr olunmuş muzey ekspozisiyası açılıb. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) mətbuat xidmətindən bildiriblər ki, ekspozisiyanın stendlərində silahlar, hərbi biletlər, şinellər və cəbhədən məktublar təqdim edilib.

Qəhrəman azərbaycanlıların adlarını həm vətəndə, həm də Rusiyada xatırlayır və ehtiramla yad edirlər. Amma sərgidə nümayiş etdirilənlər onların hər gün döyüş meydanlarında göstərdikləri, barəsində mahnılar qoşulmayan, amma gələcək nəsillərin mütləq  bilməli olduqları igidliklərinin şahididir.

Stenddə qarabuğdayı oğlanın fotoşəkli asılıb. Fətulla Həmidov cəbhəyə 16 yaşında gedib. Gedən kimiStalinqrad cəbhəsinə göndərilib. DİN veteranı, milis mayoru Əli Həmidov kədər hissi ilə bildirir ki,  atası nəvələrini görmədən dünyadan köçüb: cəbhədə aldığı yaralar aman verməyib. Gənc döyüşçü ilk dəfə elə Stalinqrad ətrafında yaralanıb və “Şöhrət” ordeninə layiq görülüb. Mükafat vərəqəsində yazılıb: “Yoldaş Həmidovun pulemyotu düşmənin başına ölüm ələyirdi. O, cinahda yer tutaraq  pulemyot atəşi ilə birinci atıcı bölüyün həmləsini qoruyur, onun irəliləməsinə şərait yaradırdı”.

General Rodenburqun qənimət götürülən zabit kortiki gənc nəslə xatırladır ki, “Ölüm sarayı”nda saxlanılan uşaqları azad edən qrupa rəhbərlik etmiş böyük leytenant Həmzə Sadıqov daha sonra alman generalının əsir alınmasında iştirak edib.

Azərbaycan xalqının qəhrəmanlıq nümunələrinin sayı-hesabı yoxdur. RADM direktorunun müavini Denis Yakimenko bildirib ki, Azərbaycandan olan  20 yaşlı leytenant Mixail Kabribovun başçılığı ilə özbək və qazaxlardan ibarət taqım yüksəklikləri ələ keçirib müdafiə etməklə misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərib. Ekspert deyib: “Düşmənin atəş nöqtəsini susduran əsgərlər yüksəkliyi ələ keçirəndə cəmi 11 nəfər qalmışdı. M.Kabribovun dəstəsi sonuncu gülləsinədək vuruşdu. Sonra düşmənin üstünə atılaraq əlbəyaxa döyüşə keçdi. Onlar atəşi özlərinə yönəldən zaman sovet hissələri güc toplayaraq düşmən üzərinə hücuma keçdi. Vaxtilə adsız olan bu yüksəkliyi hazırda  Şərqin On Bir Qəhrəmanı Yüksəkliyi kimi tanıyırlar. Hər il onların məzarlarını gül-çiçəyə qərq edirlər”.

Stalinqrad döyüşü” Dövlət Tarix-Memorial Muzey-Qoruğunun  ekspozisiya-sərgi şöbəsinin müdiri Svetlana Arzastsevanın sözlərinə görə, heç bir muzey bəşəri yaddaşı əhatə etmək iqtidarında deyil, axı hazırda bütün şəhər bu qələbənin nəyin bahasına qazanılmasının şahidi olan insan yaddaşının qaynağıdır.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev xatırladır: Nə qədər ki, insanlar əcdadlarının igidliyi barədə xatirəni qayğı ilə hifz edir, ölkənin həqiqi tarixi yaşayacaq, Rusiya və Azərbaycan xalqlarının qardaşlığı yaşayacaq. Bu gün ümumi rəşadət barədə xatirəni hifz etmək və qardaş xalq ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün çox işlər görülür.

“İngiloylar-Erlər İttifaqı” İctimai Xeyriyyə Təşkilatının sədri Rostom Şapiaşvili deyib: “Stalinqrad ətrafında gedən qanlı-qadalı döyüşlərdə xeyli azərbaycanlı iştirak edib, kimsə əbədi olaraq Volqoqrad torpağında qalıb. Biz hər vəchlə çalışırıq ki, böyüməkdə olan nəsil bu rəşadəti, Sovet İttifaqı tərkibində yaşadığımız o şanlı illəri unutmasın. Ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi üçün üfüqi münasibətlərə böyük diqqət yetirilməlidir. SSRİ-də ənənəvi olaraq respublikaların illəri keçirilirdi. Yaxşı olardı, bu ənənə dirçəldilsin, məsələn, Rusiyada Azərbaycan kinosu dekadası, Azərbaycanda isə Rusiya kinosu günləri keçirilsin”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Volqoqrad regional bölməsinin idarə heyətinin sədri Teymur Həsənovun atası da Stalinqrad ətrafında döyüşüb. Buna görə də azərbaycanlıların rəşadəti haqqında xatirənin qorunub saxlanılması məsələsi onun üçün böyük əhəmiyyət daşıyır. T.Həsənov qeyd edir ki, xalqlar arasında qardaşlıq münasibətlərini qoruyub saxlamaq və möhkəmləndirmək üçün yeni nəslin tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

           

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2016.- 6 fevral.- S. 7.