80 yaşlı cavan

 

Fərman Bağırovun fotojurnalistika ilə məşğul olduğu illərin sayı onun çalışdığı, Fotoillüstrasiya şöbəsinin müdiri olduğu “Azərbaycan” qəzetindəki yoldaşlarının əksəriyyətinin yaşından çoxdur. Fotoaparatı çiyninə alıb redaksiyanın dəhlizi ilə rəsmi tədbirlərdən, istehsalatdan, yaxud elm, mədəniyyət ocaqlarından çəkilişlər etməyə tələsəndə, sonra da tapşırığı yüksək səviyyədə və cavanlıq cəldliyi ilə operativ yerinə yetirəndə ona ancaq yaxşı mənada qibtə etmək olar.

Fərman Bağırovun əslində neçə yaşı olduğunu bilməyənlər həmin rəqəmi eşidəndə onlarla zarafat edildiyini düşünürlər. Fərman müəllimin özü isə “İnsanın yaşını bilmək üçün onun şəxsiyyət vəsiqəsinə deyil, ürəyinə baxmaq lazımdır” deyir. 61 ildir fotoaparatın obyektivinə aldığı anlar şəkillərə çevrilib bir-birinə calandıqca xalqın tarixinin böyük bir dövrünün salnaməsini yaradır.

Foto ilə yeniyetməlik çağından maraqlanmağa başlayıb. Ordu sıralarında xidmətini başa çatdırandan sonra gənc Fərmanın fotoya marağı o dövrdə Azərbaycanın ən nüfuzlu mətbu orqanı olanKommunist” qəzetinin redaksiya heyətinin diqqətini cəlb edib. Lakin o zaman həmin qəzetdə fotoillüstrasiya ilə məşğul olanlar qeyri-millətlərin nümayəndələri idilər. “Kommunist” Mərkəzi Komitənin orqanı olduğundan qəzetə əlavə ştatın verilməsi də orada müəyyənləşdirilirdi. Odur ki, Fərman Bağırovu fotomüxbir kimi bir müddət ştata götürmək mümkün olmayıb. Lakin o, ruhdan düşməyərək qəzet üçün maraqlı-məzmunlu fotolar çəkməkdə davam edib. Çox keçmədən ştatdakı “qeyri”lərindən daha yaxşı şəkil çəkdiyinə görə işə götürürlər.

Bəlkə bu da bir taledir ki, Fərman Bağırov həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın ən aparıcı mətbu orqanlarında çalışıb. Onun mövzu dairəsi olduqca genişdir. Fərman Bağırov indiyədək tarlalardan və zəmilərdən, mədənlərdən və zavodlardan, təyyarədən və gəmidən, metro tikintisi işıqlandırılarkən isə hətta yerin altından fotolar çəkib. Onun əsl yaradıcı insan olduğunu təbiəti və müasirlərini əks etdirən fotolardan da aydın görmək mümkündür.

Fərman Bağırovun fotoobyektivindən rast gəldiyi çatışmazlıqlar, neqativ hallar da heç vaxt yayına bilməz. Təsadüfi deyil ki, saysız-hesabsız fotoittihamlar müəllifini hamı prinsipial və ədalətli jurnalist kimi tanıyır. “Mənim üçün ən böyük məsuliyyət və qürur isə dövlət tədbirlərindən, yüksək səviyyədə keçirilən görüşlərdən, beynəlxalq simpoziumkonfranslardan fotolar çəkməkdir”, - deyir.

Bir müxbir kimi Fərman Bağırova dəfələrlə ümummilli lider Heydər Əliyevin iştirak etdiyi tədbirlərdən fotolar çəkmək xoşbəxtliyi nəsib olub. Həmin kadrları fotomüxbir tarixin mühüm anları kimi qoruyub saxlayır və onlardan zaman-zaman yeni nəsillər istifadə edir. Bu fotolar ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrə aiddir. Bir dəst şəkil isə ümummilli liderin artıq Moskvada, SSRİ rəhbərliyində aparıcı vəzifələrdən birini tutduğu vaxtı əks etdirir. Bu şəkillər 1983-cü ildə çəkilib. O zaman Heydər Əliyev Moskvadan Bakıya, burada keçirilən beynəlxalq tədbirdə iştirak etməyə gəlmişdi. Əslində bu, ulu öndərin doğma xalqı ilə növbəti görüşü üçün bir fürsət idi. AMEA-nın Əlyazmalar İnstitutunun qarşısında xalqın öz rəhbəri ilə olduqca səmimi və isti görüşləri Fərman müəllimin əməyi sayəsində fotoda əbədiləşərək tarixə çevrilib.

1994-cü ilin narahat və təlaşlı bir payız axşamında, Azərbaycanda dövlət çevrilişinə cəhd göstəriləndə xalq ümummilli lider Heydər Əliyevin çağırışına cavab verərək bir izdiham dənizində birləşmişdi. Fərman Bağırov da orada idi. Fotoaparatı ilə birlikdə...

Maraqlıdır ki, özünün fəaliyyətinin az qala hər günü ilə bağlı Fərman müəllimin bir xatirəsi var.

...1990-cı ilin 19 yanvar axşamında - topa-tüfəngə rəvac verildiyi andan üç-dörd saat əvvəl Bakının Salyan kazarması adlanan yerində toplaşmış izdihamı yararaq əlində fotoaparat bir nəfər irəliyə doğru addımlayırdı. Birdən fotoaparatına əl toxunduğunu gördübunun ardınca izdihamdan bir səs gəldi:

- Yoxsa sənə də deyiblər ki, biz ekstremistlərik?

Bunu deyən kəsin səsində sanki qəzəblə kədər birləşmişdi. Fotoaparatlı adam baş verən olayları olduğu kimi dərk edərək təmkinini pozmamağa çalışdı. Bununla belə, dilindən qeyri-ixtiyari bu sözlər də qopdu:

- Mənə heç kim heç nə deməyib. Mən tarix üçün çəkirəm!..

O narahat axşamın qanlı gecəsinin matəmli səhərində də Fərman Bağırov evindən qəlbinin hökmü, vicdanının səsi, ömrünü həsr etdiyi peşəsinin tələbi ilə çıxdı. Ona redaksiyadan heç tapşırıq verməmişdilər. Çünki həmin il məzuniyyəti qışa düşmüşdü...

Cəlladlar gecə törətdikləri faciədən “doymayıb” hərdən yenə də atəş açırdılar. Fərman bu dəfə bilərəkdən kiçik fotoaparat götürmüşonu pencəyinin qoltuğunda gizlətmişdi. Şəhər boyu irəliləyir və gördüklərini xəlvətcə çəkməyə çalışırdı ki, hərbçilərin diqqətini cəlb etməsin. Amma onu artıq izləyirdilər. Fərman tezcə daha bir kadr çəkib guya hara isə tələsirmiş kimi qarşıdakı iki yaşayış binasının arasından keçərək gözdən itdi. Hərbçilər ona atəş açmağa macal tapmamışdılar. Amma Fərman nədənsə kürəyində bir gizilti hiss etdi.

Bütün bunlara baxmayaraq, Fərman Bağırov ertəsi gün də çiynində fotoaparat Bakının küçələrindən çəkilmədi. Yalnız bir neçə gündən sonra yadına düşdü ki, yanvarın 21-də ömrünün növbəti - 55-ci pilləsinə qədəm qoyub...

Deməli, həyatı yaşının 54-cü ilinin son günündə qırıla bilərmiş. Amma ömür payı da hər kəsə Tanrı tərəfindən verilir.

Bu gün Fərman müəllim ölkənin fotojurnalistika sahəsində fəaliyyət göstərən ən tanınmış, təcrübəli sənətkarlarındandır. Bu zəngin səriştəni həmkarımız ömrü boyu zəhmətlə, damla-damla, qətrə-qətrə qazanıb. Yeri gəlmişkən qeyd edək ki, o, sevimli işindən ayrılmadan Azərbaycan Dövlət Universitetinin (indi BDU) Jurnalistika fakültəsini bitirib. Sonralar hətta bir müddət həmin fakültədə foto sənətkarlığından dərs verib. Cavan həmkarları ondan həmişə peşəkarlığın sirlərini öyrənirlər.

Fərman Bağırov Azərbaycanda və onun hüdudlarından kənarda bir çox fotosərgilərdə iştirak edibbirinci dərəcəli diplomlara layiq görülüb. 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanını alıb. Jurnalistikamız qarşısındakı xidmətləri 1989-cu ildə “Əməkdar mədəniyyət işçisi” adı, 2005-ci ildə “Tərəqqi” medalı ilə qiymətləndirilib.

Təcrübəli fotojurnalist bu günyorulmadan çalışır. İndi qəzetin gündəlik nömrələri üçün materiallar hazırlamaqla yanaşı, ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotoalbomunu nəşrə hazırlayır.

İllər ötüb yaş üstə yaş gəlsə də, ağsaqqal həmkarımız öz çiynini fotoaparatın “ağır”lığından azad etmək istəmir. Səhərlər həvəslə işə, Milli Məclisin iclaslarından, digər mühüm tədbirlərdən çəkilişlər etməyə, axşamlar isə Prezident İlham Əliyevin jurnalistlər üçün tikdirdiyi evdəki geniş mənzilinə tələsir. Yeri gəlmişkən, Fərman Bağırov öz həyat yoldaşı, jurnalist Zümrüd xanıma da sənət yollarında rast gəlib və ömür yollarını birləşdiriblər. Üç övlad böyüdüb, beş nəvə sahibi olublar. Hazırda isə üç nəticənin ilk kəlmələrinə, ilk addımlarına sevinirlər.

“Azərbaycan”çılar 80 yaşını tamamlayan, ömrünün 81-ci baharı astanasında xoşbəxt duyğularla yaşayan ağsaqqal həmkarlarına sağlam həyat, yeni sevincuğurlar arzulayırlar.

 

Azərbaycan. - 2016.- 7 fevral.-  S.6.