“Azərişıq” ASC regionları da nura qərq edir

 

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir. Belə ki, son on ildə ölkəmiz elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Ölkəmizdə aparılan düzgün siyasi və iqtisadi strategiyanın nəticəsidir ki, dünyada və regionda baş verən iqtisadi, sosial, humanitar böhranlara baxmayaraq, ölkəmiz az itkilərlə bu problemlərdən xilas ola bilib. Yeni iqtisadi reallıq, qloballaşan dünyanın yeni çağırışları ölkə başçısının səyləri nəticəsində Azərbaycanda düzgün istiqamətləndirilib və artıq beynəlxalq təsisatlar tərəfindən etiraf edilib.

“Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə bütün regionları əhatə edən 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir.

Hazırda ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir. İlkin olaraq ölkə üzrə komplekt transformator məntəqələri (KTM) quraşdırılır ki, onlar həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş və texniki parametrlərini itirmiş alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) dəyişdirilir. Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq elektrik enerjisi itkilərinin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. Yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri yaradılır. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, dayaqlar arasında olan məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Coğrafi və iqlim şəraiti nəzərə alınaraq KTM-lərin quraşdırılmasında optimal qərar qəbul olunur. Xüsusi rütubətli ərazilərdə vaqon tipli məntəqələrdən imtina edilərək məxsusi daş binalar tikilir. Bu da güc mərkəzlərinin ömrünü uzatmış olur və keyfiyyətə xidmət edir. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.

2015-ci ildə Gədəbəy rayonunda 110/35/10 kV-luq 25+16 MVA gücündə “Gədəbəy”, Şəki rayonunda 110/35/10 kV-luq 5,6 MVA gücündə “Göynük”, Sumqayıt və Gəncə şəhərində, eləcə də Xaçmaz, Quba, Şabran, Qəbələ, Sabirabad, Goranboy, Daşkəsən və Abşeron rayonlarında 18 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilərək istismara verilmişdir. Keçən müddət ərzində regionlarda 63,8 km 110 kV-luq hava xətləri, 188,2 km 35 kV-luq kabel və 525,5 km hava xətləri, 142,5 km 6-10 kV-luq kabel və 2093,7 km hava xətləri, 149,7 km 0,4 kV-luq kabel və 1799,7 km hava xətləri, 1962,4 km ÖİN çəkilmiş, 1144 ədəd KTM quraşdırılmış, 2 ədəd TM əsaslı təmir edilmişdir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Azərişıq” ASC tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, Xəzər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-2”, Nəsimi rayonunda 86 və 87 saylı, Nərimanov rayonunda 219 və 221 saylı 35 kV-luq yarımstansiyalar tikilmişdir. Şəhər və qəsəbələrdə 17 ədəd TM tikilmiş və elektrik avadanlıqları quraşdırılmışdır, 36 ədəd TM təmir olunmuş, 112 ədəd KTM quraşdırılmışdır. Hesabat dövründə 20,8 km 110 kV-luq kabel və 0,8 km hava xətləri, 242,5 km 35 kV-luq kabel və 16,1 km hava xətləri, 532,5 km 6-10 kV-luq kabel və 71,0 km hava xətləri, 366,2 km 0,4 kV-luq kabel və 352 km ÖİN xətləri çəkilmişdir.

2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının uğurla keçirilməsi üçün “Azərişıq” ASC üzrə xüsusi tədbirlər planı hazırlanmış, hər bir əməkdaşla xüsusi hazırlıq işləri aparılmış, texniki personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və gözlənilməz hadisələrin operativ aradan qaldırılması məqsədilə proqramlaşdırılmış treninqlər təşkil olunmuş, dəfələrlə yoxlama-sınaq işləri aparılaraq 24 saatlıq növbətçilik rejimi yaradılmışdır.

I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanların, xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, Üzgüçülük Hovuzunun, Mingəçevir şəhərindəki idman obyektlərinin, idmançıların və qonaqların yerləşəcəyi çoxsaylı hotellərin, onların istirahəti üçün nəzərdə tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin, İçərişəhər Dövlət Qoruğunun ərazisindəki infrastrukturların, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunmuşdur.

Ümumilikdə 2015-ci il ərzində “Azərişıq” ASC tərəfindən 3 ədəd 110 kV-luq və 22 ədəd 35 kV-luq yarımstansiya, 2 ədəd PQ və 17 ədəd TM tikilmiş, 38 ədəd TM təmir olunmuş, 1256 ədəd KTM quraşdırılmışdır. Hesabat dövründə 20,8 km 110 kV-luq kabel və 64,6 km hava xətləri, 430,7 km 35 kV-luq kabel və 541,6 km hava xətləri, 675,0 km 6-10 kV-luq kabel və 2164,7 km hava xətləri, 515,9 km 0,4 kV-luq kabel və 1799,7 km hava xətləri, 2314,4 km ÖİN xətləri çəkilmiş, 98223 ədəd dayaq basdırılmışdır. Həmçinin ötən dövr ərzində 400,5 km 110 kV-luq, 2320,3 km 35 kV-luq, 21653 km 10-6 kV-luq, 1844,6 km 0,4 kV-luq hava xətlərində əsaslı, 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7746 ədəd 10-6 kV-luq yarımstansiyalarda təmir işləri aparılmışdır.

Bu müddət ərzində əhali və qeyri-əhali istehlakçılara 184 217 ədəd sayğac quraşdırılmış və ya dəyişdirilmişdir ki, onlardan 14158 ədəd SMS tipli müasir sayğaclardır.

Abunəçilərin istehlak etdiyi enerji haqlarının ödənilməsi internet resurslarından istifadə etməklə, bank və poçt vasitəsi ilə, həmçinin “APUS”, “Paypoint” və digər ödəniş növləri vasitələri ilə həyata keçirilir. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması məqsədilə telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” ilə xəbərdarlıq sistemləri qurularaq tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində 2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3 faiz, regional elektrik şəbəkələri üzrə isə 86,6 faiz yığıma nail olunmuşdur.

“Azərişıq” ASC-nin Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən “SCADA” sistemi fəaliyyətdədir və “SCADA” sistemi vasitəsilə elektrik şəbəkəsində qurulan 32 ədəd yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir. Dairəvi sxemə daxil olan yarımstansiyaların məsafədən idarə edilməsini həyata keçirmək məqsədilə optik kabel çəkilərək istismara verilmişdir. Payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində şəbəkələrdə müvafiq tədbirlər həyata keçirilmişdir. Elektrik şəbəkəsinin daimi sabit işlək vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq cari təmir və profilaktik işləri görülmüşdür.

Bakı şəhərində və regionlarda 17 yeni ofis binaları tikilmiş, 2 rayonda olan köhnə binalar əsaslı təmir olunmuşdur. Yeni ofislərdə işçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait və iş otaqları, mebel dəstləri, kompüter texnikası və internetlə təmin edilib. Fəaliyyət otaqlarından başqa, burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib.

Bütün bunlarla yanaşı, “Azərişıq” ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi davam etdirilir. Kadr hazırlığında görülən işlərin davamı olaraq bu ilin ilk ayından başlayaraq treninqlər təşkil edilib. Treninqlər il boyu müxtəlif istiqamətlərdə aparılır. Bunun üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzi fəaliyyət göstərir. Tədris Mərkəzində yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Bizim məqsədimiz cəmiyyətimiz üçün təcrübəli və yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.

Elektrik enerjisi haqlarının ödənilməsində köhnə stereotiplərin aradan qaldırılması istiqamətində də “Azərişıq” ASC tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimində də ödəmə aparıla bilər.

Artıq bir ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir.

“ASAN xidmət” mərkəzlərində abunəçilərimiz:

- Borcun olmamasına dair arayışın verilməsi

- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi

- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması

- Qeyri-əhali üzrə texniki şərtlərə dair müraciətlərin qəbulu

- Borcun araşdırılması xidmətlərindən yararlana bilirlər.

“Azərişıq” ASC “ASAN xidmət” mərkəzlərindəki xidmətlərinin sayını artıraraq Sumqayıt, Bərdə, Sabirabad və Gəncə “ASAN xidmət” mərkəzlərində də fəaliyyətini davam etdirir.

Bu yaxınlarda “Azərişıq” ASC-də 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair departament direktorları, idarə və şöbə rəisləri, habelə regional enerji təchizatı və satışı idarələri və onların strukturuna daxil olan rayon (şəhər) elektrik şəbəkələri rəislərinin iştirakı ilə geniş toplantı keçirdik. Toplantıda 2015-ci il ərzində görülən quruculuq işlərindən danışıldı, 2016-cı ildə qarşıda duran vəzifələr və konkret görüləcək işlər ətraflı müzakirə olundu. Qeyd edim ki, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

Əminliklə deyə bilərik ki, bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. Ölkəmizin bütün istehlakçılarının fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirdiyimiz tədbirlər 2016-cı ildə də uğurla davam etdiriləcəkdir.

 

Baba RZAYEV,

“Azərişıq” ASC-nin sədri

 

Azərbaycan. - 2016.- 10 fevral.- S.5.