Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir

12 Fevral 2016

 

Bu gün Münxen təhlükəsizlik konfransı öz işinə başlayır

 

Münxen təhlükəsizlik konfransı son onilliklər ərzində dünyanın siyasi liderlərinin bir araya gəlməsi ilə baş tutan əsas təhlükəsizlik siyasəti tədbirlərindən biridir. Konfransın əsası 1962-ci ildə alman naşiri Evald-Henrix fon Kleyst-Şmentsin tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub. Tədbirə əasən hərbi-sənaye kompleksinin təmsilçiləri toplanırdılar.

Əvvəllər bu tədbir qapalı keçirilirdi. Keçən əsrin 90-cı illərindən etibarən isə Münxen konfransına dünyanın bütün regionlarından nümayəndələrin iştirakına imkan yaradılıb. Hazırda Münxen təhlükəsizlik konfransı dünyanın bir çox ölkəsindən siyasətçiləri, diplomatları, hərbçiləri, adamlarını, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur. Hər il ölkə başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasi xadimlərin iştirak etdiyi bu konfransda müxtəlif sahələri əhatə edən təhlükəsizlik məsələləri, gələcəkdə baş verməsi ehtimal olunan problemlərdən çıxış yolları geniş müzakirə olunur. Tədbirdə çoxlu sayda jurnalistiştirak edir.

Bu gün növbəti ənənəvi Münxen beynəlxalq konfransı öz işinə başlayır. Konfransın sədri Volfqanq İşingerin sözlərinə görə, fevralın 14-dək davam edəcək sayca 52-ci konfransın gündəliyindəki əsas mövzu Suriyadakı vəziyyət olacaq. Suriya böhranı Münxen konfransı ərəfəsində Bavariyada təxminən 20 dövlətin nümayəndələrinin “Vyana formatlı” görüşündə də müzakirə ediləcək. Görüşün əsas məqsədi Cenevrədə Suriyaarası danışıqlara təkan verməkdir. Münxendə həmçinin miqrantAvropa təhlükəsizlik nizamının böhranı məsələləri müzakirə ediləcək.

Təhlükəsizlik məsələlərinə həsr edilmiş bu genişmiqyaslı qeyri-rəsmi konfransda iştirak etmək üçün 30-dan çox ölkənin dövlət və hökumət başçıları, təqribən 60 nəfər xarici işlər və müdafiə naziri Bavariyaya gələcək. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Bu barədə məlumatı xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, konfransda enerji məsələləri ilə bağlı təşkil olunacaq paneldə Prezident İlham Əliyevin çıxışı nəzərdə tutulur.

Qeyd edək ki, enerji təhlükəsizliyi Münxen təhlükəsizlik konfransı çərçivəsində müzakirə olunan məsələlərin sırasına 2013-cü ildən salınıb. Bu da onu göstərir ki, enerji təhlükəsizliyi bu gün Avropanı narahat edən ən aktual problemlərdən biridir. Bu mənada hələ ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi 51-ci Münxen təhlükəsizlik konfransı ölkəmiz üçün aktual məqamlarla yadda qaldı. Belə ki, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa” Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu bir daha nümayiş etdirmişdi. “Enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır” - deyən Prezident İlham Əliyev “dəyirmi masada çıxışında Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, təbii qazın istehlakçılara çatdırılması üçün nəql marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, həmçinin bu məsələdə Avropa dövlətlərinin üzərinə düşən vəzifələri bir daha onların diqqətinə çatdırdı.

Münxen təhlükəsizlik konfransının builki toplantısı da maraqlı məqamlarla yadda qalacaq. Çünki hər bir dövlətin hazırda aktual olan geosiyasi məsələlərə münasibəti mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın enerji təhlükəsizliyi, enerji daşıyıcılarının şaxələndirilməsi və digər bu kimi məsələlərlə bağlı mövqeyi Avropa və bütövlukdə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 12 fevral.- S. 2.