ATƏT PA-nın baş katibi Milli Məclis sədrinin müavininə təşəkkür məktubu ünvanlayıb

 

Bu günlərdə ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montella Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri, parlament sədrinin müavini Bahar Muradovaya təşəkkür məktubu ünvanlayıb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda R.Montella onun təşkilatda baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrikə görə minnətdarlıq bildirir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağını ifadə edir.

Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycan ilə əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini diqqətə çatdırır.

Təşəkkür məktubunda bildirilir ki, təşkilatın sədri İlkka Kanevra tərəfindən bu yaxınlarda Kristian Vigenin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Baş katib yeni nümayəndənin region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcəyinə və bu işi daha da canlandıracağına əminliyini ifadə edir.

 

Azərbaycan. - 2016.- 12 fevral.- S. 2.