Elm və təhsilin vəhdəti insan kapitalının əsasıdır

 

“Azərbaycanda təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır”.

İlham ƏLİYEV

 

Müasir dövrdə elmi-intellektual potensial ölkəmizin mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Son illər Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi islahatların davamlılığını təmin etmişdir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar, eyni zamanda ölkədə müasir biliklərin, texnologiyaların tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir.

Elm və təhsil bu gün təkcə cəmiyyətin mədəni inkişafına, insanların həyat şəraitinin, maddi-rifah halının yaxşılaşmasına xidmət etmir, həm də qədim dövrlərdən bəri ictimai təsisatların aradan qaldırmağa çalışdığı mənfi tendensiyaların, ibtidai təfəkkür aktlarının, demək olar ki, heç bir inzibati müdaxilə olmadan önlənməsinə şərait yaradır. Elmin, təhsilin hər kəsə məlum olan nailiyyətlərini hələ bir kənara qoyaq, faktlar sübut edir ki, elm-təhsil səviyyəsi yüksək olan ölkələrdə hətta cinayət halları belə, nadir hallarda baş verir və bu xoşagəlməz hallara qarşı mübarizə də sivil qaydalarla aparılır.

Əgər bu gün qlobal düşüncənin vektoru vətəndaş cəmiyyətinin qurulmasına yönəlmişdirsə və bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, elm-təhsil əlaqələrinin möhkəmlənməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq mümkündür. Sosial ədalətin bərpası, maddi-mənəvi dəyərlərin yüksəlişi, qlobal iqtisadi inkişaf yalnız bundan asılıdır. Ona görə də hazırda dünyanın 200 dövləti arasında bu hədəf uğrunda bir növ yarış başlanmışdır. Hazırda Azərbaycanda aparılan dövlət siyasəti də məhz bu istiqamətdə qurulmuşdur. Azərbaycanın mövcud iqtisadi potensialının intellektual sərvətə - insan kapitalına çevrilməsi əsas strateji kurs elan edilmişdir və bu sahədə mühüm işlər görülməkdədir. Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqətindən, bu istiqamətdə həyata keçirilən inkişaf kursundan irəli gələn bu meyil indi daha böyük nailiyyətlərlə müşayiət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və 50 ildən, 100 ildən sonra tükənə bilər, ölkə iqtisadiyyatı tükənməz sərvət olan elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya məqsədlərini əsas götürən dövlət proqramları qəbul edilmiş, bu məqsədlərə doğru addımlar ardıcıl xarakter almışdır.

Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da bu sahədə qəbul edilmiş tarixi qərarlardan biridir. Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da göstərildiyi kimi, hazırda ölkəmiz yüksək rəqabətqabiliyyətli, qeyri-neft sektoru və qeyri-neft ixracı sürətlə böyüyən, yüksək insan kapitalına malik və adambaşına düşən gəlir göstəricisi üzrə gəlirli ölkələr qrupuna daxil olan və iqtisadi baxımdan inkişaf etmiş ölkəyə çevrilməyi hədəfləmişdir.

Dünya təcrübəsi göstərir ki, qeyd olunan istiqamətlərdə iqtisadiyyatın qurulması və onun dayanıqlılığının təmin edilməsi ilk növbədə yüksək texnologiyalar, elmtutumlu məhsul istehsalı, innovativ sahibkarlıq və mütərəqqi menecment sistem və texnologiyalarını tələb edir. Ölkədə innovasiyalara əsaslanan bilik iqtisadiyyatının formalaşdırılmasını nəzərdə tutan bu prosesdə şübhəsiz ki, elmin və təhsilin vəhdətinin, onun dünya elmi və təhsilinə inteqrasiyasının təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Qeyd olunan vəzifədən irəli gələrək son illər Azərbaycanda elm və təhsil infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının modernləşdirilməsi, informasiya təminatının gücləndirilməsi və bütövlükdə bu sahələrin müasir tələblərə uyğun restrukturizasiyası istiqamətində mühüm addımlar atılmaqdadır. Həyata keçirilən bu proseslərin mərkəzində dayanan və onun əsas hərəkətverici qüvvəsinə çevrilən başlıca qurumlar məhz universitetlərdir. Müasir dövrdə biliklərin və innovasiyaların yaradıldığı, toplandığı, emal edildiyi və ötürüldüyü başlıca təhsil-tədqiqat-innovasiya mərkəzləri olan universitetlər bir tərəfdən yüksək ixtisaslı kadrlar yetişdirməklə yanaşı, digər tərəfdən fundamental tədqiqatlar aparmaqla və universitet-sənaye əməkdaşlığını reallaşdırmaqla bilik iqtisadiyyatının təməlini təşkil edən qurumlara çevrilmişlər.

Azərbaycan Respublikasının Konstitutsiyası, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu ali təhsil müəssisələrində elmi strukturların təşkili, fəaliyyəti, məqsəd və vəzifələrini müəyyənləşdirən fundamental bazası və yol xəritəsidir. Görkəmli alim Nəsirəddin Tusinin Marağa rəsədxanasını Şərqin mühüm elm və təhsil mərkəzinə çevirməsi və müxtəlif ölkələrdən gələn yüzlərlə tələbəyə bilik verməsi Azərbaycanda elm və ali təhsilin tarixdən gələn ənənəvi inteqrasiyasını göstərir. Elm və ali təhsil arasında sarsılmaz ittifaq əsrlərlə davam etmişdir. Vaxtilə AMEA-nın korifey akademikləri Üzeyir bəy Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym, Heydər Hüseynov, Mustafa Topçubaşov, Mirəli Qaşqay və başqaları ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdular.

Azərbaycan Rostounun modernizasiya nəzəriyyəsinə əsasən, üç iqtisadi inkişaf mərhələsini geridə qoyaraq hazırda “kamilliyə doğru” adlanan dördüncü mərhələnin kandarındadır: iqtisadiyyat şaxələnir, innovasiyalar yeni investisiya imkanları yaradır və urbanizasiya güclənir. Bundan sonrakı beşinci mərhələdə - yüksək kütləvi istehlak mərhələsində - kütləvi istehlak genişlənir, iqtisadi aktivlik artır, xidmət sektoru aparıcı olur və sosial rifah daha da yaxşılaşır. Rostou nəzəriyyəsinin ahənginə uyğun olaraq Azərbaycanda ali təhsil səviyyəsində elmin inkişafı əsas rola malikdir. Çünki təhsil-elm-biznes üçbucağı Azərbaycanda bilik iqtisadiyyatının özülünü təşkil edir. Respublikamızda Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar fonunda informasiya və bilik resursa çevrilir, elmi işləmələr iqtisadiyyatın hərəkətverici qüvvəsi olur, daha çox işçinin təhsilinin keyfiyyət səviyyəsi, peşəkarlığı və kreativliyi qiymətləndirilir. Ali təhsil müəssisələrimizin bu prosesdə iştirakı, bir tərəfdən bilik cəmiyyətində insan kapitalının inkişafına verəcəyi töhfə, digər tərəfdən isə elmin özünün inkişafı ilə bağlıdır. İkinci Dünya müharibəsindən sonra fundamental (“elm üçün elm”) və tətbiqi tədqiqatlar (“innovasiya üçün elm”) arasındakı fərq getdikcə öz əhəmiyyətini artırmağa başladı. Bu mənada ali təhsil müəssisələrinin daha çox tətbiqi tədqiqatlar üzərində fokuslaşması zəruri bir amil kimi meydana çıxır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ali təhsilimizin inkişafı ilə bağlı yazılarında müasir və innovativ təhsil standartlarının ölkəmizdə bərqərar edilməsi, beynəlxalq aləmdə Azərbaycan təhsilini və elmini təmsil edə biləcək gənc kadrların hazırlanmasını onların potensialından düzgün istifadə olunmasını vurğulamışdır.

Son illər ölkənin aparıcı ali təhsil ocaqlarında beyin mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Dövlət İqtisad Universitetində Elm və İnnovasiyalar Mərkəzi və İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində innovativ ekosistem, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutu və Siyasi Araşdırmalar İnstitutu, ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və başqa qurumlar ali təhsillə elmin üzvi harmoniyasını göstərir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi başda olmaqla dövlət beyin mərkəzlərinin alimlərinin də ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması bu prosesin davamı kimi qiymətləndirilə bilər. Öz sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elm və təhsilin birgə dəstəklənməsi sahəsində mühüm fəaliyyətlər həyata keçirir. Elmin İnkişafı Fondunun ayırdığı qrant layihələri ali təhsil müəssisələrinin təkcə professor-müəllim heyəti deyil, həm də doktorant və magistrantlarının elmi fəaliyyətinin stimullaşdırılması üçün əlavə bir imkan yaradır. Ümumilikdə ali təhsil müəssisələrinin elmi potensialının innovativ infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanda bilik iqtisadiyyatının gücləndirilməsinə əlavə stimul verir.

Təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir. Hazırda ölkəmizin müxtəlif ali təhsil müəssisələri və elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır ki, onlardan da 11 min nəfərdən çoxu fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur. Elmi dərəcəsi olan alimlərin təxminən 55 faizi ali təhsil müəssisələrində çalışırlar. Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin təhsil prosesinə cəlb edilməsi təhsil və elmin sinerji gücünü müəyyənləşdirir.

Ali təhsil və elmin kəsişmə nöqtələrindən biri də tədqiqat və işləmələr (R&D) sayılır. Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatmışdır. Maraqlıdır ki, bu sayın 17333 nəfəri elmi-tədqiqat təşkilatlarına və 3810 nəfəri isə ali təhsil müəssisələrinə aid edilir. Yeri gəlmişkən, 2000-2014-cü illər arasında ali təhsil müəssisələrində tədqiqat və işləmələrlə (R&D) məşğul olanların sayı 5,75 dəfə artdığı halda, elmi-tədqiqat təşkilatlarında bu göstərici cəmi 1,26 dəfə çoxalmışdır. Beləliklə, ali təhsil müəssisələrində tədqiqat və işləmələrin həcmi daha sürətlə böyüyür ki, bu da ali təhsilin elm tutumunu gücləndirir.

Alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2005-2014-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə, başqa sözlə, 386 nəfərdən 2224 nəfərə qədər yüksəlmişdir. Beləliklə, ali təhsil sektorunda elmin rolu üstün sürətlə böyüyür. Ali təhsil müəssisələrinin doktorantura şöbələri tədqiqatçı alimlərin hazırlanmasında böyük rola malikdir. Dövlət büdcəsindən elmə çəkilən xərclərin 2000-ci ildə 9,3 milyon manatdan 2014-cü ildə 124,2 milyon manata çatdırılması həm də ali təhsilin elm yükünün dəfələrlə artmasına gətirib çıxarmışdır. Ali təhsil səviyyəsində elmi araşdırmaların gücləndirilməsi ABŞ-da Stanford universitetinin bazasında Silikon vadisi kimi klasterin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanda da universitetlərdə elmin iqtisadi inkişafın əsas təmayüllərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıla bilər. Universitetlərimizdə aparılan elmi araşdırmaların bir hissəsi bilavasitə biznesin sifarişinə uyğun həyata keçirilə bilər ki, bu da elmin və təhsilin inkişafı üçün əlavə stimul olmaqla ümumilikdə iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edər. Bu yolla pedaqoji və elmi əməyin qiymətləndirilməsi üçün əlavə maliyyə imkanları yaratmaq mümkündür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na əsasən doktoranturalar Azərbaycan Milli Elmlər Akademiyasında, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələrində və elmi (elmi-tədqiqat, elmi istehsalat) təşkilatlarda yaradılır. Ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturanın yaradılması üçün onların mövcud elmi potensialı, elm və innovasiya sahəsində əldə etdikləri göstəricilər haqqında məlumatların təhlili aparılmalı və onların elmi potensialı müəyyənləşdirilməlidir. Bu zaman dərc olunmuş elmi işlər, alınmış patentlər, elmi və texnoloji işləmələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, həyata keçirilmiş proqram və layihələr, innovasiya sahəsində fəaliyyətin nəticələri daha önəmlidir. Ali təhsil müəssisələrində kadr potensialının daha da gücləndirilməsi doktorantların hazırlanması işinə daha çox töhfə verə bilər. Xüsusən də doktorantlar üçün elmi rəhbər və məsləhətçilərin motivasiya edilməsi günün aktual məsələlərindən biridir. Bir sıra hallarda elmi rəhbər (və ya məsləhətçi) ilə doktorant arasında əlaqənin zəif olması elmi işin keyfiyyətinə təsir göstərir və doktorantın peşə biliklərinə dərindən yiyələnməsinə mane olur. Doktorantların elmi işinin aprobasiyası hazırkı formallıqdan çıxaraq real məzmun almalı və təhsil-elm-biznes üçbucağı formatına uyğunlaşdırılmalıdır.

Ali təhsil müəssisələrində doktorantura pilləsinə qəbulun və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi bu sahədə şəffaflığın artırılması və uyğun kadrların seçilməsi işinə töhfə ola bilər. Elmi tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc edilməsi üçün elmi jurnalların redaksiya heyətlərinin yüksək ixtisaslı xarici ekspertlər cəlb edilməklə daha da gücləndirilməsi məqsədəmüvafiq görünür.

Alimlərimizin elmi fəaliyyətinin əsas göstəricisi kimi elmi-tədqiqat işlərinin yekununa aid elmi məqalələrin beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən xarici elmi jurnallarda dərc olunması vacibdir.

Bu baxımdan ölkənin sosial-iqtisadi inkişaf tələblərinə cavab verən mütəxəssis yetişdirmək, aparılan elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək və nəticələrini iqtisadiyyata tətbiq etmək, həmçinin də beynəlxalq elmi əlaqələri dərinləşdirmək istiqamətlərində son illər universitetlərə verilən böyük dəstək xüsusi əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, bu istiqamətdə atılan addımlar arasında ən mühümlərindən biri 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media və informasiya şirkəti olan “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasıdır. Müqaviləyə əsasən Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında bu şirkətin “Web of Science” və “InCites” platformalarına tam çıxış əldə edəcəkdir.

“Thomson Reuters” şirkəti 1992-ci ildə həmin vaxta qədər biblioqrafik məlumat bazası və elmi istinad indeksi olan “Science Citation Index (SCI)” adlı məhsulu ilə məşhurlaşan Elmi İnformasiya İnstitutunu (Institute of Scientific Information) satın aldıqdan sonra onun təcrübəsi əsasında formalaşdırdığı “Web of Science” platforması ilə bu sahədə dünyanın qəbul etdiyi ən etibarlı və ən başlıca elmi informasiya bazasına malik olan şirkətə çevrilmişdir.

Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Web of Science bazasının (www.thomsonreuters.com) üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir:

- Science Citation Index Expanded (dəqiq, təbiət və texniki elmlər üzrə baza);

- Social Science Citation Index (sosial elmlər üzrə baza);

- Arts and Humanities Citation Index (incəsənət və humanitar elmlər üzrə baza).

Ölkəmiz hər milyon adam hesabı ilə indeksli jurnallarda dərc olunan məqalələrin sayına görə dünyada, hətta MDB ölkələri arasında yüksək yer tutmur. Bu göstəricinin yüksəldilməsi alimlərimizdən, magistr və PH-D tələbələrindən daha ciddi elmi araşdırmalar aparmağı tələb edir. Ölkəmizdə indeksli jurnalların təşkil olunması bu vacib işə sanballı töhfə olardı.

2015-ci ilin dekabrında Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi rəhbərliklərinin Tomson Reyters saytlı jurnal rəhbərlikləri ilə saziş bağlaması təqdirəlayiqdir.

Azərbaycan Respublikasında aparılan davamlı təhsil islahatları və beynəlxalq miqyasda təmsilçiliyin genişlənməsi ali təhsil müəssisələrimizə xaricdən olan diqqəti artırmışdır. Xarici mütəxəssislərin ali təhsil müəssisələrində doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Bu isə imkan verir ki, elm və təcrübə mübadiləsi həyata keçirilsin və ali təhsil müəssisələrinin gəlirləri artırılsın. Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən doktorantların xaricdə təcrübə keçməsi işinin təşkili məqsədəmüvafiq görünür.

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli sərəncamına əsasən elmlər doktoru hazırlığı üzrə doktorantlara 220 manat və fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 120 manat təqaüd verilir. Gələcəkdə dövlət təqaüd həcminin daha da yüksəldilməsi, eyni zamanda biznes strukturlarının da təqaüd proqramlarını həyata keçirməsi doktorantların müstəqil elmi fəaliyyətlə məşğul olması üçün imkanları daha da genişləndirə bilər. Bununla yanaşı, tələbat duyulan ixtisaslar üzrə doktorant hazırlanması üçün ali təhsil müəssisələri öz imkanlarından da istifadə edə bilərlər. Alman modelinə uyğun olaraq ali təhsil müəssisələrində doktorluq dissertasiyalarının mövzuları dövlət və biznes strukturlarının sifarişlərinə əsasən müəyyənləşdirilə bilər ki, bu yolla da dissertasiyaların elmi-praktiki əhəmiyyəti yüksələr. Bu halda dissertasiya işinin aprobasiyası üçün daha yaxşı zəmin yaradılır. Fikrimizcə, Azərbaycanda da doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramlarının elan edilməsi ali təhsil səviyyəsində elmin inkişafını sürətləndirə bilər.

Azərbaycanda yeni iqtisadi modelin qurulması prosesi ali təhsil müəssisələrində bakalavr və magistr ixtisaslarının istiqamətləri ilə əsaslı şəkildə uzlaşdırılmalıdır. Məsələn, 2013-cü ildə magistraturanı bitirən 3211 məzunun 517 nəfəri təbii elmlər, 57 nəfəri təbiət-texniki ixtisaslar, 416 nəfəri texniki istiqamətlər, 36 nəfəri aqrar və balıq təsərrüfatı və 42 nəfəri ekologiya və təbiətdən istifadə üzrə nominasiya edilir. Təhlil göstərir ki, hələlik humanitar sahə ixtisasları magistraturada dominant mövqeyə malik olub 66,7 faiz təşkil edir, qalan 33,3 faiz isə yuxarıda qeyd edilən texniki istiqamətlərdir. Bakalavr pilləsində isə 2013-cü ildə humanitar fənlərin xüsusi çəkisi 68,2 faiz və texniki fənlərin xüsusi çəkisi isə 31,8 faiz təşkil etmişdir. Bilik iqtisadiyyatı texniki və humanitar istiqamətlər arasında olan nisbəti birincinin xeyrinə dəyişməyi tərcih edir. Ali məktəblərdə fundamental elmlər üzrə mütəxəssislərin hazırlanması yekunda iqtisadiyyatın yüksək texnologiyalar - biotexnologiya, nanotexnologiya, kimya texnologiyaları və informasiya texnologiyaları sahələrinin sürətli inkişafını təmin edə bilər.

Elmin maliyyələşdirilməsində dünya praktikasında belə bir qanun var: əgər ÜDM-dən elmə ayırmalar 2 faizdən aşağı olarsa, elm iqtisadiyyata təsir etmir. Yeni iqtisadi modelə keçid yalnız elmin gücləndirilməsi hesabına ola bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığının həyata keçirilməsi elm və ali təhsil arasında birbaşa funksional əlaqənin olduğunu göstərir. Belə ki, 2015-2016-cı tədris ilində Milli Elmlər Akademiyasının institutlarına 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul edilmişdir. Beləliklə, AMEA-nın yüksək elmi-intellektual bazası birbaşa kadr hazırlığı işinə cəlb edilir ki, bu da yüksək səmərəliliyə gətirib çıxaracaqdır. Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda qeyd etmişdir ki, bazar iqtisadiyyatının qanunları tələb edir ki, iqtisadi subyekt məhsullardan hansının istehsalının maliyyələşdirilməsi qərarını verməmişdən öncə onun elmi dəyərini deyil, iqtisadi məqsədəuyğunluq və rentabellilik faktorlarını rəhbər tutsun: “Ona görə də biz özəl sektorun maliyyə resurslarını biznesin özü üçün potensial imkanlar gördüyü sahələrdəki elmi tədqiqatlara yönəldərək dövlətə bugünkü gündə iqtisadi faydası olmayan və ya az olan, lakin gələcəkdə yüksək potensiala malik yeni sahələrə və layihələrə vəsaitin ayrılmasına imkan yaratmış olarıq”.

Bu gün Azərbaycanın elm və ali təhsil sahəsində əldə etdiyi nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda bu sahədə gördüyü işlər dayanır. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sovet dönəmində beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə çatmışdır. Azərbaycanlı tələbələrin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi respublikada elm və təhsilin paralel inkişafında öz sözünü demişdir. Müstəqillik illərində dahi rəhbərin yenidən hakimiyyətə gəlişi isə təhsil və elm sahəsinə ikinci bir həyat bağışlamışdır.

 

Arif ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və

texnika elmləri şöbəsinin müdiri, iqtisad üzrə elmlər doktoru,

professor

 

Azərbaycan. - 2016.- 12 fevral.- S. 7.