Tanınmış iqtisadçı alim

 

XX əsrin ikinci yarısı Azərbaycan xalqının iqtisadi fikrində ən məhsuldar bir dövr kimi tarixə düşmüşdür. Bu dövrdə iqtisad elminin müxtəlif sahələri üzrə fundamental, dərin tədqiqatlar aparılmış, yüksək ixtisaslı peşəkar iqtisadçı-tədqiqatçılar hazırlanmışdır. İlk dəfə olaraq respublikada nüfuzlu iqtisad elmi məktəbləri yaranmışdır. Şübhəsiz, bu tarixin yaradıcıları dövrün iqtisadçı alimləridir. Şahbaz Musa oğlu Muradov da Azərbaycan iqtisadi fikrini bu dövrdən etibarən təmsil edən görkəmli alimlərdən biridir.

Ş.Muradov bu gün ömrünün 75-ci baharını yaşayır. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib gənc mütəxəssis kimi Azərbaycan EA İqtisadiyyat İnstitutuna təyinatla işləməyə göndərilmiş və indiyə qədər bütün yaradıcı fəaliyyətini bu institutla bağlamışdır. Burada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmışdır. O, 1965-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1977-ci ildə professor elmi adını almış, 2001-ci ilin iyununda isə AMEA-nın müxbir üzvü seçilmişdir. Hazırda bu institutda Demoqrafiya qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

Professor Ş.Muradovun AMEA-nın İqtisadiyyat İnstitutundakı 55 illik fasiləsiz elmi yaradıcılığının nəticələri Azərbaycanda və dünyanın bir çox ölkələrində çap edilmiş 500-dən çox elmi əsərində əksini tapıb. 850 çap vərəqi həcmindən çox olan bu əsərlərin 30-u irihəcmli monoqrafiyakitablardan ibarətdir. Onun elmi kadrların hazırlanması sahəsindəki xidmətləri əvəzsizdir. Professor Ş.Muradovun bilavasitə rəhbərliyi ilə 100 nəfərə yaxın iqtisadiyyat üzrə fəlsəfə və elmlər doktoru hazırlanmışdır. 2000-ci ildə onun təşəbbüsü ilə AAK tərəfindən yaradılmış və 8 il sədrlik etdiyi Dissertasiya Şurasında 125 nəfər namizədlik, 13 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Onların müvafiq surətdə 55 və 6 nəfərini institutun əməkdaşları təşkil etmişdir. Professor Ş.Muradov 35 nəfərdən çox tədqiqatçının dissertasiya işinə rəsmi opponentlik etmiş, çoxsaylı monoqrafiyalar və dərsliklərin elmi redaktoru, rəyçisi olmuşdur. Fikrimizcə, bu rəqəmlər professorun gördüyü işlərin miqyası barədə tam təsəvvür yaradır. Lakin alimin Azərbaycan iqtisadi fikrində konkret rolunu qiymətləndirmək üçün onun əsərlərinin bir qədər geniş təhlilini vermək vacibdir.

Görkəmli iqtisadçı alim kimi Ş.Muradovun bütün elmi yaradıcılığının ana xəttini belə bir ideya təşkil edir: insana diqqət və qayğının hər cəhətdən (təhsil, elm, səhiyyə, istirahət, mənzil-kommunal xidməti, maddi və mənəvi maraq və ümumilikdə rifah səviyyəsi) artırılması onun fəallaşmasına və böyük iqtisadi nəticələr qazanmasına səbəb olur. Terminoloji fərqlər nəzərə alınmazsa, bu, insan kapitalı nəzəriyyəsinin müasir variantlarından biri kimi səslənir.

Ş.Muradovun elmi yaradıcılığını araşdırarkən yaranan ilk təsəvvür ondan ibarət olur ki, o, uzun müddət eyni bir problemin - Azərbaycanda əmək ehtiyatları və demoqrafiya problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Lakin bu problemlər çoxaspektli və əhatəli olduğundan onların mükəmməl öyrənilməsi üçün müəyyən tədqiqat metodunu əsas götürmək və uzun zaman çalışmaq lazım gəlmişdir. Alimin istifadə etdiyi metod sadədən mürəkkəbə, xüsusidən ümumiyə, konkretdən abstrakta keçid metodudur. O, ilk əsərlərini Azərbaycan kənd təsərrüfatında qadın əməyi və ondan səmərəli istifadə edilməsinə həsr etməklə sonra bütövlükdə respublikada qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemlərini, daha sonra isə ümumiyyətlə əmək ehtiyatlarını, insan kapitalını, demoqrafiya siyasətini, insan potensialını, ölkədə baş verən etno-demoqrafik prosesləri nəzəri-metodoloji və praktiki aspektlərdən tədqiq etmişfundamental monoqrafiyalar şəklində nəşr etdirmişdir.

Ş.Muradov sovet reallıqlarını nəzərə alaraq qadının ictimai təsərrüfata cəlb edilməsini, onun cəmiyyətin fəal daşıyıcı gücünə çevrilməsini, şübhəsiz, məqbul sayırdı. Ancaq eyni zamanda Şərq müsəlman respublikasında qadının ana olmaq kimi əsas missiyasını nəzərə alır, qadın məşğulluğunun səmərəliliyinə adət-ənənə amilləri də daxil etməklə ona daha geniş baxışdan yanaşırdı. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərini tədqiq edən görkəmli demoqraf alim kimi tanınmışdır. Keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadidemoqrafik aspektlərinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır. Onun 1974-cü ildə “Elm” nəşriyyatında çap olunmuş “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” adlı monoqrafiyası isə elə həmin ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir. Azərbaycan Elmlər Akademiyası SSRİ EA-nın tərkibində olduğu 46 il ərzində (1945-1991-ci illərdə) iqtisadiyyat elmi sahəsi üzrə Azərbaycandan SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmiş 23 elmi nəticənin 9-u (39,4 faizi) professor Ş.Muradovun şəxsən özüonun elmi rəhbərliyi ilə yerinə yetirilmiş tədqiqat işlərinin payına düşmüşdür. Onun 60-dan çox əsəri xarici ölkələrdə, o cümlədən ABŞ-da, Rusiyada, Ukraynada, Belorusda, Gürcüstanda, Baltikyanı ölkələrdə və Orta Asiya respublikalarında, bəziləri isə ingilis dilində çap edilib dünyanın bir çox ölkələrində yayılmışdır. Professor Ş.Muradov xarici ölkələrin görkəmli iqtisadçı və demoqraf alimləri ilə birlikdə Moskva şəhərində rus dilində çap edilmiş 15-dən çox irihəcmli monoqrafiyanın müəlliflərindən biridir.

Ş.Muradov Moskvada dərc olunan yazılarında hər dəfə respublikamilli mənafe baxımından həlli vacib məsələlərə müvafiq mərkəzi orqanların diqqətini cəlb etməyə çalışmışdır. Mübahisəli nəzəri məsələlərə isə öz mövqeyini bildirməklə onları geniş diskussiya obyektinə çevirə bilmişdir. 1988-ci ildə nüfuzlu “Voprosı ekonomiki” jurnalının 6-cı sayında Ş.MuradovunRegionda əhalinin səmərəli məşğulluğu” adlı məqaləsi çıxır. Məqalədə ölkənin qəbul edilmiş sosial-iqtisadi inkişafının sürətləndirilməsi xəttinin həyata keçirilməsi üçün insan amilinin fəallaşdırılmasının konkret yolları göstərilmiş, ilk dəfə olaraq əmək resurslarından istifadəyə regional yanaşmanın vacibliyi qeyd edilmişonun məzmunu açılmışdır. O zaman alim bütövlükdə ittifaqda olan vəziyyətdən fərqli olaraq, Azərbaycanda mövcud yerləri ilə əmək resursları arasında uyğunsuzluq olduğunu, onun getdikcə artması nəticəsində ictimai istehsala cəlb oluna bilməyən əmək ehtiyatlarının (indiki terminologiya ilə işsizliyin) yarandığını konkret rəqəmlərlə üzə çıxarmışdır. Ş.Muradov istehsala əlavə əmək resurslarının cəlb edilməsi təklifini irəli sürməklə əmək məhsuldarlığına əsaslanan intensiv inkişafı inkar etmir və əmək tutumlu sahələrin inkişaf etdirilməsi sayəsində bu məsələnin həllini də optimal həll sayırdı. Alimin fikrincə, əsas məsələ mütərəqqi struktur dəyişikliklərini və ona adekvat ixtisaslı kadr hazırlığını təmin etməkdən ibarət olmalıdır. Ş.Muradov hesab edir ki, əmək resurslarının ictimai istehsala maksimum cəlb edilməsinin prioritet kimi götürülməsi özlüyündə məqsəd olmamalıdır. Başlıca məqsəd o zaman yeganə mümkün olan bu yolla (qayda ilə) respublika əhalisinin həyat səviyyəsinin yüksəlməsinə nail olunmasını təmin etmək idi. Hələ o zaman aşkar edilmişdi ki, azərbaycanlı ailələrdə istehlakın nisbətən aşağı səviyyəsinin mühüm bir səbəbi də himayədarlıq əmsalının yüksək olmasıdır. Yəni bir işləyən adam ailədə daha çox sayda adamı dolandırmaq məcburiyyətindədir. ETT əsasında intensiv inkişaf əlavə əmək resurslarının ictimai istehsala cəlb edilməsi işində, şübhəsiz, qaçılmaz çətinliklər yaradır. Lakin bunun da çıxış yolları vardır. Ş.Muradovun apardığı tədqiqatlarda bu çıxış yolları öz əksini tapmışdır. Alim hələ 1980-ci illərdə təklif edirdi ki, ölkə və respublikanın bütün ərazisi üzrə müəssisə və onların filialları elə yerləşdirilməlidir ki, yaşcins üzrə əhalinin məşğulluğunda harmoniya pozulmasın. Ş.Muradovun və respublikanın digər görkəmli iqtisadçı alimlərinin bu cür təkliflərinə əməl olunsaydı, respublikanın iqtisadi potensialının əsasən Bakı-Abşeron rayonunda cəmlənməsi kimi mənfi halların qarşısı vaxtında alınardı.

XX əsrin 90-cı illərindən sonrakı dövrü Ş.M.Muradovun elmi fəaliyyətində daha intensiv, məhsuldar, problemlərə yeni baxışla seçilən bir dövr kimi səciyyələndirmək olar. Müstəqillik illərində onun yuxarıda adlarını çəkdiyimiz üç fundamental monoqrafiyası və çoxsaylı məqalələri nəşr olunur. Bu monoqrafiyalarda insan potensialı, qloballaşma, əhalinin dinamikası və quruluşu, əmək fəallığı, əhalinin tərkibində baş verən əsas demoqrafiketnodemoqrafik dəyişikliklər tədqiq olunur. Professor Ş.M.Muradovun bütün əsərlərində müstəqillik illərində müəyyən səbəblərdən respublika əhalisinin təbii artımının azalmasına mənfi mövqe bildirilməsini alimin vətənpərvərliyi ilə izah etmək hələ azdır. Burada əhalinin artımından böyük ictimai-iqtisadi effektin əldə olunacağının əsaslandırılması da diqqətəlayiqdir. Hələ SSRİ dövründə respublikada əhalinin nisbətən yüksək təbii artımının mövcudluğu faktından (1959-1989-cu illərdə Azərbaycanda əhalinin orta illik artım sürəti keçmiş SSRİ-dəki orta göstəricidən 2,4 dəfə çox olmuşdur) bu sahədə heç bir problemin yaranmadığı və onun tənzimlənməsinə ehtiyacın olmadığı mövqeyində olanların əksinə olaraq, o, sübut edirdi ki, hər bir respublikanın demoqrafik inkişaf xüsusiyyətləri nəzərə alınmaqla bu sahədə səmərəli demoqrafik siyasəti işlənib hazırlanmalıdır. O, bu mövqeyini 20 il ərzində (1971-1991-ci illərdə) büro üzvü olduğu keçmiş SSRİ Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərmiş Əhali sakinliyinin sosial-iqtisadi problemləri və Demoqrafiya və əmək ehtiyatları problemləri elmi şuralarının büro iclaslarında və onların vasitəçiliyi ilə keçirilən ümumittifaqregional xarakter daşıyan elmi konfranslardaseminarlarda cəsarətlə müdafiə edir və istəyinə nail olurdu. Professor Ş.Muradov keçmiş SSRİ EA tərəfindən hazırlanmış Demoqrafiyaya dair ETT-nin Kompleks Proqramının yekun nəticələri üzrə 1979, 1983 və 1987-ci illərdə Moskva şəhərində çap olunmuş 50 ç.v. həcmində üçcildliyin müəlliflərindən biri olmuşdur. Onun 2001-ci ildə ABŞ-ın Nyu York şəhərində ingilis dilində çap edilmiş “Azərbaycanın demoqrafik inkişafı XXI əsrin astanasında: əsas meyillər və problemlər” adlı məqaləsi də elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Professor Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli sərəncamları ilə ilk dəfə olaraq Azərbaycan Respublikasında işlənib hazırlanmış “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər), həmçinin “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər) işlənib hazırlanmış, ölkə rəhbəri İlham Əliyev tərəfindən təsdiq edilmişdir. Burada xüsusi olaraq onu da vurğulamaq lazımdır ki, sovet dövründə əmək və demoqrafiya sahəsində aparılan tədqiqatlarda əhali əsasən əmək resursu kimi - say, yaş-cins, peşə-ixtisas tərkibinə görə tədqiq olunurdu. Əhalinin etnik-milli tərkibi sanki geniş maraq dairəsindən çıxarılmışdı. Çünki vahid sovet xalqını formalaşdırmaq kimi ideoloji bir məqsəd qarşıya qoyulmuşdu. Halbuki milli mənəvi dəyərləri saxlamaq və ötürmək, ümumiyyətlə millətin varlığını təsdiq etmək baxımından etno-demoqrafik prosesləri öyrənmək çox vacibdir. Azərbaycan xalqına qarşı əsrlərlə həyata keçirilən assimilyasiya siyasətinin mahiyyətini üzə çıxarmaq, ermənilərin əsassız iddialarına tutarlı cavablar vermək üçün Azərbaycan ərazisində əhalinin milli tərkibinin formalaşmasını tədqiq etmək tarixdəki bir çox səhifələri və qara ləkələri aradan götürmək üçün əhəmiyyət kəsb edir. Müstəqillik illərində Ş.Muradovun rəhbərliyi ilə bu sahədə geniş tədqiqatlar aparılmış və indidavam etdirilməkdədir. Bu tədqiqatların nəticəsi olaraq 2015-ci ildə Ş.Muradov və Ç.Baxışın “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar” adlı çox maraqlı monoqrafiyası nəşr olunmuşdur. Kitabda ilk dəfə olaraq təhlil edilən və elmi dövriyyəyə buraxılan məlumatlar əsasında müəyyən edilmişdir ki, əhalinin 10 faizinin qaçqın olduğu bir ölkədə miqrasiyanın intensivliyinin azalması, əhalinin milli tərkibinin sabitliyi müşahidə edilir. Belə müsbət meyillərin gələcəkdə davam edəcəyini söyləməklə tədqiqatçı alimlər bu sahədə Avropada gedən proseslərlə müqayisədə Azərbaycan modelini nümunə olaraq təqdim etmiş olurlar.

Professor Ş.Muradov tədqiqatçı alim kimi həm sovet dövründə, həm də müstəqillik illərində özünün kosmopolit mövqeyi ilə deyil, konkret iqtisadi problemlərə münasibətilə seçilir. Onun tədqiqatlarında əsas hədəf Azərbaycan və onun gələcəyidir. Görünür, elə buna görə də hələ keçən əsrin 60-70-ci illərində apardığı tədqiqatlar, yazdığı kitablar bu günaktual səslənir.

Ş.Muradov elmdə dəqiq ünvanı olan alimdir. O, insan kapitalı kimi həmişə aktual olan bir problem sahəsində sözünü demiş, iqtisadçılar və elmi ictimaiyyət tərəfindən kifayət qədər tanınmışdır.

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyindəki çıxışında demoqrafik inkişafı bu gün Azərbaycanın mühüm nailiyyətlərindən biri hesab edir. Diqqəti bir tərəfdən bu inkişafı şərtləndirən, digər tərəfdən isə onun ortaya qoyduğu problemlərə yönəldir. Deməli, Ş.Muradovun vaxtilə və indi apardığı tədqiqatlar müasirdir, aktualdır və dövləti əhəmiyyət kəsb edir.

Ş.Muradovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeni, “Fədakar əməyə görə” yubiley medalı, “Əmək veteranı” medalı və s. mükafatlara layiq görülüb. Respublika Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli fərmanı ilə o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Elmdə varislik prinsipi labüddüro, elmin inkişafının təbii-tarixi prosesi ilə şərtlənir. Lakin bu prinsipin bir ailənin timsalında gözlənilməsi az-az təsadüf edilən hadisələrdəndir. Ş.Muradovu müasirlərindən fərqləndirən bir cəhət də odur ki, alimin təmsil etdiyi əmək iqtisadçıları məktəbinin layiqli davamçıları elə onun özünün ailəsində yetişməkdədir.

Professor Ş.Muradov elmi yaradıcılığın müdriklik dövrünü yaşayır. O, əvvəlki həvəslə tədqiqatlarını davam etdirir. Bu mənada tədqiqatçı alim xalqının, ölkəsinin güclənməsi naminə böyük fədakarlıq göstərir.

 

Xosrov KƏRİMOV,

Bakı Dövlət Universitetinin dosenti,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Azərbaycan. - 2016.- 13 fevral.- S. 7.