Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin mütəşəkkil vahid şəbəkəsini formalaşdırmaq vacibdir

 

Təbriz CƏFƏROV: “Bu, gənclərimizin qardaş ölkədə və beynəlxalq təşkilatlarda daha layiqli, yüksək səviyyədə təmsil olunmalarına yardımçı olacaq

 

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və bu siyasət müasir dövrün tələblərinə, reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələdə davam etdirilir. Azərbaycan gənci elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir.

Hər il xaricdə təhsil alıb vətənə dönən gənclərimizin sayı da artmaqdadır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb. Onu da əlavə edək ki, dövlət proqramı ilə yanaşı, gənclərimiz müstəqil şəkildə ikinci ali təhsillərini xarici ölkələrdə davam etdirirlər.

Belə gənclərimizdən biri də Təbriz Cəfərovdur. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olan Təbriz 2011-ci ildə test imtahanlarından yüksək bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olubPrezident təqaüdçüsü adına layiq görülüb. Akademiyanın Siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsilini başa vuran Təbriz ali təhsilin magistratura pilləsini Türkiyə Cümhuriyyətində davam etdirmək qərarına gəlib. Məqsədinə çatmaq üçün daim həvəslə çalışan Təbrizin bu istəyi də reallaşıb və o, Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığı tərəfindən elan edilən təqaüd proqramı əsasında qardaş ölkənin Səlcuq Universitetində təhsilini davam etdirməyə başlayıb. Bu proqram əsasında hər il dünyadan 5 min gənc (Azərbaycandan 50 bakalavr təhsilli) Türkiyə ali təhsil müəssisələrinə qəbul olunur.

Bizimlə söhbətində Təbriz Cəfərov bildirdi ki, Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması bu sahədəki dövlət siyasətinin müvəffəqiyyətlə icrasının göstəricisidir. Təbriz deyir ki, yanvar ayının 26-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə onların fəaliyyətini yüksək qiymətləndirərək cəmiyyətimizin fəal üzvləri kimi  ölkəmizin güclənməsində əsas rol oynadıqlarını söylədi: “...Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.

T.Cəfərov da düşünür ki, hansı ölkədə oxumağından asılı olmayaraq, hər bir Azərbaycan gəncinin üzərinə mənəvi yük düşür. Gənclər təhsil aldıqları ölkələrdə mütləq Azərbaycan həqiqətləri barədə ən azı yaxın çevrəni geniş məlumatlandırmalı, həmin ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarına öz köməyini əsirgəməməlidir. Bu, ölkəmizin maraqları naminə çox vacib və önəmli məsələdir.

Onun fikrincə, xaricdə təhsilin ən vacib və faydalı cəhətlərindən biriodur ki, burada sadəcə hansısa bir sahə və ya ixtisas haqqında bilik və bacarıqlar öyrədilmir, eyni zamanda hər bir tələbəyə universitetdən və ya təhsil müəssisəsindən kənarda da özünü yetişdirmək, yeni məlumatları mənimsəmək, tətbiq etmək və onları inkişaf etdirmək də öyrədilir. Xaricdə təhsil alan gənclərimiz həm də ölkəmizin tanıdılması istiqamətində, diaspor fəaliyyətində də fəal rol oynayırlar.

Türkiyə Cümhuriyyətinin təhsil sistemindən də söz açan Təbriz deyir ki, qardaş ölkədə tətbiq olunan magistr sistemi daha çox interaktiv üsullara, müstəqil prinsiplərə söykənir. Magistrlərə müstəqillik verilir, məqsəd isə elmə gedən yolda gənclərə dəstək vermək, onların sahib olduqları potensialı doğru istiqamətə yönəltməkdir.

T.Cəfərovun sözlərinə görə, Türkiyə təhsil sistemi Avropa təhsil sistemi səviyyəsindədir. Ona görə də Azərbaycan gəncinin elmi cəhətdən Türkiyədə möhkəmlənməsi dünyada, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatlarda möhkəmlənməsi deməkdir. Yanvarın 26-da dövlət başçısı gənclərlə görüşündə məhz bu məsələyə toxunaraq dedi: “...Çalışmalıyıq gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlarorada çalışsınlar. Onlar azərbaycanlıdırlar. Onlar həmişə öz dövlətinə xidmət edəcəklər, eyni zamanda, gözəl təcrübə toplayaraq vətənə qayıdandan sonra burada daha fəal işlərlə məşğul olacaqlar”.

Təbriz Cəfərov maraqlı təklif də irəli sürdü. Onun fikrincə, 1992-ci ildən bəri Türkiyədə bakalavrmagistr təhsili almış məzunların və hazırda bu ölkədə təhsil alan tələbələrin əlaqələrinin daha da möhkəmlənməsinə, bir araya gələrək Azərbaycan naminə əməli fəaliyyət göstərmələrinə ehtiyac var. Bununla bağlı dövlətin dəstəyi ilə forum keçirilməsi məqsədəuyğundur: “Hesab edirəm ki, artıq zaman yetişib. Düzdür, ayrı-ayrı sahələrdə təhsil alan tələbələrin öz təşəbbüsləri ilə forumları keçirilib. Ancaq ümumi toplantı baş tutmayıb. Zənnimcə, hər iki dövlətin rəsmilərinin iştirakı ilə birinci forumun keçirilməsi Azərbaycan üçün uğurlu, faydalı bir olar. Bu forum Azərbaycan gənclərinin gələcək dönəmlərdə Türkiyədə və beynəlxalq təşkilatlarda daha layiqli, yüksək səviyyədə təmsil olunmalarına öz xeyrini verəcək”.

Təbriz Cəfərovun sözlərinə görə, Azərbaycan hökumətinin bu forumun keçirilməsi üçün lazımi imkanları var. İlk növbədə Gənclər Fondu ilə Təhsil Nazirliyinin birgə səyi nəticəsində forum baş tuta bilər. Tədbir keçirildiyi təqdirdə Türkiyədə təhsil alan gənclərimizin vahid şəbəkəsi yarana bilər. Təbriz Cəfərov forumun gerçəkləşməsi üçün bu ölkədə yaşayan bütün azərbaycanlı tələbələrə əllərindən gələn dəstəyi göstərməyə hazır olduqlarını dedi: “Biz tələbələr bu işdə hər cür dəstəyə hazırıq. Hesab edirik ki, dövlət strukturları Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin daha da qüvvətlənməsi və gənclərin bir mərkəzdə birləşməsi  üçün bu forumun keçirilməsinə öz köməklərini əsirgəməyəcəklər”.     

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2016.- 14 fevral.- S.6.