Çillələr

 

Mərasim sistemində ilin qış fəslinin bölgülərinə Çillə deyilir. Çillə əslində, “cehl” sözündəndir və 40 rəqəmini bildirir. Əski təsəvvürlərdə bu dövr qışın ən soyuq vaxtına təsadüf etdiyindən o, həm də çətinlik, ağırlıq dövrü kimi başa düşülür. Əbəs yerə demirlər ki, adamlar ağır dərd-bəla ilə üzləşdikdə, xəstələndikdə bunlardan xilas olmaq üçün xüsusi ayinlər icra edirlər, elə bu da “çillə kəsmək” adlanır. Folklorşünas alimlərimizin araşdırmalarına görə, Novruza hazırlıq yeni təqvimlə dekabrın 21/22-də başlayır və üç mərhələdə bayram davam etdirilir. Birinci mərhələ Böyük Çillə ilə Kiçik Çillə arası (21/22 dekabr-1 fevral), ikinci mərhələ Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik Axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Novruza doxsan gün qalmış, yəni, qışın - Böyük Çillənin girməsi ilə bağlı xalq arasında Çillə şənlikləri keçirilir. Böyük Çillə 40 günü əhatə edir. Onun ilk gecəsi “şəbi-yelda” adlanır. Qış fəslinin ən uzun sürən Böyük Çilləsi öz qarına-tufanına, soyuqdondurucu şaxtasına görə el arasında “qaraqış” da adlanır. Amma adamlar heç bu “qaraqış”dan da çəkinməyib öz işlərini görüblər. Ömrünü, gününü torpağa bağlayan əkinçi torpağını arata qoyur, arxları, kanalları təmizləyir. O, torpağı qırxdan çıxaran bu Böyük Çillədə bağ-bağatı, bostan-tərəvəz sahələrini suvarır. El arasında “çillə suyuadlanan bu suvarma torpağın nəmliyinə kömək edir, şoranlaşmanın qarşısını alır, torpağı dondurmaqla ziyanvericiləri qırır.

Böyük Çillənin başlanğıcı günü ilin ən uzun gecəsi olduğundan buna çillə gecəsi də deyirmişlər. Həmin axşam adamlar qışdan qorxmadıqlarını nümayiş etdirmək üçün tonqallar yandırır, odun üstündən hoppanır, tonqalın ətrafında rəqslər edir, əyləncəli oyunlar, tamaşalar göstərirdilər. Böyük Çillənin şərəfinə hər evdə açılmış süfrəyə dadlı, ləzzətli yeməklər qoyulurdu.

Ulularımız deyib ki, Böyük Çillədə torpaq qırxın çıxarır, Kiçik Çillədə isə torpaq səhər yuxusundadır. Böyük Çillə barədə el-oba arasında gəzən maraqlı deyimlər də var. Belə söyləyirlər ki, bir gün Böyük Çillə deyir: - Mən dolu qazanlar üstə gəlmişəm, qarıları sağlam görmüşəm, təndirləri yandırtmışam, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırmışam.

Böyük Çillə 40 gün dövran sürüb gediryolda Kiçik Çillə ilə rastlaşır. Kiçik Çillə soruşur: - Ay Böyük Çillə, de görüm, qırx gün gəlib atını çapdın, bu qırx gündə nə gördün, neylədin?

Böyük Çillə gördüyündən, etdiyindən söhbət açır. Kiçik Çillə istehza ilə gülüb cavab verir: - Eh, sən heç nə eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr edəcəyəm, nə tufan qoparacağam? Qazanları ağzı üstə çevirəcəyəm, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm.

Onun coşduğunu görən Böyük Çillə deyir: - Çox da öyünmə, sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir görə bilmədim. Sənin isə cəmi iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yelolub onların yanından ötə bilməzsən. Çünki üzün yazadır, ömrün də azdır.

Böyük Çillə girəndə və çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olanları mülayimləşdirmək istəmişlər.

Böyük Çillənin ən məşhur ayini səməni göyərtmək və ondan halva bişirməkdir. Bu “Səməni bayramı” çoxsaylı mərasim ayinlərindən biridir. Baharı çağırmaq, bununla da təbiəti yaşıl görmək, əkdiyi taxılın göyərməsi arzusunun simvolunu yaratmaq təşəbbüsündən irəli gələn səməni göyərtməyin tarixi əcdadlarımızın ilkin əmək, təsərrüfat həyatı ilə bağlıdır. Yaşayışını, dolanışığını, təsərrüfat ilinin - baharın, yazın başlamasında görən əcdadlarımız taxılı ev şəraitində göyərtməklə yazın tez gəlməsini, torpağın oyanmasını, məhsulun cücərib böyüməsi arzusunu ifadə etmişlər.

Estetik düşüncədə Çillə şaxələndirilir, onun boy-buxunu, gücü və ümumilikdə daxili aləmi, xilqəti barədə söz açılır. Mərasim nəğmələrində Böyük Çillə xoşqılıqlıdır, insana o qədər də ziyan vurmur. Çillə nəğmələrindən birində deyilir:

Böyük Çillə, boyu bir belə...

Gəldi elə, gülə-gülə.

gülünü də göstərdi,

dilini də göstərdi.

Nə nənəmi dağlatdı,

bir uşağı ağlatdı.

Nə ağrı verdi elə,

Nə ağır söz aldı dilə.

Ötdü belə-belə,

Getdi gülə-gülə.

 

Ulularımız qışı qarşılamaq mərasiminə “Kovsəc”, yola salma mərasiminə isə “Çilləkəsdi” və ya “Çilləçıxartma” deyirmişlər.

Fevral ayının əvvəlindən başlayaraq iyirmi gün davam edən Kiçik Çillə qışın oğlan çağı sayılır. Bu çillə soyuqluğu, boran-tufanı, şaxta-sazağı ilə seçilir. Kiçik Çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü isə, ümumiyyətlə, qış fəslinin ən sərt, çovğunlu, dondurucu vaxtı sayılır.

Kiçik Çillədə qış çox hirsli gəlir. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, boran, div nərəli külək.

Kiçik Çillənin də özünəməxsus təbiəti onunla bağlı nəğmələrdə əks olunmuşdur. Həmin nəğmələrdə ulu əcdadlarımızın erkən təsəvvürləri, yaratdığı mifoloji obrazlar, deyim və ifadələr, bəzənsə daha dolğun, mifik süjetlər, yaxud onların müəyyən motiv və obrazları verilmişdir:

 

Kiçik Çillə, boyu bir belə,

Hikkəsi ir belə...

Gəlişi oldu haynan,

Gedişi oldu vaynan.

Əlində qırmanc,

Eli-günü yandırdı.

Neçə günahsız doqqaz bağladı,

Neçə alaqapı sındırdı.

Kəsdi neçə evin yağmasın,

Pendirin, çörəyin, ağmasın.

Axırda zara gəldi el,

Oturub şər üstündə

Zarın-zarın ağladı.

Bu kiçicik Çillənin

Bu piscik Çillənin

Əl-qolunu bağladı.

 

Bu nəğmələrdə əslində, bir arzu - qışın qurtarması, insanların çətinlikləri başa vurub yaza çıxmaq istəkləri ifadə edilir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan. - 2016.- 14 fevral.- S.7.