Azərbaycanın 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını sübut edir

 

Prezident İlham ƏLİYEV: “Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir”

 

52-ci Münxen Təhlükəsizlik Konfransının bu ilki toplantısı maraqlı məqamlarla yadda qaldı. Dünyanın böyük dövlətlərinin hazırda aktual olan geosiyasi problemlərə münasibəti olduqca əhəmiyyətli idi. Təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri müzakirələrin mərkəzində yer aldı. Münxenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirlərinin toplaşması tədbirin çox mühüm əhəmiyyət daşıdığını bir daha sübuta yetirdi.

Konfrans iştirakçıları Avropanın qaçqın böhranına cavabı, Suriyadakı müharibə və Avropa təhlükəsizliyinin gələcəyi, Saxaradan cənubdakı Afrika ölkələrinin sabitliyi, kibertəhlükəsizlik kimi məsələləri müzakirə etdilər. Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadisiyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Şimali Afrikadan, Yaxın və Orta Şərqdən olan köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutublar. Avropada humanitar fəlakət gündən-günə artır. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. İqtisadi böhrana, siyasisosial kataklizmlərə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub.

Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyev ötən 12 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.

52-ci Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın da təmsil olunması, dövlət başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir. Münhendə Azərbaycan Respublikasının Prezidenti bir sıra mühüm görüşlər də keçirdi. Prezident İlham Əliyevin Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşündə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulandı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Münxendə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer, “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski, ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre, “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşlərində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olundu. Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu konfransda iştirakı böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. İşğalçı Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalarsivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddətdə “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi bir mövqeyi önə çəkirlər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gedişkimi dəyərləndirir. “Nə hərb, nə sülh” vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.

Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə “status-kvonu qoruyub saxlamağa çalışır. Hansısa təəssübkeşliklə Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf edilmir. İşğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərqin qoyulmaması, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin icra edilməməsi və digər faktlar bunu əminliklə söyləməyə ciddi əsaslar verir. Məhz bu siyasət üzündən Azərbaycan uzun illərdir ki, əziyyət çəkir, üzləşdiyi ədalətsiz münaqişənin həllinə nail ola bilmir.

Azərbaycan Prezidenti 52-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlimenerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib. Müzakirələr zamanı Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin münaqişə ilə bağlı verdiyi suala ölkə başçısı Azərbaycan tərəfinin prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır: “Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşduretnik təmizləməyə məruz qalmışdır.

Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir”.

ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsipləri Azərbaycanı tam razı salmasa da, rəsmi Bakı qətiyyətli mövqe nümayiş etdirərək müəyyən istisnalarla bu sənədi qəbul edib. Lakin Ermənistan bu təklifə münasibətini açıqlamır, aşkar mövqesizlik nümayiş etdirir. Həlledici qərarlar vermək əvəzinə, rəsmi Yerevan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, “dialoqa maraqlı tərəf” imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına bəzi dövlətlər və təşkilatların məsələyə “ikili standartlardan yanaşmaları da öz təsirini göstərir. Bu isə Yerevanı təcavüzkarlığa daha da şirnikləndirir, danışıqlarda müsbət meyillərin əldə olunmasını əngəlləyir. Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər.

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. 52-ci Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın bilavasitə iştirakı ilə reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğu xüsusi ilə vurğulandı.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 16 fevral.- S. 2.