Gəl, əziz bayramım, bir də görüşək!

 

Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub. Bu bayram Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edib”. Bu sözlər ulu öndər Heydər Əliyevin Novruz bayramı haqqında fikirləridir. XX yüzilliyin sonlarında xalqımızın müstəqillik qazanması Novruz bayramının statusunu da müəyyən etdi. Ulu öndər Heydər Əliyev tərəfindən rəsmən Novruz milli bayram elan edildi. 2010-cu ildə isə ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bəşəriyyətin qeyri-maddi-mədəni irsi olaraq UNESCO tərəfindən qeydə alınıb. Beş ildən çoxdur ki, “Beynəlxalq Novruz Günübütün dünyada bayram edilir.

Təbiətdən yazın nəfəsi duyulur. Evlərə bolluq-bərəkət gətirən Xıdır Nəbi bayramından sonra yurdumuza Novruzun gəlişindən xəbər verən çərşənbələr qədəm basır. Təbiətin, həyatın oyanması ilə başlanan Novruz bayramını Azərbaycan xalqı böyük təntənə ilə qeyd edir.

Novruz” - hərfi mənada yeni gün deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Mahmud Kaşğarlınn “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has HacibinKutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və basqa əsərlərində rast gəlmək mümkündür.

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə, növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohumdostlara baş çəkilmiş, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inamsimpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.

Qeyd etdiyimiz kimi, tarixi mənbələrə görə təbiətin, həyatın oyanması Novruzdan başlanır. Bu oyanışı Yaxın Şərq və Orta Asiya xalqları, qonşu İran və Türkiyədə, o sıradan qazaxlar, əfqanlar, özbəklər, türkmənlər, taciklər, qırğızlar, azərbaycanlılar və s. xalqlar çox təntənəli, həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayırlar. Belə ki hər həftənin ikinci günləri Su, Od, TorpaqYel çərşənbə günləri qeyd olunur. El arasında Yel çərşənbəsinə Axır və ya İlaxır çərşənbə də deyilir.

Xalq deyimlərinə əsasən, Su çərşənbəsi günü susu mənbələri təzələnir və hərəkətə gəlir. Yəni, bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.

İkinci Od çərşənbəsidir ki, Günəşin hərarətinin artması ilə izah olunur. Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir.

Üçüncü çərşənbədə torpaq oyanır, yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, ağacların tumurcuqları çırtlayır, baharın gəlişi hiss olunur. Nəticədə bütün bunların vəhdəti ilə bütövlükdə həyat yenilənir, təbiət canlanır.

Sonuncu - Axır Çərşənbə axşamı qədim ənənələrə uyğun olaraq, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtliklərdən uzaq olmaq arzulanır. Evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən, , şirin çörək, paxlava, şəkərbura, şorqoğal, badamburas. bişirilir. Adətə görə, süfrəyə adı “S” hərfi ilə başlanan yeddi növ xörək qoyulur. Süfrəni həmçinin sumax, sirkə, süd, səməni, səbzi və bunlardan başqa, güzgüşamlar, boyanmış yumurtalar bəzəyir. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə, bayramın ilk günü hamı öz evində olmalıdır.

İlaxır çərşənbədə Çilə çıxarmaq mərasimi də xarakterikdir. Bu mərasim əsasən Azərbaycanın cənub bölgəsində və Bakı kəndlərində, eləcə də digər rayonlarda qeyd olunur. Bu zaman insanlar öz evlərində şam yeməyini yedikdən sonra bir yerə yığılır və səhərə qədər oyaq qalarlar. Həmin gecə oğlanlar müxtəlif oyunlar oynayar, lətifələr danışarlar. Xanımlar fala baxır, rəqslər edir, hekayələr danışırlar. Yeri gəlmişkən qeyd edək ki, çilə çıxarılan otağa həmişə balış və saplı iynə qoyurlar. Bu da ondan ötəridir ki, əgər kimsə Çilə gecəsi yuxusunu boğa bilməyib yatarsa, onu həmin balışa tikərlər.

Çilənin səhərisi, hava yarıişıqlanan zaman insanlar evlərdən çıxır və axar suyun (adətən, çayın) yanına gedərək günəşi qarşılayarlar. Bu zaman çayın suyu ilə əl-üzlərini yuyurlar. Hətta cavanlar havanın və suyun hələ tam istiləşməməsinə baxmayaraq, çayda çimərlər də. İnanca görə, bu su ilə əl-üzünü yumaq təmizlənmək, paklanmaq deməkdir.

Axar suda təmizlənən insanlar geri qayıdanda isə kuzələrdə həmin sudan evlərinə gətirərlər. Bu su ilə xəstələrinin əl-üzlərini yuyarbununla da onların tezliklə şəfa tapacaqlarına inanarlar. Onu da qeyd edək ki, çaydan gətirilən sudan həyət-bacalarına və evlərinin dörd tərəfinə səpərlər. Bu da bolluğun-bərəkətin olmasını arzulamaq anlamına gəlir.

Novruz bayramı həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” - meydan məzəli oyunu (baharın gəlişinin rəmzi) və falabaxmanı qeyd etmək olar.

Suodla bağlı maraqlı ənənələr də var. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbə günü yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır. Tullanarkən adətən, bu sözlər deyilir: “Ağırlığım, uğurluğum burda qalsın!”, “Dərdim, bəlam odda yansın!”, “Ağırlığım, uğurluğum göydə uçan quşlara!”, “Sarılığım sənə, qırmızılığın mənə!”. İnanca görə, odun üzərindən tullandıqdan və nəzərdə tutulan sözlər deyildikdən sonra onlar köhnə ilin dərdindən, bəlalarından, xəstəliklərindən qurtulacaq, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedəcəklər. Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axır çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərsə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşarlar.

Novruzun ən maraqlı məqamı köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan”. Bir qayda olaraq, çöl qapılarını bağlamırlar. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

İlk çərşənbədən son çərşənbəyəcən Novruz bayramı baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunursevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə hesablanır. Bu münasibətlə çərşənbədən-çərşənbəyə bayram hazırlıqları davam edir. Ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. günün əsas qayğılarından hesab olunur. Müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıb-kimsəsizlərə yardım edilir, bayram payı paylanır və s. Yumurta döyüşdürülməsi iki dünyanın - qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdir. Toxum cücərtmək və ya səməni qoymaq da təbiəti canlandırmaq vasitəsi kimi anlaşılır. Qulaq falı və ya qapı pusmaq yeniləşmənin məlumat səviyyəsini əks etdirir.

Azərbaycanlılarla yanaşı, bu bayramı ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də öz milli bayramları səviyyəsində qeyd edirlər. Şimal bölgəmiz olan Qusar rayonundan Cibir kənd orta məktəbinin direktoru Dair Məcidov bildirir ki, əksəriyyətinin ləzgilər təşkil etdiyi rayonumuzda Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Bizim süfrəmiz azərbaycanlılarsız, azərbaycanlı qonşularımızın, dostlarımızın çərşənbəsi, bayram süfrəsi isə bizsiz olmur.

Novruz bayramı nəinki ölkəmizdə yaşayan hər bir insan üçün, eləcə də dünyanın hər hansı guşəsində yaşayan və işləyən azərbaycanlı üçün də əziz bayramdır. Bu həm millət, xalq, həm də dövlət bayramıdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan. - 2016.- 16 fevral.-  S.8.