Le Courrier de l’ouest” qəzeti: Məryəm Ələkbərli əsərlərində sevinc və məsumluğu əks etdirir

 

Fransanın “Le Courrier de l’ouest” qəzetində istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında məqalə dərc olunub.

Məqalədə rəssamın həyatı və yaradıcılığı barədə məlumat verilir. Bakıda anadan olan Məryəmin artıq 300-dən çox əsərinin olduğu diqqətə çatdırılır.

Məqalədə qeyd edilir ki, əsərləri ilə hamıda böyük maraq yaradan Məryəm öz hisslərini, gördüyüduyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirir. Enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan rəssam ecazkar bədii bacarığı ilə seçilir. Onun enerjiinsan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə də dəfələrlə nümayiş olunub.

Məryəmin 2015-ci il yay mövsümündə yaratdığı əsərləri xüsusi bir mövzuyaibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr edildiyibunun da təsadüfi olmadığı bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir. Gənc rəssamın bu əsərləri ilə Azərbaycanın mədəni irsini təşviq etdiyi vurğulanır.

Müəllif Məryəm Ələkbərlinin məna və hisslərin dərinliyi ilə seçilən əsərlərində öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə etdiyini yazır. Onun əsərlərində daha çox sevinc və məsumluğun əks olunduğu vurğulanır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan. - 2016.- 17 fevral.- S. 8.