Xalqın sevimli şairi

 

Nəriman Həsənzadə - 85

 

Müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. Atası Alməmməd kişini çox tez itirən Nəriman qəsəbədə hamının “Nabat xala” deyə çağırdığı sevimli anasının himayəsində böyümüşdür. Şair sonralarNabat xalanın çörəyi” povestində uşaqlıq, yeniyetməlik və gənclik illərinin acılı- şirinli xatirələrini, anasının tək oğlunu böyütmək üçün düşdüyü çətinlikləri, keçirdiyi həyəcanları və göstərdiyi mətanəti sənətkarlıqla qələmə alacaq, həyatda özünə mövqe tutub müəyyən imkanlar qazandıqda isə, dünyadan vaxtsız getdiyinə görə qayğısını çəkib fədakar anasına övladlıq borcunu qaytara bilmədiyindən acı-acı təəssüflənəcəkdi.

Orta məktəbi bitirdikdən sonra Nəriman Həsənzadə təhsilini o zaman H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Əsgərlik xidmətini başa vurub Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu illərdə (1957-1961) artıq tanınmış şair idi. Və “Dostlar gözləyir məni” (1956), “Qız ürəyi” (1957), “Hardasan” (1959), “Sizdən ayrılmadım” (1961) şeir kitabları nəşr olunmuşdu. El şairi Çoban Əfqanın şeirlərini toplayıb ayrıca kitabça şəklində kütləvi tirajla çap etdirmişdi. Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) aspiranturasında təhsil alan Nəriman Həsənzadə “Azərbaycan - Ukrayna ədəbi əlaqələri (1941-1945)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra “Azərbaycan gəncləri” qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, “Azərbaycan” jurnalında poeziya şöbəsinin ədəbi işçisi, müdiri olmuşdur. Sonra isə bir neçə il SSRİ Ədəbiyyat Fondu Azərbaycan şöbəsinə rəhbərlik etmişdir.

TeleviziyaRadio Verilişləri Komitəsində, nəşriyyatlarda, mətbuat orqanlarında kifayət qədər operativ, çoxlu zəhmət tələb edən işlərdə çalışsa da, Azərbaycan Yazıçılar İttifaqı ilk partiya təşkilatının katibi kimi məsul bir vəzifə daşısa da, 60-70-ci illərdə şair ardıcıl olaraq ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandıran “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitablarını nəşr etdirir.

Ümummilli lider Heydər Əliyevin məsləhəti ilə 1978-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetinə baş redaktor təyin olunduqdan sonra Nəriman Həsənzadənin həm ədəbi-ictimai fəaliyyəti, həm də yaradıcılığı qarşısında yenidaha geniş üfüqlər açılır. Dövlət başçısının qayğısını hiss edən şair daha böyük həvəslə və cəsarətlə yazıb-yaratmağa, daha ciddi sosial-siyasi, tarixi mövzulara müraciət etməyə, milli ictimai təfəkkürü narahat edən miqyaslı problemlər qaldırmağa başlayır.Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi” və s. kitablarında toplanmış şeirləri, poemaları və mənzum dramları həm ideya-məzmununa, həm də poetik məziyyətlərinə görə 80-90-cı illərdə Nəriman Həsənzadənin tanınmış şair səviyyəsinə yüksəldiyini, cəmiyyətə güclü təsir imkanlarına yiyələndiyini göstərir. Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olduğu illərdə (1978-1991) qəzet Azərbaycan ədəbiyyatının, ümumən milli ədəbi-ictimai, mədəni fikrin ruporuna, ideoloji mərkəzinə çevrilir. Və təsadüfi deyil ki, həmin illərdə, elə sonralar da “Ədəbiyyat və incəsənət” qəzeti (sonralar “Ədəbiyyat qəzeti”) ədəbi-ictimai dairələrdə baş redaktorun adı ilə “Nəriman Həsənzadənin qəzeti” adlanırdı. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda milli müstəqillik hərəkatının geniş vüsət aldığı illərdə “Nəriman Həsənzadənin qəzeti” müxtəlif xarakterli maneələrə baxmayaraq, azadlıq uğrunda mübarizənin ön sıralarında gedirdi. Qəzet bütün dünya azərbaycanlılarının oxuması üçün kiril əlifbası ilə yanaşı həm latın, həm də ərəb əlifbasında məqalələr dərc edirdi.

1991-ci ildə Nəriman Həsənzadə çox sevdiyi “Ədəbiyyat qəzeti”nin baş redaktorluğundan ayrılmalı olur. Və çox keçmədən Mətbuat Komitəsinə sədr müavini təyin edilir. Sonra mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışır, bir neçə il isə naziri əvəz edir. Azərbaycan dövlətçiliyinin tarixinə “keçid dövrükimi düşmüş 90-cı illərdə mətbuat təsərrüfatının, eləcə də nəşriyyat işlərinin qaydaya salınmasında, xüsusilə yeni orta məktəb dərsliklərinin hazırlanmasında nazir əvəzi Nəriman Həsənzadənin böyük xidmətləri olmuşdur.

Əməkdar incəsənət xadimi, xalq şairi Nəriman Həsənzadə Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı (1990-1995), Müstəqillik Aktına qol çəkən millət vəkillərindən biri idi. Ümumiyyətlə, millətə, xalqa xidmətin hansı üsul-forması, hansı cəbhə-meydanı varsa, xalq şairi həmişə öz yüksək intellekti, mübarizliyi (və mədəniyyəti!) ilə orda olmuşdur.

Professor Nəriman Həsənzadə hazırda Milli Aviasiya Akademiyasının Dil və ədəbiyyat kafedrasına rəhbərlik edir. Eyni zamanda böyük istedad, ilham və məhsuldarlıqla yazıb yaradır. Şairin yeddi cildlikSeçilmiş əsərləri” kütləvi tirajla nəşr olunmuşdur. Və cəsarətlə demək olar ki, Nəriman Həsənzadə çoxşaxəli, çoxmiqyaslı (və mükəmməl!) yaradıcı şəxsiyyəti ilə Azərbaycan şairi, ziyalısı barədəki tarixi təsəvvürü zənginləşdirmiş ədəbi simalardandır.

Nəriman Həsənzadənin yaradıcılığını üç dövrə bölmək olar:

I. Keçən əsrin 50-ci illərinin ortalarından 70-ci illərinin sonlarına qədər.

II. Keçən əsrin 70-ci illərinin sonlarından 90-cı illərinin ortalarına qədər.

III. Keçən əsrin 90-cı illərinin ortalarından bu günə qədər.

Hər bir dövrdə məhsuldar olmaqla yanaşı, ideya-məzmun və sənətkarlıq baxımından həmişə yüksələn xətlə gedən, ən mürəkkəb, problemli illərdə də susmayan, fasilə verməyən, ideal-missiyasından geri çəkilməyən Nəriman Həsənzadə yaradıcılığı eyni zamanda elə bir konseptual bütövlüyə malikdir ki, Azərbaycan ədəbiyyatı tarixində yalnız çox görkəmli ədəbi simaların yaradıcılığı ilə müqayisə oluna bilər. onu da qeyd etmək lazımdır ki, Nəriman Həsənzadə yaradıcılığının dövrləşdirilməsi şairin həm yaradıcılıq taleyiya tərcümeyi-halı, həm də içərisində, mühitində yaşayıb yaratdığı, təbəddülatlarla zəngin müasir tarixin hərəkatı, dönəmləri, ritmləri ilə diktə edilir ki, bu da böyük sənətin təbiətindən irəli gələn bir keyfiyyət göstəricisidir.

O, ədəbiyyata çox gənc yaşlarında, hər şeydən əvvəl, lirik şair kimi gəlmiş, ilk şeir kitabları da əsasən, lirikadan ibarətdir. Lakin bu lirika təbiiliyi, səmimiliyi və dil-üslub mükəmməlliyilə elə əvvəldən, sözün geniş mənasında, məhz onun müəllifinə məxsus idi. Və Nəriman Həsənzadənin nəinki ilk şeir kitablarını, hətta ilk şeirlərini belə özündən əvvəlki heç bir şairin yaradıcılığı ilə qarışıq salmaq mümkün deyil ki, bu, ədəbiyyata, əlbəttə, öz taleyi, üslubu, ideya-mövzuları, ümumən, öz missiyası ilə gələn orijinal bir şairdən xəbər verirdi.

Müşahidələr göstərir ki, poeziyada, bütövlükdə sənətdə səmimiyyət peşəkarlıq qədər, hətta ondan da artıq vacibdir. Və səmimiyyət olmayan yerdə şairin oxucunun hisslərinə, mənəviyyatına təsiri barədə danışmaq, sadəcə olaraq, mümkün deyil. Nəriman Həsənzadənin yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də ədəbi tənqid şairin əsərlərinin ən böyük məziyyəti kimi ilk növbədə, məhz səmimiyyəti, həssaslığı qeyd etmişlər...

Xalq şairi Bəxtiyar Vahabzadə tamamilə doğru demişdir ki, “Nəriman Həsənzadə dünyada gözəllik, nəciblik, zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür, çünki gözəllik və zəriflik bu şairin sənət idealıdır. O, yalnız bu ideal eşqinə yazıb yaradır.

...Oxucusu ilə o, ürək dilində danışır.

Ürəyin dili nədir?

Səmimiyyət!”

Ailə-məişət lirikası Nəriman Həsənzadənin yaradıcılığında əhəmiyyətli yer tutmaqdadır. Şairin öz tərcümeyi-halına həssaslığı burada da özünü göstərir.

Türk (ümumən dünya) eposunda məhəbbət ailə deməkdir. Ailə ilə (və cəmiyyətlə!) yekunlaşmayan bir məhəbbətin tərənnümünə heç bir şair-mütəfəkkir iddia edə bilməz. Və əgər iddia edərsə, o nəinki mütəfəkkir, heç şair də sayılmaz... Ona görə Nəriman Həsənzadə öz məhəbbət fəlsəfəsini dünya eposunun yaradıcılarının məntiqi ilə tamamlayır:

Mən səni sevdim ki, yoldaş olasan

həyatın ən ağır, dar yollarında.

Demədim axırda bir daş olasan

qədim qəbiristanda, yol kənarında.

Nəriman Həsənzadənin lirik, ümumən, poetik təfəkküründə çox güclü yaddaş enerjisi var. Və bu yaddaş tarixi müasirləşdirir, keçmişi nəinki unutmur, hətta onu bu günün üzvü tərkib hissəsi kimi dərk edir. Zamanın axınının yaratdığı sosial-psixoloji təzadları, ziddiyyətləri özünəməxsus həssaslıqla kəşf edib ortaya çıxaran şair həyatın ustalıqla çəkilmiş elə mənzərələrini yaradır ki, burada təfsilat da gözəldir, ştrixlər də...

“Azərbaycan (himn)”, “Məni bayraq kimi tutun yuxarı”, “Şairlər tabutda böyük görünür”, “Dedilər, danışma, sus!”, “Millət öz-özünə güldü nəhayət”, “Mənim tarixim”, “Qalx”, “Salam, Azərbaycan”, “İran şahına məktub”, “Şəhidlər xiyabanı”, “Gəncə üsyanı”, “Dilənənlər” və s. siyasi-ictimai məzmunlu şeirlərində şairin lirik qəhrəmanı həm şəhiddir, həm də qazidir - hər ikisində də Vətəni üçün tarixi məsuliyyəti inamla, idraklaqürurla daşıyan Vətən oğludur.

Xalq yazıçısı Mirzə İbrahimov təbiətən yumşaq, mülayim xarakterə malik olan Nəriman Həsənzadənin poeziyasında “axıracan prinsipialolduğunu hələ 80-ci illərin ortalarında tamamilə düzgün müşahidə etmişdi. Və bu prinsipiallıq təbiətən yumşaq, mülayim olan şairin daxili zənginliyi, millət qarşısındakı mənəvi məsuliyyətinin təzahürüdür ki, yaradıcılığında bütün əlamətləri ilə təcəssüm edir.

Nəriman Həsənzadə poema yaradıcılığına lirikadan gəlmişdir ki, bu özünü şairin poemalarının lirik xarakterində kifayət qədər aydın göstərir. Belə ki, müəllif geniş miqyaslı, şaxələnən süjetlərə, hadisələrin təfərrüatına müraciət etmir, mövzunun o məqamlarına diqqət yetirir ki, həmin məqamlar əsərin ideya-məzmununu, şairin qayəsini əks etdirə bilsin. Keçən əsrin 50-ci, 60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”; 70-ci, 80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Səfirə məktub”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru paşa”, “Nizami”, “Sözü tara verinçoxlu sayda (və müxtəlif həcmli) poemalarının hamısında Nəriman Həsənzadə həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edir.

Nəriman Həsənzadənin dramaturgiyası, tədqiqatçıların dəfələrlə qeyd etdikləri kimi, onun lirikasındakı dramatizmdən, xüsusilə epik-dramatik poemalarından doğulmuşdur. Akademik İsa Həbibbəyli göstərir ki, “şairin “Nəriman” və “Zümrüd quşu” poemalarında epik məqamlar olsa da, bu əsərlər əsasən dramatik poemalardır. Əgər bu poemalardakı bəzi lirik ricətlər, haşiyələr, əlaqələndiricilik funksiyasını yerinə yetirən epik təsvirlər olmasaydı, həmin əsərləri dram növünə aid nümunələr də hesab etmək mümkün olardı”.

Məlum olduğu kimi, Nəriman Həsənzadə dramaturgiyaya (teatra) keçən əsrin səksəninci illərində “Nəriman” poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” dram-tamaşası ilə gəldi. Hələ o illərdə cəsarətlə “dövlət müstəqilliyi ideyasını və milli mənafeyi özünəməxsus şəkildə səhnədən səsləndirən” (İsa Həbibbəyli) bu əsər müəllifə şöhrət qazandırmaqla yanaşı, Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanov haqqındakı tarixi həqiqəti, onun mürəkkəb bir dövrdə yaşadığı “tale dramı”nı (İsa Həbibbəyli) ortaya çıxarmaqla bir sıra əhəmiyyətli ictimai- siyasi, ideoloji mübahisələrə aydınlıq gətirdi. Azadlıq, müstəqillik uğrunda mübarizəyə milli ziyalı kimi başlayıb mövcud tarixi şəraitin mürəkkəbliyi nəticəsində onu milli kommunist kimi başa vuran (və burada da yanılan!) Nəriman Nərimanovun tərcümeyi-halı Nəriman Həsənzadəyə imkan verirdi ki, bu böyük şəxsiyyətin mübarizələri timsalında Azərbaycan xalqının siyasi taleyi barəsində tarixi olduğu qədər də müasir mövqeyini ortaya qoysun. bu, ümumən Azərbaycan ədəbi-ictimai təfəkkürünün çox böyük uğuru idi ki, milli müstəqillik (və dövlət müstəqilliyi) ərəfəsində “Bütün Şərq bilsin” müəllifi belə bir mükəmməl əsər təqdim edə bildi... Əsərdə Nəriman Nərimanov milli ruhun, mənəviyyatın, ideyaların daşıyıcısıdır, milli liderdir, lakin onun mübarizəsi mövcud tarixi şəraitdə çox böyük maneələrlə, siyasi konyukturlarla üz-üzə gəlir ki, onları dəf etmək, yarıb keçmək, demək olar ki, imkan xaricindədir. Tarixi mənbələrə əsaslanan müəllif vəziyyəti bütün mürəkkəbliyi (və aydınlığı!) ilə təsvir edir, süni sxemlər, modellər qurmur, ona görə də Nəriman Nərimanov obrazı bu qədər canlı, bütöv və möhtəşəmdir.

“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” (1984) gətirdi... Sonra isə “Pompeyin Qafqaza yürüşü” (1997) tamaşaya qoyuldu...

Nəriman Həsənzadə çox böyük bir şair olmaqla yanaşı, qələmini nəsrdə də sınamışdır. Və artıq qeyd etdiyimiz kimi, onunNabat xalanın çörəyi” povesti geniş ictimai maraq doğurmuş, bir sıra xarici dillərə tərcümə olunmuşdur. Müəllif povestin həm yazılmasında, həm də nəşrində görkəmli tənqidçi-ədəbiyyatşünas, professor Akif Hüseynovun xidmətlərini qeyd edir: “Əslində bu əsəri Akif Hüseynov üzə çıxardı. Bəlkə də heç vaxt yazılmayacaqdı”... Avtobioqrafik məzmuna malikNabat xalanın çörəyi” povesti yalnız böyük bir şairin cəmiyyət üçün həmişə maraqlı olan tərcümeyi-halı ilə tanışlıq imkanı verdiyi üçün deyil, həm də dövrün kiçik bir fəhlə qəsəbəsindəki insan münasibətlərini yüksək səmimiyyətlə təsvir etməsi, həyatın bilavasitə özündən gələn canlı (və təbii) xarakterlər təqdim etməsi ilə maraqlıdır.

Müəllif “Nabat xalanın çörəyi”ndə elə məqamlara, epizodlara müraciət edir, elə təfərrüatlar verir ki, adi insanların gördükləri işlərin nə qədər qeyri-adi, nə qədər tarixi olduğuna inanmamaq, sadəcə, mümkün deyil...

Nəriman Həsənzadə elmi, elmi-publisistikpublisistik əsərlər müəllifidir ki, onların həsr edildiyi mövzular müxtəlif olduğu qədər də aktualdır.

Onun dünya mədəniyyəti tarixindən bəhs edən irihəcmli “Kulturologiya” dərslik-monoqrafiyasının (2005) əsas məziyyətləri ondan ibarətdir ki, müəllif a) dünya mədəniyyətinin əsaslarına dərindən bələddir, b) Azərbaycan mədəniyyəti texnologiyalarının bilavasitə daşıyıcısıdır və c) dünya mədəniyyəti sisteminiya sistemlərini məhz Azərbaycan fəlsəfi-kulturoloji təfəkkürü mövqeyindən şərh etməyə çalışmışdır. Bütün bunlar isə Nəriman Həsənzadənin kitabını daha çox ümumi, yaxudneytralüslubda yazılan, milli idrakın, o cümlədən milli elmi-pedaqoji idrakın çətin həzm etdiyi dərsliklərdən fərqləndirir. Müəllif ümumbəşəri mədəniyyət hadisələrinə (strukturlarına) belə milli təfəkkürün ehtiva edəcəyi, anlayacağı, estetik zövq alacağı rakursdan baxır.

Kulturologiya” dərslik-monoqrafiyası bir daha göstərdi ki, Nəriman Həsənzadə poeziyası, ümumən yaradıcılığı fitri istedadla yanaşı, güclü intellektual-elmi əsaslara söykənir və bu zərurəti vaxtilə Azərbaycan ədəbiyyatının, demək olar ki, bütün dühaları etiraf etmişlər.

Azərbaycan ədəbiyyatının, xüsusilə poeziyasının görkəmli nümayəndələri haqqında Nəriman Həsənzadənin yazdığı çoxsaylı məqalələrin, söylədiyi fikirlərin, mülahizələrin hər biri bir ədəbiyyatşünas peşəkarlığı səviyyəsindədir.

Nəriman Həsənzadənin publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır ki, xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri (2013) Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir. Əsərdə müəllifin belə bir etirafı diqqəti çəkir ki, “Nəriman” poemasından başlayaraq yaratdığı milli dövlət xadimləri obrazlarında Heydər Əliyev şəxsiyyətində bilavasitə müşahidə etdiyi xüsusiyyətlərdən geniş bir şəkildə faydalanmışdır. Ümumiyyətlə, böyük siyasi şəxsiyyətin, milli dövlət (və millət!) qurucusunun ədəbi şəxsiyyətin taleyində oynadığı rolun tarixi əhəmiyyətini dərk etmək baxımından “Mənim ədəbi taleyim” görkəmli şairin yaradıcılığında mühüm yer tutur.

Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan xalqının, onun intellektinin, mədəniyyətinin, mənəvi qüdrətinin elə mühüm hadisələrindən biridir ki, həmişə millətin özünüdərkinə (və özünütəsdiqinə) xidmət edəcək, onun ədəbi-estetik zövqü ilə yanaşı, ictimai (milli) şüurunun, təfəkkürünün inkişafına proqressiv təsirini göstərəcəkdir.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

Milli Məclisin deputatı

 

Azərbaycan. - 2016.- 18 fevral.- S.11.