Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib

 

Fevralın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları ilə yanaşı, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər iştirak ediblər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək deyib ki, bəşəriyyət və insanlıq əleyhinə dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının törədilməsindən 24 il keçir. İnsanlığın bir qismi Xocalı soyqırımını günün hadisəsi kimi qəbul edir, bir qismi yolverilməz olduğunu düşünür, əksəriyyəti isə görməzlikdən gəlirdi, lakin bu faciənin ən ağrılı tərəflərini Azərbaycan xalqı yaşadı. Bu illər ərzində belə cinayətlə, faciə ilə üzləşməyə layiq olmadığımızı düşündük. Çünki Azərbaycan inkişafının bütün mərhələlərində sülhsevər, dinc, digər etnik qruplarla, müxtəlif din daşıyıcıları ilə eyni mühiti, ərazini, mədəniyyəti bölüşür. Bu müddət ərzində müstəqil dövlət kimi bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə və qaydalara sığır.

Milli Məclis Sədrinin müavini bildirib ki, Azərbaycan dövləti ötən müddətdə həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində hərtərəfli fəaliyyət göstərib. Hər il Xocalı soyqırımı ərəfəsində istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlər daha da intensivləşir. Belə tədbirlər keçirilməklə bu cinayəti törədənlərin ədalət mühakiməsi qarşısında dayanması tələb edilir. Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də bütün lazımi addımlar atılır.

Bahar Muradova vurğulayıb ki, Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyindən münasibət yalnız ulu öndər Heydər Əliyev tərəfindən göstərilib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq qurumlara ilk dəfə olaraq Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edildi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl, müəyyən hədəflərə söykənən fəaliyyəti olduğunu, Xocalı soyqırımının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu sübut etdik. Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin. Hazırda heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də, buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş cinayətlərin açıq-aşkar nümunəsidir. Bu cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Həmin vasitələrə yol açmaq üçün ilk növbədə ölkənin daxilində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və axtarışa verilib. Müəyyən edilmiş şəxslərin Azərbaycanda mühakimə olunması üçün obyektiv əngəllər olsa da, istintaq zamanı əldə edilmiş məlumatlar, işin faktiki halları beynəlxalq müstəvidə çıxış etmək üçün möhkəm bünövrəni təşkil edir.

Müasir dünyada insan hüquqlarının pozulmasına yol vermiş şəxslərin və dövlətlərin məsuliyyətə cəlb edilməsinin iki mümkün üsulu var: birincisi, universal yurisdiksiyanı tanıyan dövlətlərin məhkəmələrinə, ikincisi isə beynəlxalq məhkəmələrə müraciət etmək. Xocalı soyqırımı ilə əlaqədar hər iki imkan araşdırılıb və müvafiq tədbirlər artıq həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəyən zərərin Ermənistan tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən gənc hüquqşünaslar da cəlb edilib. Misal üçün, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvləri tam təmənnasız olaraq minlərlə qaçqın və məcburi köçkün ailələri ilə görüşlər keçirib, söhbətlər aparıblar. Nəticədə Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki erməni təcavüzü nəticəsində insanların mülki hüququnun pozulması, həmçinin şəxsi və ailə həyatının toxunulmazlığı, ayrı-seçkiliyin qadağan edilməsi məsələsi qaldırılıb. Bundan əlavə, Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa qitəsinin sakinlərinin hüquq və azadlıqlarını qorumaq vəzifəsi olan Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi gündəliyi olan quruma çevrilir. Təşkilatın iştirakçı dövlətlərdə müstəqil məhkəmə sisteminin fəaliyyətini tələb edən qurum hazırda müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir. Məhz buna görə minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün ərizələri on ildən artıqdır ki, baxılmamış qalır. Azərbaycan xalqına xəyanət edənlərin, öz şəxsi maraqlarını vətəndən yüksək tutanların ərizələri isə prioritet qaydasında altı, yeddi ay ərzində baxılır.

Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı öz çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb. Əgər beynəlxalq birlik İkinci Dünya müharibəsinin dəhşətlərindən düzgün nəticə çıxarsaydı, müxtəlif coğrafi məkanlarda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər baş verməzdi. Hər bir halda insanlığın əsaslarını sarsıdan bu cür əməllər törətmiş şəxslər layiq olduğu cəzanı alacaqlar.

Qeyd edilib ki, Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu isə beynəlxalq ikili standartların nəticəsidir.

Xocalı faciəsi zamanı Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmamışdı. Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyaları ratifikasiya edilərək Cinayət Məcəlləsinə köçürüldü. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla bilər.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi həmin il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başlanılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyikeçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bütün cinayət işləri bir icraatda birləşdirilib.

2005-ci ilin mayında cinayət işinin istintaqına nəzarət respublika Hərbi Prokurorluğuna həvalə olunduqdan sonra həmin ilin iyulunda cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək, hazırda respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində istintaq edilir.

Xocalı soyqırımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib və həmin şəxslər axtarışa verilib. Həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimai müzakirədə çıxış edən Milli Məclisin deputatları və QHT nümayəndələri Xocalı soyqırımının dəhşətlərindən bəhs edərək bildiriblər ki, dünya ictimaiyyətinin bu soyqırımını tanımamağa mənəvi haqqı yoxdur. Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanıdılması məsələsində səylər daha da artırılmalı, imkanlar geniş şəkildə səfərbər edilməlidir. Xaricdə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilərkən auditoriya düzgün seçilməlidir. Xocalı faciəsi auditoriyaya hissiemosional formada çatdırılmalıdır. Bu istiqamətdə Azərbaycan ədəbiyyatı və kino sənayesinin üzərinə böyük vəzifələr düşür.

Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmi qeyd edilib, soyqırımını törədənlərin gec-tez öz layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

 

Azərbaycan. - 2016.- 18 fevral.- S.10.