Vətəndaşların müraciətlərinə həssas yanaşma nümunəsi

 

Əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının dövlətə və Prezidentə inamını daha da artırır

 

Prezident İlham Əliyev dünyanı cənginə alan maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlayıb. Böhranın dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadisiyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq qarşıda dayanan əsas vəzifələrdəndir.

Hər bir azərbaycanlının layiqli prezidenti olduğunu əməli işi ilə sübuta yetirən cənab İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Son 12 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Prezident İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli qanununubu qanunun tətbiqi barədə 12 noyabr tarixli fərmanını xüsusi vurğulamaq olar. Artıq hər yerdə qanunun müddəaları dövlət qulluqçuları, həmçinin müraciətlərə baxan digər subyektlər tərəfindən diqqətlə öyrənilir, respublika qanunvericiliyinin bu qanuna uyğunlaşdırılması, ondan irəli gələn normativ-hüquqi aktların hazırlanması üçün müvafiq fərmana uyğun olaraq lazımi tədbirlər görülür.

Azərbaycan Prezidenti çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Ölkə başçısının bu müraciətindən sonra vətəndaşlar Prezident Administrasiyasına təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də onların aradan qaldırılması yolları haqqında öz təklif və mülahizələrini bildirirlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Süleyman İsmayılovun qəzetimizdə dərc edilən yazısında göstərilir ki, ötən ildə də vətəndaşların Prezident Administrasiyasına ən müxtəlif məsələlər barədə daxil olmuş müraciətləri dərindən təhlil edilmiş, qaldırılan məsələlərin həlli üçün tədbirlər görülümüş, bu barədə respublika mətbuatında vaxtaşırı məlumat verilmişdir: “2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil etmişdir. 2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalmışdır. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.

2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 33,6 faizi müsbət həll olunub, 28,6 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 24,9 faizinə müvafiq izahat verilib, 9,1 faizi əsassız sayılıb, 3,8 faizi icradadır. Yerli icra hakimiyyəti orqanlarında isə daxil olan müraciətlərin 34,5 faizi müsbət həll olunub, 45,7 faizinə müvafiq izahat verilib, 9,6 faizi isə aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 6 faizi əsassız sayılıb, 4,2 faizi icradadır”.

Ötən ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin sayı 2014-cü illə müqayisədə azalsa da, ölkə vətəndaşları öz problemlərini mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr, mərkəzi dövlət orqanlarının yerli qurumları, eləcə də özəl qurumların rəhbərləri və nümayəndələri vasitəsilə həll edə bilmədikdə bir çox məqamlarda bilavasitə Azərbaycan Respublikasının Prezidentinə, onun Administrasiyasına müraciət etməyə üstünlük verirlər.

Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. “Əsl siyasət konkret real görməkdir” devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi öndədir. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etmək ki, gedin oya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir”.

Prezident Administrasiyasına 2015-ci ildə daxil olmuş müraciətlər barəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Süleyman İsmayılovun qəzetimizdə dərc edilən yazısında göstərilir: “2015-ci ildə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət artırılmış, vətəndaşların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə daha diqqətlə yanaşılmışdır. Ölkə başçısının ardıcıl və qətiyyətli mövqeyi sayəsində bütün sahələrdə nizam-intizam xeyli möhkəmlənmiş, vətəndaşların nəzarət qaydasında baxılan müraciətlərində qaldırılan məsələlərin çoxu müsbət həll edilmişdir. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılmışdır. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 827 nəfərə töhmət verilmiş, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilmişdir. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunmuş və digər tədbirlər görülmüşdür.

2015-ci ildə şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir”.

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsinə yönəlib. Dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi qarşıdakı dövr ərzində prioritet istiqamət təşkil edəcək. Respublikamızın qlobal maliyyyə böhranı şəraitində makroiqtisadi sabitliyi təmin etməsi dünyanın nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Azərbaycanın davamlı inkişafı, aparılan quruculuq işləri, şəhər və kəndlərimizin gündən-günə abadlaşması, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının öz dövlətinə, Prezidentinə inamını daha da artırır. Onlar görülən işlərə görə minnətdarlıq hisslərini bölüşür, arzu və istəkləri, eyni zamanda, gündəlik həyatda qarşılaşdıqları problemlər barədə hüquq və azadlıqlarının qarantı olan ölkə Prezidentinə və onun Administrasiyasına müraciət edirlər. Ölkə vətəndaşlarının bu müraciətləri onların Azərbaycan Prezidentinə böyük etimadından irəli gəlir.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevikoptimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Əsl liderlik, şübhəsiz, kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyününsabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 19 fevral.- S.1, 4.