Rəssamın xəyal dünyası

 

Dünyada tərcüməsiz, sərhədsiz anlaşılan, çox incə və maraq doğuran  sənətlərdən biri də rəssamlıqdır. Rəssamlar öz yaradıcılıqları ilə sənət və estetik ruhun dərinliklərindən bütün insanlıq aləminə bir sevgi, təmizlik aparırlar.

Azərbaycanda  ən qədim mədəniyyət nümunələri Mezolit  dövrünün əvvəllərinə təsadüf edir. Şumer mədəniyyətinin zəngin qollarından birini məhz rəssamlıq təşkil edir. XIX əsrin II, XX əsrin I yarısında iki çay arasında aparılan arxeoloji qazıntılar zamanı tapılan əsərlər Avropa və digər ölkələrin universitetlərində saxlanılan çox dəyərli eksponatlardır.

Əlbəttə, Azərbaycanda bu gün də nümunəvi, tarixdə müəllifinin adını yaşadacaq əsərlər az deyil.  Həmin müəlliflərdən biri, abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərov da sənətsevərlərə yaxşı tanışdır. Dünyanın bir çox məşhur incəsənət mərkəzlərində yaradıcılıq nümunələri ilə təqdim olunan rəssamın bu günlərdə Müasir İncəsənət Mərkəzinin YAY qalereyasında  növbəti fərdi sərgisi açılıb. Sərgi mart ayının 31-dək davam edəcəkdir.

Rəşad Ələkbərov 1979-cu ildə Bakıda anadan olub.  2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət fakültəsini bitirib.  Onun yaradıcılıq bioqrafiyasına  rəngkarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video, memarlıq dizaynı  daxildir. Rəssamın fərdi sərgiləri əsasən “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə təşkil edilib.

Xatırladaq ki, Rəşad Ələkbərovun “Sözlər” adlı ilk fərdi sərgisi 2014-cü ilin fevralında keçirilib. O, Azərbaycanda işıq və kölgələrdən ibarət instalyasiya yaradan ilk rəssam hesab olunur. Rəssamın sənət işləri Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.

Yeri gəlmişkən, tədbirdə bir daha  rəssamın həyat və yaradıcılığı haqqında  məlumat verilərkən bildirilib ki, o, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın “Lost in translation. This too shall pass” (“İtmiş. Bu da keçəcək”) adlı əsəri Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib.

Sadalamağa ehtiyac duymasaq da, qeyd edək ki, rəssamın 2003-cü ildən bu günə qədər 50-dən artıq beynəlxalq və yerli fərdi sərgisi keçirilib. 

Rəssamın fırçası adi məişət əşyaları, rəngləri isə kölgələrdir. Əsasən işıq - kölgə vasitəsi ilə rəsmlər meydana gətirən Rəşad Ələkbərov öz yaradıcılığında fırçanın sehrini işığınkına çevirib.  Dekorativ sənətə meyil, aktual incəsənətin əks etdiyi kölgələrin fəlsəfi, sərhədsiz dili ilə düşüncə dünyasına  aparan rəssam daha da irəli gedərək,  bəşəriyyəti narahat edən qlobal problemlərə münasibət bildirir, həlli yollarını işıqlandırır. “Layihəyə görə sərgi hazırlayıram” deyən rəssam qlobal tədqiqi axtarışlarını fikrin aydınlığında, gücün vəhdət dərəcəsində axtarır .

Maraq və heyrət doğuran əsərlərin müəllifinə ünvanlanır bu sorğular: rəssam, nədir bu cəsarət? Hansı mistik işıqdan güc almısan? Bu ruhun gücü haradan gəlir? Bu hisslər haradan qaynaqlanır?.. Bəlkə itirilmiş bir ölkənin xarabalıqları arasında tam tarixi əks edə biləcək, toxunulmamış abidə aşkarlananda yaşanan ali hisslər qədər əvəzsiz,  Tanrının Turan elinə göndərdiyi sevgi payından pay almısan?! Bəlkə həyat bulağından su içdiyində Oğuzun sevgisi ilə müjdələnmisən?! Bəlkə də Oğuzun Boz ox, Üç ox sevgisini qət edib Bayat boyundan, Bayat elindən, yaxud 2500 illik tarix yolunun yolçusuAltun geyimli türk şahzadəsi” kimi elə onun kölgəsindən ruhlanmısan?..

Hər dövrün öz qəhrəmanı, hər sənətin öz tarixçiləri var.  Zamanın qanadında ümidlə irəliləmək... İnsanın ruhunda, xislətində sənətkarlıq, yaradıcılıq varsa, hətta hansı ixtisasda çalışmağından asılı olmayaraq, öz sözünü deyir  və göstərir! Tarixdə əsrlər boyu yaradıcı insanlar maraqlı izlər qoyub...

Azərbaycanda rəssamların sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər görülür. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2002-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Rəssamlıq sənətinə və rəssamlara olan diqqət Prezident İham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən incəsənətə, o cümlədən rəssamlıq sahəsinə böyük qayğı göstərilir. Həqiqətdir ki, Azərbaycanda sənətə və sənətkara qiymət və qayğı çox böyükdür. Rəşad Ələkbərovun rəssamlıq tarixçəsinə baxanda bir daha yəqin edirsən ki, Azərbaycan həm də əsl yaradıcı insanlar üçün rahat məkandır.

 

Aytən AYDINQIZI,

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2016.- 20 fevral.- S. 8.