Dilimiz milli varlığımızdır

 

Hər bir xalq öz dilini yaradır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Heydər ƏLİYEV

 

Beynəlxalq statistikaya görə, dünyada 6.000-ə yaxın dil var, bunun 2.500-ə qədəri itmək üzrədir. Qalan 3.500 dilin təxminən 500-ü dövlət dilidir. Azərbaycan dili də dövlət statuslu dillər sırasındadır.

XX əsrin əvvəllərində imperiya qüvvələrinin tərtib etdiyi xəritələrdən “Azərbaycan” ölkə adı silinib, “Qafqaziya” yazıldığı dövrdə Azərbaycan maarifçilərinin “Ana dili” uğrunda mücadilələri “Ana vətən” uğrunda mübarizəyə çevrilmişdi. Bununla bağlı Cəlil Məmmədquluzadə “Azərbaycan” məqaləsində yazırdı: “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan ayıldı və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs, sən hardasan, ay biçarə vətən?!”

Bu proses bu gün də davam edir. Böyük siyasətçilər və dilçi mütəxəssislər bildirirlər ki, hər bir dilin inkişafı və zənginləşməsində, xüsusilə dövlət dili statusu almasında onu təmsil edən pərakəndə xalqın və millətin müstəqil dövlətinin olması əsas amildir. Bu mənada 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin daha geniş şəkildə tətbiqi üçün münbit şərait yaranmışdı. Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini ölkə ərazisində rəsmi dövlət dili elan etmişdi. Bu dil 1918-1920-ci illərdə dövlət dili kimi işlənsə də, 1920-ci il aprelin 28-də ölkəmiz imperiya qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan dilinin dövlət dili səviyyəsində işlənməsinə imkan verilmədi.

Tarixin müxtəlif dönəmlərində bəzi təpki və təzyiqlərə məruz qalmasına baxmayaraq, milli dilimiz varlığını və özəlliyini qoruyub saxlaya bilmiş və böyük inkişaf yolu keçmişdir. Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində reallığa çevrildi. Ulu öndərin Azərbaycan dilinin dünya xalqları arasında rəsmi statuslu dil kimi tanınmasında və inkişafında xidmətləri əvəzsizdir. Bunu yeri gələndə sadə insanlardan tutmuş, tanınmış dilçi-alimlər, şair və yazıçılar, dövlət xadimləri də böyük ehtiramla qeyd edirlər.

Zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana rəhbərlik etməyə başladığı vaxtlardan ana dilimizə böyük qayğı və diqqət göstərmişdir. Onun şəxsi təşəbbüsü, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir. Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra - Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilmiş və rəsmi dövlət statusu almışdır. Dil siyasətinin əsaslarını yaradan Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə istər siyasi-ictimai, istərsə də mədəni aspektdə Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirmişdir.

Ümummilli liderin bu sıradan imzaladığı sənədlər arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı xüsusi yer tutur. Bu tarixi fərmanda dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi və cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı genişliyi ilə öz əksini tapmışdır. Fərmanın icrası ilə əlaqədar öncə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış, “Azərbaycan Respublikasında dövlət dili” haqqında qanun layihəsinin hazırlanması barədə aidiyyəti qurumlara göstərişlər verilmişdir.

Dilçiliyin inkişafı ilə əlaqədar ulu öndərin 2 yanvar 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərabaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında da Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı, onun tətbiqi, qorunması, habelə inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanıb müvafiq qurumlara bu sahədə konkret işlər görmək tapşırılmışdır.

Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Dilçi mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar, xüsusilə şair və yazıçılar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi çox vacib bilirdi. Ulu öndər deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”.

Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də işlədilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpü olması üçün mübarizə aparmışdır. Dil tarixində əlamətdar və önəmli hadisəyə çevrilən bir məqam da var ki, ulu öndərin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ulu öndərin təbirincə desək, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim istər-istəməz dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və layiqincə həyata keçirilməsinə diqqət bizim vətəndaşlıq borcumuzdur.

Ümummilli liderin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Onun 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etmişdir. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 12 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam olmuşdur. Bu sərəncamların sayəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynamışdır. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur. Proqramın icrası ilə əlaqədar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda, Təhsil Nazirliyində, ali məktəblərdə, respublikanın digər aidiyyəti qurumlarında mühüm tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri elm adamlarının, şair və yazıçıların təmsil olunduqları yığıncaqlarda, paytaxtda və bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşılmasını, xüsusi dəyər verilməsini diqqətə çatdırmışdır. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə qayğıdan söz açarkən demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”

Əqidəsindən, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq Azərbaycan dilinin gözəlliyini qorumaq, onun təmizliyinə xələl gətirən yad təsirlərin qarşısını almaq hamımızın borcudur. Çünki dilimiz milli varlığımızdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 21 fevral.- S. 7.