Novruzun ilk müjdəçisi - Su çərşənbəsi

 

Sivil mədəniyyətə doğru inkişaf tarixində Şimal yarımkürəsində yaşamaq hüququ qazanan, baharın - yeni həyatın gəlişini səbirsizliklə gözləyən xalqların gecə ilə gündüzün bərabərləşdiyi günü təmtəraqla qeyd etmək ənənəsi mövcuddur. Həm Şərq, həm də Qərb xalqlarının mifik təfəkküründə yazın gəlişi kulturoloji dəyər kontekstində əks olunmuşdur.

Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin, etiqad, inancları, mərasimləri özündə yaşadıb bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında biliavasitə iştirak edən 4 müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.

Çərşənbə sözünün etimologiyası ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Birinci varianta əsasən, əski müsəlman təqvimində həftənin “cümə günü” “bazar günühesab olunduğuna görə, həftənin V günü “çərşənbə”, yəni, dörd şənbəyə düşür. Çərşənbə “çaharşənbə” ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur. Mənbələrdə göstərilir ki, “çərşənbə” günü Yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşərli, yüngül olduğu üçün “mübarək günhesab edilmişdir. İslam aləmində çərşənbə axşamı günü Məhəmməd peyğəmbərin zövcəsi Aişəyə məxsusdur. Başqa bir varianta görə, Şərq alimləri təqvim tərtib etməyə çalışıblar, həmin təqvimin hazırlanıb bitməsi çərşənbə axşamına təsadüf etmişdir. Digər varianta görə, bəzi xalqlarda çərşənbə həftənin ağır günü hesab olunduğuna görə, həmin günün rahat, sakit keçməsini təmin etmək üçün onun axşamı hazırlıq işləri aparılardı.

Əski inancetiqadlara görə 4 çərşənbənin hər birində bir həyat varlığı “dirilir”, oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir.

Artıq Novruzun müjdəçisinə çevrilən İlaxır çərşənbələr yurdumuza qədəm qoyur.

Boz ayın 4 çərşənbəsindən birincisi Su çərşənbəsidir. Su çərşənbəsi xalq arasında həm də “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”, “Zəmzəm çərşənbə”, “Sel çərşənbə” və s. adlandırılır.

Məlumdur ki, həm təbiətdə, həm də insan həyatında suyun yeri və əhəmiyyəti müstəsnadır. Su həyat mənbəyidir və dünyanın yaranması məhz su varlığı ilə bağlıdır. Su - kimyəvi təsir göstərən, həyat üçün vacib olan mütəhərrik ionlar qrupunun yaranması üçün əlverişli mühitdir. Su biokimyəvi proseslərin gedişini, orqanizmdə temperatur, qida və maddələr mübadiləsini tənzimləyir. Qeyd etmək yerinə düşər ki, insan orqanizminin təqribən 70 faizi, baş-beyin isə 90 faiz sudan ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşıdır. Su verilən informasiyaya kənar təsirlərin daşıyıcısıdır. Yaponiya alimi Masaru Emotonun apardığı təcrübələrə görə, Su deyilən sözlərin mənasına uyğun olaraq reaksiyalar verir. Oxunan dualar, deyilən fikirlər suyun keyfiyyətinə müəyyən təsir göstərir.

Məlumdur ki, türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunursu kultu mühüm yer tutur. Xalq arasında Su tanrısı Abanın və Nahidin adı ilə bağlı çox qədim süjetlər yaranıb. Elə bu səbəbdən də suyun müqəddəsliyini, paklığını tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi meydana gəlmişdir. Su çərşənbəsi, o cümlədən suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən dövrlərdən insanlar hələ gün doğmamış su üstünə gedər, pak, təmiz, axar suda yuyunarbununla da özlərini paklanmış hesab edirdilər. Əski inanclara görə, Su çərşənbəsində insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər, bununla da müşküllükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyirdilər. Suyun müqəddəsliyi erkən folklor mənbələrində, o cümlədən “Kitabi-Dədə Qorqudda Qazan xanın “Su həq didarın görmüşdür” (“Su Tanrının üzünü görmüşdür”) müraciətində, “Koroğluda Qoşabulağın timsalında, Xızırın dirilik çeşməsində içdiyi suda əyan olmuşdur.

Əski türklər bulaqları “qara su” yəni, ulu, ilahi, müqəddəs hesab etmiş və bulağı yeraltı qaranlıq dünya ilə yerüstü işıqlı dünya, eləcə də olumölüm arasındakı bir yol kimi qəbul etmişlər. Ona görə də həmin suyudirilik suyu” adlandırmışlar. Xalqımız onu müxtəlif adlarla, “həyat suyu”, “Xızır suyu”, “Zəmzəm suyu” və s. ifadə etmişdir. Folklorumuzda dirilik suyu ilə bağlı əfsanə və rəvayətlər mövcuddur. Həmin süjetlərə görə Xızır, yaxud Xıdır dirilik suyunu tapıb içir, əbədi həyat qazanır, ona görə də “Nəbi”- peyğəmbərlik statusunu qazanır.

Erkən inanclara görə, “Sular toyu” və yaAxar sular Novruzu” adlandırılan bu çərşənbə axşamında Dan ulduzu doğulan zaman yer üzündəki bütün axar sular bir an donub dayanır, hətta bu zaman suya heç nə batmır.

Başqa bir inanca görə, Su çərşənbəsi axşamında Xızır ilə İlyasın görüşü baş tutur. Mifik təsəvvürlərə görə, Xızırla İlyas görüşərkən sular ətrafındakı bütün canlılar, xüsusən bitkilər, ağaclar Xızırla İlyasayuxudan oyanmağa başlayan suya səcdə edir, sonra isə onlar əvvəlki vəziyyətlərinə qayıdırlar. Əcdadlarımız “kimə bu möcüzəli məqamı görmək nəsib olarsa, onun bütün arzuları həyata keçər” deyiblər.

Əcdadlarımızın erkən təsəvvürlərində bu görüşdən sonra donmuş sular oyanır, təzələnir, paklanır aşıb-daşmağa başlayır.

Su həmçinin sağlamlıq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilərdi ki, bunların mahiyyəti, özəllikləri diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində ərgən qızlar axar sudanlal su”, yəni, suyu evə gətirərkən bir kimsə ilə danışmazdılar. Suyu bir neçə qaba qoyub saxlayardılar. Qızlar bir yerə yığışar, hərə öz üzüyünü saçına sürtüb suya salar, inanca görə üzük suda neçə dəfə cingildəsə, demək, həmin yaşda qız gəlin köçəcək.

Su çərşənbəsində insanlar sübh tezdən axar suyun üstünə gedər, “ağırlığım-uğurluğum suya, azar-bezarım suyadeyib su üstündə dərdlərini danışar və sanki öz çətinliklərini “təzə su” üstündə qoyub gedərdilər. Beləliklə də, Su çərşənbəsi mərasimi icra olunardı.

Su çərşənbəsi ərəfəsində Günəş zodiak qurşağında Dolça bürcündən Balıqlar bürcünə keçir və Müştəri - Yupiter planetinin himayəsinə daxil olur. Ona görə də Əzəl çərşənbə süfrəsində mütləq ağzına qızıl keçirilmiş balıq və bir dolça su olmalıdır.

Bu gün Novruzun ilk çərşənbəsi Su çərşənbəsidir. Xalq arasında belə bir gözəl deyim var: “Su qədər ömrün olsun”, “Su aydınlıqdır”. Arzu edirik ki, ulu xalqımızın, millətimizin ömrü su qədər uzun və gələcəyi aydın olsun! Su çərşənbəniz mübarək!

 

Ülkər NƏBİYEVA,

filologiya üzrə elmlər doktoru

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 8.