İlhamə Məzahir qızı Quliyeva

 

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat etmişdir.

İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutmuşdur. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirmişdir. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilkmahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirmişdir.

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil etmişdir.

İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını almışdır. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülmüşdür.

Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Zeynəb Xanlarova

Siyavuş Kərimi

Elmira Rəhimova

Yalçın Rzazadə

Faiq Sücəddinov

Mübariz Tağıyev

Eldar Mansurov

Ağadadaş Ağayev.

 

Azərbaycan.- 2016.- 26 fevral.- S. 2.