Cinayətkarlar hələ də azadlıqdadırlar

 

1988-ci il fevral ayının 27-28 də erməni millətçiləri xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qanlı aksiya törətdilər. İllər ötsə də, o dəhşətli terrorun əsl cinayətkarları hələ də cəzasız qalıb. Amma törədilən təxribat faktı unudulmayıb. Həmin günlərdə tüğyan edən iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan müxtəlif bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 30-dan artıq avtomobil sıradan çıxmış, 50-yə qədər mədəni-məişət obyekti dağıdılmışdır.

Hesablanıb ki, o vaxtkı qiymətlə 7 milyon rublya 10 milyon dollar məbləğində ziyan dəymişdır. Bütün bunlar adi faktlar və rəqəmlər deyil, sovet imperiyasının iflasa uğradığı ərəfədə baş verən ağır cinayətlərdir. Başqa sözlə, qırmızı imperiyanın Azərbaycana tuşlanan qara oyunları idi. Həmin ərəfədə ermənilər ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparır, xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd edirdilər. Hadisələr az qala, xronoloji ardıcıllığı ilə bir-birini tamamlayırdı. Soydaşlarımızın Ermənistandan zorla qovulması faktını ört-basdır etmək, gizlətmək üçün müxtəlif yollara əl atırdılar. Belə bir fikir formalaşdırmaq istəyirdilər ki, guya azərbaycanlılar Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq edir, təzyiqlər göstərir, onları qətlə yetirirlər. Belə uydurmaların arxasında ermənilərin bilərəkdən və qəsdən törətdikləri cinayətlər dayanırdı. Faktlar araşdırılarkən sübut olunub ki, həmin illərdə Sumqayıtda gizli bir təxribat şəbəkəsi yaradılmışdı. Məlumdur ki, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın çoxu Sumqayıta pənah gətirmişdi. Elə buna görə də bu şəhərdə gərginlik yaratmaq nisbətən asan idi. Sumqayıt hadisələrinin törədildiyi günlərdə yüzdən çox saqqallı erməni şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında yerləşdirilmişdi. İstintaq onu da müəyyən edib ki, qara gödəkçəli təxribatçılar xüsusi təlim keçmiş yaraqlılar olub. Sumqayıtın müxtəlif yerlərində planlı şəkildə qətllər, talanlar törədilir, bir-birinin ardınca ağır cinayətlər baş verirdi. Şəhərin müxtəlif məhəllələrində gözləmə mövqeyində dayanan xüsusi adamlar öz havadarlarından təlimat alırdılar. Aldıqları tapşırıq əsasında hadisələrə müdaxilə edirdilər. Araşdırmalar zamanı bəlli olub ki, şəhərdə ən böyük qanlı aksiya fevral ayının 28-də baş verib. Hadisələr ardıcıllıqla davam edirdi. Mart ayının 1-də şəhərdə komendant saatı elan olunur.

O günləri xatırlayanlar deyirlər ki, Sumqayıt dəniz kimi çalxalanırdı. Küçə və meydanlarda açıq-aşkar qan izləri görünürdü. Son hədəf olaraqSülh” və “Dostluq” küçələrinin kəsişdiyi yeri hadisələrin mərkəzinə çevirmişdilər. Bütün bunların isə rəmzi mənası var idi. Axıra qədər sübut olunmuşdur ki, terror hadisəsi üçün hər şey əvvəlcədən planlaşdırılmışdır.

Bu dəhşətli qərarı verənlər də bəlli idi, icraçılar da. Amma nədənsə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov 1988-ci il iyun ayının 18-də SSRİ Ali Sovetinin iclasında demişdir ki, “...qoşunlar Sumqayıta bir saat gecikmişdi”. Əslində, bu faktın özüyalan idi. Ona görə ki, sovet xüsusi xidmət orqanları talanlar, qətllər başlamazdan əvvəl Sumqayıtı tam nəzarətə götürmüşdülər. “Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəlliflərindən biri Eyruz Məmmədov SSRİ müdafiə naziri Yazovla müsahibəsində həmin məqamları belə xatırlayır: “Dmitri Yazov tam ciddiliyi ilə bizə bildirdi ki, sovet ordusu heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərlərin silah işlətməyə, güllə atmağa qətiyyən ixtiyarı yoxdur”. Deməli, Yazovun müsahibəsindən belə çıxır ki, hər şey planlı şəkildə təşkil olunmuşdu. İmperiya ordusunun törətdiyi qətllərdən bütün rəhbərlərin xəbəri olub. Sumqayıtda törədilmiş qanlı cinayət xüsusi ssenari üzrə davam etdirilirdi. Bu dəfə baş rolu üç dəfə məhkum olunmuş Eduard Qriqoryan oynayırdı. “Paşa” ləqəbi ilə tanınan bu tüfeyli erməni millətçilərinin əlində alətə, oyuncağa çevrilmişdi. Şovinistlər iyrənc məqsədlərini həyata keçirmək üçün Eduard Qriqoryandan gen-bol faydalanırdılar. Hələ o vaxtlar SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkin Sumqayıt hadisələrini təhlil edərkən Eduard Qriqoryan haqqında demişdir: “O, tüfeyli həyat sürən bir cinayətkardır. Dəfələrlə həbs olunsa da, heç bir nəticə çıxarmayıb. Eduard Qriqoryan Sumqayıtın azyaşlı uşaqlarını öz həndəvərinə yığıb onların beyinlərini dumanlandırır, özü isə iğtişaşlara rəhbərlik edirdi. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır...”

Belə bir qatı cinayətkar haqqında 12 illik həbs cəzası seçilsə də, onu müdafiə edənlər tapıldı. Rusiya hüquq-mühafizə orqanlarının köməyi ilə Eduard Qriqoryan Azərbaycandan Ermənistana təhvil verilmiş, bununla da cinayətin üstü ört-basdır edilmişdir. Araşdırmalar sübut edib ki, hazırda Eduard Qriqoryan Moskvada azadlıqda yaşayır, havadarları onu müdafiə edir. Bəs tökülən qanlar, qatı cinayətlər niyə unudulub?! Axı, cinayətkarın cəzasız qalması yeni terror hadisələrinin törədilməsinə şərait yaradır.

İstintaqda sübut olunmuşdur ki, o illərdə “Krunq” erməni təşkilatının xeyli üzvü Sumqayıtda cəmləşdirilmişdi. Həmin təşkilat Ermənistanla sıx əlaqə saxlayır, müntəzəm olaraq təlimat alırdılar. O dövrdə Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onların yaşayış şəraiti digər xalqların nümayəndələrindən aşağı səviyyədə olsun. Tolerant ölkə olan Azərbaycanda onlar üçün hər bir şərait yaradılmışdı. Onlara nə qədər kömək və yardım göstərilsə də, nankorluq və xəyanət xislətlərinə hakim kəsilmişdi. Bütün bunları araşdıran siyasi analitiklər yazırlar ki, Ermənistana köçənlər orada uzun müddət yaşaya bilməyib, Rusiyanın müxtəlif şəhərlərində məskən salıblar. Heç vaxt əbədi yurdu-yuvası olmayan ermənilər sığınacaq tapdıqları diyarlarda iğtişaş yaratmağa meyil ediblər. Sumqayıt hadisələrinin törədilməsində Ermənistanın bütün təbəqələri eyni canfəşanlıqla iştirak etmişdilər. Məlum olub ki, erməni yazıçıları Serqo Xandzadyan, Zori BalayanSilva Kaputikyan Mixail M.Qorbaçovla görüşmüş, elə həmin görüşlərin nəticəsi olaraq Sumqayıta dərhal ordu yeridilmişdir. Bundan sonra isə Qorbaçovun əmri ilə şəhərdə komendant saatı tətbiq olundu. Əgər Mərkəzi Komitə vaxtında siyasi çeviklik göstərsəydi, hadisələrin qarşısı alınardı. Amma hər şey tərsinə oldu. İmperiya rəhbərlərinin köməyi ilə hadisələr daha da şiddətləndi. İş o həddə çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara atıldı. Onlar hər cür işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədələrdən xeyli əziyyət çəkmiş, çarpayı dustağı olmuşdur. “Xilaskarsovet ordusunun vəhşilikləri ilə üzləşən adamların sayı çox idi. İmperiya nökərləri xalqı əzməkdən, günahsız adamlara işgəncə verməkdən zövq alırdılar. Onlara belə təlimat verilmişdi.

Son illər siyasi araşdırmaçılar faktları təhlil edərkən çox şeylər üzə çıxdı. Sumqayıtda baş verən hadisələr barədə ermənilərin əvvəlcədən məlumatı olub. Şəhərdə yaşayan mindən çox erməni 1988-ci il yanvar ayından fevralın 25-dək əmanət kassalarına qoyduqları 8 milyon 343 min 691 rubl pulu çıxararaq Yerevana, Xankəndiyə, Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getmişdilər. Həmin illərdə Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət, səhiyyə sistemində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başlamışdılar. OnlarKrunq” cəmiyyətinə yardım adına adambaşına ayda 50 rubl vəsait köçürürdülər. Gizli iqtisadiyyata rəhbərlik edən erməni qurumları ölkəmizə ciddi ziyan vurmuşdular. Hətta nəzarətlərində olan istehsal sahələrini söküb gizli yollarla Yerevana aparırdılar. 1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası, çərçivəsi genişlənmişdi. Komendant saatından sonra günahsız adamların həbsə atılması adi hala çevrilmişdi. Qəribədir ki, cəmi iki-üç gündə dünyanın ən ucqarlarında ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdular. Hadisələri araşdıran jurnalist Eyruz Məmmədov yazır ki, həmin günlərin səhəri İsveçrədən Artaşest Qabreliyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrində göründü. Milliyyətcə erməni olan Artaşest Qabreliyan Sumqayıtda lentə aldığı hadisələrə belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başlamışdı. “Azadlıq” radiosunun redaksiyasının baş redaktoru Eduard Ohansiyan hadisələri öz xeyirlərinə şərh edir, qərəzli məlumatlar yayırdı. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri də fəallaşmış, böhtan və şər kampaniyasını gücləndirmişdilər. İftirayalan dolu məlumatlarla zəngin olan çoxlu sayda kitablar çap edilmişdi. Hadisələri tədqiq edən siyasi analitiklər bir məsələni də qabardırlar. Müharibənin bu qədər uzanması təkcə Azərbaycan- Ermənistan maraqları üzərində qurulmayıb. Sumqayıt hadisələri də , sonrakı proseslər də bir daha sübut edir ki, bu məsələlərdə iri dövlətlərin böyükgizli maraqları var. Hələ bir vaxtlar SSRİ DTK-nın rəhbəri olmuş V.Kryuçkov yazırdı: “Ermənistana Azərbaycanın 20 faiz torpağı ona görə lazımdır ki, Dağlıq Qarabağ məsələsinin həllində alver kimi istifadə edilsin...”

Erməni ideoloqları Sumqayıt hadisələrinə nə qədər siyasi don geyindirsələr də, rəng qatsalar da, öz günahlarını gizlədə bilmirlər. Onu da deyək ki, Sumqayıtda törədilən hadisələr təkcə ermənilərin yox, Amerikada, Fransada, Rusiyada yaşayan erməni lobbisinin düşünülmüş qanlı aksiyası sayılırdı. Ermənilər müxtəlif zaman kəsiyində öz iyrənc oyunlarını başqa xalqların adına yazmaq üçün müxtəlif hiylələrə əl atıblar. Hər dəfə siyasətçilər, tarixçilər, alimlər tərəfindən qəzəblə, nifrətlə qarşılanan erməni oyunları bu gündavam edir...

Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlər 1993-cü ildə - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra üzə çıxarıldı. Ulu öndər hadisələrə, onun mahiyyətinə siyasi aydınlıq gətirdi. Ermənilərin açıq və gizli niyyətləri, uydurma və böhtanları kəsərli faktlarla sübut olundu. Sübut olundu ki, etnik təmizləmə kampaniyasına xidmət edən bu oyunların əsas ssenarisi sovet imperiyasının ideoloqları tərəfindən yazılıb. Amma belə saxta oyunların sonu iflasdan başqa bir şey deyil. Tarix bunu sübut edib...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.- 2016.- 27 fevral.- S. 7.