Nilufərin uğur formulu

 

Könüllülükdən Avropa Olimpiya Komitəsinə aparan yollar...

 

Yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə öz tövsiyələrini verərək onlar üçün yeni hədəflər müəyyənləşdirdi. Dövlət başçısı bildirdi ki, gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalıdır. Onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

Bu görüşdə iştirak edən gənclərdən biriQafqaz Universitetinin III kurs tələbəsi Nilufər Quluzadədir. N.Quluzadə görüşdə Avropa Olimpiya Komitəsinin nümayəndəsi və “Bakı-2015” Avropa Oyunları könüllülərinin nümayəndəsi kimi təmsil olunub.

1995-ci ildə Bakı şəhərində anadan olan Nülufər Quluzadə orta təhsilini Klassik gimnaziyada alıb. Test imtahanlarından yüksək bal toplayan abituriyent hazırda Qafqaz Universitetinin Sənaye mühəndisliyi (tədris ingilis dilindədir) fakültəsində təhsil alır. Bu sənətə böyük marağı olduğu üçün həmin ixtisası seçib.

Gələn il universitetin məzunu olacaq Nilufər dövlət başçısı ilə keçirilən görüşdə iştirak etməsindən qürur duyur. Deyir ki, Prezident İlham Əliyev bir daha gənclərin cəmiyyətimizin fəal üzvləri kimi bütün işlərdə fəal olmalarının vacibliyini vurğulayıb: “Dövlət başçısı xüsusi olaraq bildirdi ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Bu gün isə minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir”.

Nilufər deyir ki, görüşdə Prezident İlham Əliyev dövlətçilik, yeni cəmiyyət quruculuğu, güclü dövlət modelis. bu kimi vacib məsələləri təhlil edib, gənclərin bu proseslərdə iştirakının zəruriliyini vurğulayıb. Eyni zamanda gənclərin qarşısında duran əsas vəzifələri aydınlaşdırıb: “Cənab Prezident bizlərə Azərbaycanın müstəqilliyinə hansı çətinliklərlə nail olunduğunu konkret faktlarla göstərməklə yanaşı, gənclərə vətəni, xalqı, milləti və müstəqil dövlətçiliyi dahi lider Heydər Əliyevin iradəsi, dönməzliyi, qətiyyəti və məhəbbəti ilə sevməyi tövsiyə etdi. Müasir dünyanın siyasi, geosiyasi, ideoloji, hərbi və mədəni-iqtisadi reallıqları şəraitində həmin məqam böyük əhəmiyyət kəsb edir. Bu, birbaşa dövlətçilik şüurunun yüksəldilməsinə və vətənpərvərliyə konkret məzmun verilməsinə ciddi təkan ola bilər”.

Qeyd edək ki, bu görüşdə gənclərin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı artıq Azərbaycanda könüllülər institutunun formalaşdığını və bunun böyük gələcəyinin olacağını da vurğulayıb. Könüllülük nəcib bir fəaliyyətdir və bu gün könüllülər cəmiyyətimizin artıq ayrılmaz bir parçasına çevrilib. Könüllülük hərəkat səviyyəsindən institut səviyyəsinə qədər yüksəlib. Eyni zamanda, biz bunu “Bakı-2015” ilk Avropa Oyunları vaxtı da müşahidə etmişdik.

Nilufər Quluzadə də “Bakı-2015” I Avropa Oyunlarının könüllülərindən biridir. Oyunlar öncəsi böyük həvəslə könüllü olmaq üçün sənədlərini Təşkilat Komitəsinə təqdim edən Nilufər bu gün artıq Avropa Olimpiya Komitəsinin nümayəndəsidir. Xatırladaq ki, “Bakı-2015”in könüllüləri seçilərkən xarici dil qabiliyyəti yüksək olanlarprotokol könüllüləri” qrupuna daxil ediliblər. Nilufər 7-8 nəfərlik komandanın üzvü seçilir. Daha sonra şəxsi qabiliyyət və bacarığına, verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə görə fərqlənən Nilufər Avropa Olimpiya Komitəsinin rəhbərliyinin diqqətini çəkir və Avropa Oyunları zamanı Bakıda protokol könüllüsü kimi fəaliyyətə başlayır: “Könüllülər müxtəlif işlər görürdülər və çox yorulmamaları üçün qruplara bölünmüşdülər. Mən isə Avropa Olimpiya Komitəsində qaldım. Bir ay bu qurumda tək çalışdım. Fəaliyyətim qurumun rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və AOK-un prezidenti Patrik Hikki tərəfindən bütün könüllülərin təmsilçisi seçildim. Oyunlar başa çatdıqdan sonra isə keçirilən təntənəli mərasimdə Patrik Hikki tərəfindən qurumun təmsilçisi seçilməyimlə bağlı göstəriş aldım. Eyni zamanda mənə Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın imzası ilə təsdiqlənmış təşəkkürnamə verildi”.

Bir ay müddətində Nilufərin istedadına bələd olan Avropa Olimpiya Komitəsinin rəhbərliyi “Bakı-2015” başa çatdıqdan sonra ona AOK-da işləmək təklifini də irəli sürüb. Böyük həvəslə bu işdə çalışmaq istəsə də, Nilufər ali təhsilini davam etdirmək məcburiyyətində olduğu üçün təklifi qəbul edə bilməyib. Yalnız Azərbaycan könüllülərinin nümayəndəsi kimi fəaliyyətini davam etdirmək istəyində olduğunu bildirib.

Onun sözlərinə görə, həm təhsil, həm könüllü kimi çalışmaq bir qədər çətin olsa da, öhdəsindən gələ bilir. Yetər ki, istək, həvəs olsun, belə halda insan sevdiyi istənilən çətin işin öhdəsindən gəlməyə qadirdir. Bu səbəbdən də həm ali təhsil almaq, həm də çalışmaq onu yormur.

Ötən ilin noyabr ayında Nilufər 2 həftəlik AOK-un baş qərargahına dəvət edilib. Orada təlimat aldıqdan sonra AOK-un 44-cü assambleyasında iştirak etmək üçün Çexiyaya səfər edib. Bir həftə Patrik Hikkinin komandasında çalışıb. Sonra yenidən İtaliyaya qayıdan Nilufər hazırda Bakıda bir sıra mühüm layihələr üzərində işləyir, “Utrext-2013”, “Bakı-2015” və “Tbilisi-2015”in məlumat bazalarını hazırlayır. Növbəti səfəri isə İtaliyaİspaniyaya olacaq: “May ayında AOK tərəfindən yenə tədbirlərə dəvətliyəm. 22 gün İtaliyaİspaniyada çalışacağam. Bununla yanaşı, aprel ayında BMT-də qlobal forum keçiriləcək. Məni dəvət edirlər ki, orada iştirak edəcək 400 nəfərə yaxın könüllüyə treninqlər keçim”.

Nilufər magistr təhsilini İtaliyada almaq qərarındadır. Səbəb isə bəllidir, ali təhsilini daha da təkmilləşdirmək və Roma şəhərində yerləşən AOK-un baş ofisində çalışmaq: “Hələ universiteti dəqiq müəyyənləşdirməmişəm. May ayında İtaliya səfərimdə Romada mövcud olan universitetlərlə maraqlanacağam və ixtisasım üzrə məni qane edən təhsil ocağı olacaqsa, yəqin ki, seçimimi edəcəyəm. Universitetə daxil olmağım isə mənim üçün çətin olmayacaq. Çünki özümə, bilik və bacarığıma güvənirəm. Həm də universitetdə aldığım dərəcə xaricdə oxumağım üçün yaxşı imkan yaradıb”.

Gənc, istedadlı tələbənin arzusu Avropa Olimpiya Komitəsində çalışmaqdır. Sözlərinə görə, bir azərbaycanlı gəncin belə mötəbər təşkilatda təmsil olunması, ilk növbədə, dövlətimiz üçün uğurlu hesab olunar: “Mən gənc yaşımda belə bir mötəbər təşkilatda işləmək təklifi almışamsa bu, böyük uğurdur. Hər gəncə belə şans nəsib olmur və mən də bunu dəyərləndirmək istəyirəm. İnsanlara yaxşı təkliflər gözləmədiyi anlarda edilir. Adi könüllü kimi sənəd verəndə bu dərəcəyə qədər yüksələ biləcəyimə inanmazdım. Mənim AOK-da çalışmam, ilk növbədə, Azərbaycan dövlətinin böyük uğuru hesab olunar və mən bunu böyük həvəslə yerinə yetirirəm”.

Sonda onu da qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Praqada keçirilən 44-cü assambleyasında fəal iştirakına görə mükafatlandırılan Nilufəri fevral ayının əvvəlində AOK “Bakı-2015” I Avropa Oyunlarında yüksək səviyyədə iştirakına görə də ali mükafat - medalla təltif edib.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan 2016.- 28 fevral.- S.4.