Dağlar qoynunda” dincəlməyin öz yeri var

 

Füsunkar təbiəti ilə insanı özünə çəkən qədim və həmişəcavan Şamaxı insanı məftun edir. Bu cazibədarlığın qışda da yeri var, yayda da. Qışın şaxtası, qarı, yayın oksigenlə zəngin yaşıl təbiəti, sərin havası Şamaxıya gələn insanları bir daha bu yerlərə qayıtmağa sövq edir.

Bu dəfə yolumuz dəniz səviyyəsindən 1600-1700 metr hündürlükdə, rayon mərkəzindən 22 kilometr aralıda yerləşən Avaxlı kəndinin yaxınlığındakı “Dağlar qoynunda” ailəvi istirahət mərkəzinə düşdü. Elə ilk baxışdan obyekt sadəliyi ilə yanaşı, səliqə-sahmanı, güllü-çiçəkli həyət-bacası ilə diqqətimizi çəkdi. Həmsöhbətim Vüqar Səfərov bildirdi ki, 2009-cu ildən fəaliyyət göstərən “Dağlar qoynunda” MMC həm mehmanxana, həm də istirahət mərkəzidir. Hər ikisinin  lisenziyası var: “Bir sıra müəssisə və təşkilatlar həmkarlar ittifaqı təşkilatlarının xətti ilə işçilərini istirahət etmək üçün yollayışla bizim mərkəzə göndərirlər. Təhsil işçiləri, Xəzər Dəniz Gəmiçiliyi, AZAL, “Steel Companinin işçiləri müştərimizdir”.

Mərkəzin otaqlarında turistlər üçün hərtərəfli şərait yaradılıb. 11 otağın hamısına 5 kilometr hündürlükdəki Qırxbulaq deyilən ərazidən bulaq suyu çəkilib. Turistlərə gündə 3 dəfə yemək verilir. Onların rəqs etmələri, voleybolfutbol oynamaları üçün də şərait yaradılıb. Üstəlik, ərazidə uşaqların vaxtlarını şən keçirmələri üçün yelləncəklər, digər qurğular var.

Müsahibimiz dedi ki, obyektdə bir adamın günü 40 manata başa gəlir. Onun 13 manatı yataq, 24 manatı yemək, 3 manatı digər xərclərdir. Digər xərclər dedikdə turistlərin rəsədxanaya və başqa yerlərə ekskursiyaları, onlara verilən kitabçalara çəkilən xərclər nəzərdə tutulur.

Sahibkar onu da bildirdi ki, ərazini genişləndirməklə daha yüksək səviyyəli fəaliyyət göstərmək niyyətləri var. Sahibkarlığa Kömək Milli Fondundan kredit ayrılacağı halda bu istəkləri reallaşa bilər.

Qeyd edək ki, istirahət mərkəzinin burada olması Avaxlı kəndinin inkişafına da təsir göstərir. Məsələn, mərkəzin bir çox ərzağı kənd sakinlərindən alınır. Həmçinin xidmət personalı arasında kənd adamları da az deyil.

V.Səfərov fikirlərini belə tamamladı: Bu gün  ölkə rəhbərinin qeyri-neft sektorunun inkişaf etməsinə diqqət ayırması bizim üçün fürsətdir. Əminik ki, bu sektorun aparıcı sahələrindən olan turizmin inkişafı istiqamətində atılan addımlar, görülən işlər davamlı olacaq”.

 

Əli XASAYOĞLU,

Azərbaycan.-2016.- 1 iyul.- S.5.