BMT-nin mənzil-qərargahında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına dair tədbir keçirilib

BMT-nın mənzil-qərargahında Bakıda keçirilmiş Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunan tədbir keçirilib.

Tədbirdə BMT-yə və Sivilizasiyalar Alyansının Dostluq Qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak ediblər.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Sivilizasiyalar Alyansına və ümumiyyətlə, dünyada mədəniyyətlərarası dialoqa dəstəyinə görə Azərbaycan Hökumətinə və ölkə Prezidentinə təşəkkürünü bildirib. O, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini, Forumun dünyada sülh və əməkdaşlığın qorunması prinsiplərinə xidmət etdiyini söyləyib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu BMT-nin ən ali toplantılarından biridir. Bu Forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü, zəngin mədəniyyətini, tolerantlığını və yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi.

Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri bildiriblər ki, hazırda ekstremizmin qarşısının alınması və fərqli mədəniyyətlərin, dinlərin təmsilçiləri arasında dialoqsülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv ölkələr öz səylərini daha da artırmalıdırlar.

Daha sonra Foruma həsr olunan videoçarx nümayiş etdirilib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2016.- 1 iyul.- S.6.