Şəkidə Xalq artisti Ağaverdi Paşayevlə görüş

 

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.

Bildirilib ki, bugünkü tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq artisti İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, həmçinin “Humaymilli mükafatına layiq görülüb.

Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ağaverdi Paşayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə bağlı ömür” kitabının müəllifi Səadət Təhmirazqızı və TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək, görkəmli sənət adamının Azərbaycan musiqisinin inkişafı və təbliğindəki xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ağaverdi Paşayev xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, Azərbaycan mədəniyyət günlərində ölkəmizi layiqincə təmsil edir.

Professor Ağaverdi Paşayev çıxış edərək, belə bir mötəbər festivalda növbəti dəfə iştirak etməyindən məmnun qaldığını bildirib.

 

Azərbaycan.-2016.- 2 iyul.- S.6.