Chinar Hotel & Spa Naftalan”a infotur təşkil edilib

Bu günlərdə “AtaTravel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə  Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün ikigünlük infotur  təşkil edilib.  İnfoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & Spa Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunması idi.

Öncə media nümayəndələri və turizm şirkətlərinin nümayəndələri 5 ildir fəaliyyət göstərən müasir sağlamlıq və istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar və orijinal müalicə prosedurları ilə ətraflı tanış olublar. “Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı konfransda bildirib ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb: “Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən-ilə turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi və daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq”.

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medianın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri və bütün istiqamətlərdə problemləri qabardır və müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.                                                                                 

R.Quliyev onu da qeyd edib ki, son dövrlərdə bir sıra qurumlar da turizmin  inkişafına ciddi töhfələrini verirlər: “Xüsusən ölkədə “AtaHolding” və “AtaTravel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində və xaricə, eləcə də xaricilər üçün Azərbaycana infoturların təşkil edilməsi və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.

R.Quliyev daha sonra bildirdi ki, sözügedən hotel ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımından önəmli yer tutur. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək.  O da qeyd edildi ki, ölkənin bu sahədə ən böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu gün dünyanın ən məşhur turizm məkanlarında bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik və sabitlik imkanlarından lazım olduğu səviyyədə yararlanmalıyıq.

 

Azərbaycan.-2016.- 6 iyul.- S.5.