Azərbaycan “Kitab incəsənəti” XIII müsabiqəsində uğurla təmsil olunub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçı-dövlətlərin “Kitab incəsənəti” adlı XIII Beynəlxalq müsabiqəsi öz işini başa çatdırmışdır.

Müsabiqənin  yekunu ilə əlaqədar keçirilən münsiflər heyətinin iclasında respublika Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi sektorunun müdiri, beynəlxalq münsiflər heyətinin üzvü Lətifə Məmmədova iştirak etmişdir.

Ölkəmizin bu müsabiqədə uğurla təmsil olunduğunu bildirən L.Məmmədova  demişdir ki, bu layihə üzrə olan beynəlxalq müsabiqə MDB dövlətləri arasında hər il keçirilir. Müsabiqənin məqsədi MDB iştirakçı-dövlətlərin kitab naşirlərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, kitab nəşriyyatı mədəniyyətinin və kitab sənətinin inkişafı, ən yaxşı nəşriyyat sistemlərinin populyarlaşdırılması, habelə MDB iştirakçı-dövlətləri arasında maddi və mədəni dəyərlərin qarşılıqlı mübadiləsinin genişləndirilməsidir.

Müsabiqəyə son ildə MDB iştirakçı-dövlətlərdə nəşr edilmiş çap məhsulları təqdim olunmuşdu. 10 nominasiya üzrə keçirilmiş müsabiqəyə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 18 kitab təqdim edilmişdir ki, onlardan da 10-u uşaq ədəbiyyatı olmuşdur.

Beynəlxalq müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab-kataloq “Birlik” (“Sodrujestvo”) nominasiyası üzrə I yerə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Mədəniyyət dialoqu” nominasiyası üzrə akademik İsa Həbibbəylinin “Azerbaijani Literature” kitab-albomu (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Elm və innovasiya” nominasiyası üzrə Teymur Əhmədovun müəllifi olduğu “Mir Cəlal”   kitabı, “Art-kitab” nominasiyası üzrə Çingiz Fərzəliyevin “Azərbaycan Dövlət İncəsənət Muzeyi” fotoalbomu I yerlərə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə Leyli Salayevanın “Dilbərin qaşıq səyahəti” (Azərbaycan və ingilis dillərində), “Tədris ədəbiyyatı və təhsil” nominasiyası üzrə “Azərbaycan kitabxana ensiklopediyası” II yerlərə (Azərbaycan Milli Kitabxanasının nəşri), “İllüstrasiya incəsənəti” nominasiyası üzrə Zahid Xəlilin “Zayçiki, kozliki i  druqie” kitabı III yerə layiq görülmüşdür.

Beynəlxalq münsiflər heyətinin qərarı ilə Sevinc  Nuruqızının “Qədim Bakıya səyahət” kitabı (Azərbaycan və ingilis dillərində) həvəsləndirici diplomla mükafatlandırılmışdır.

Bundan başqa, münsiflər heyətinin qərarı ilə “Art-kitab” nominasiyası üzrə Rusiya Federasiyası tərəfindən müsabiqəyə təqdim olunmuş “Azərbaycan təsviri sənəti” (“İzobrazitelğnoe iskusstvo Azerbaydjana”) fotoalbomu III yerə layiq görülmüşdür. “Birlik” (“Sodrujestvo”) nominasiyası üzrə isə Qırğızıstan Respublikası tərəfindən təqdim olunmuş Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur” (“Temirlan”) 2 cildlik kitabı II yer almışdır.

Xatırladaq ki, müxtəlif nominasiyalar üzrə müsabiqədə qalib gəlmiş kitablar Moskva şəhərində cari ilin sentyabr ayında keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında diplomlarla təltif olunacaq və həmin diplomlar sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.

Rəhman SALMANLI,

Azərbaycan.-2016.- 6 iyul.- S.7.