Xınalıq - 5 minillik möhtəşəm tarix

 

Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qubada - Şahdağ, Tufandağ, Babadağ  kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Möhtəşəm təbiət mənzərələri ilə zəngin bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Söhbət Xınalıq kəndindən gedir. Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan əzəmətli Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir.

 

Heyrətamiz dağ silsiləsi

 

Xınalıq və yerli dildə Kətş Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biridir. Xınalıqlıların tarixi  məskəni dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. 5000 illik tarixə malik olan Xınalıq təkcə Azərbaycan tarixində deyil, həm də bəşəriyyətin ən zəngin etnoqrafik dəyərlərindən biri, əfsanəvi yaşayış məntəqəsidir...

Quba rayonundan 57 kilometrlik məsafədə yerləşən bu kəndə gedən yoldayıq... Hər tərəfdən möhtəşəm daş parçalarla əhatələnən yolla gedən hər kəsə elə gəlir ki, hansısa bir aləmdən digərinə keçirsən. Qızılı daşlar gözəlliyin, qarası acı talelərin yaşam məkanı, üstü otlarla göyərənlər sanki həyatın simvolunu xatırladır. Daşlar arasından müxtəlif istiqamətlərə çalın-çarpaz axan dağ çayları adamı möcüzələr aləminə aparır. Qəribədir ki, burada çaylar sağa-sola istiqamətlənsələr də, sonda hamısı Qudyalçaya tökülür.

Yol boyu daşların simfoniyası ilə üzləşirsən. Burada daş parçaları, qayalar nağıllarda deyilən əcaib-qəraib “qəhrəman”ları xatırladır... Xınalığa doğru gedən yolda svilizasiyanın birindən digərinə keçidinə yaxınlaşdığını hiss edirsən. Möcüzə, həyəcan, adrenalin dolu yol isə Kətş camaatına doğru istiqamətlənməkdədir.

Haşiyə: Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş at arabaları vasitəsilə olub. Sovetlər dönəmində bu kəndə ilk avtomobil yolu 1969-cu ildə çəkilib. Lakin qayalar  arasından çəkilən yol az müddətdə hündürlükdən tökülən daş parçalarının dağıntıları nəticəsində yararsız hala düşürdü. Qrız, Cek və Xınalıq kəndlərinə aparan yollar bərbad hala çevriləndən sonra bu istiqamətdə hərəkət azalırdı. Havaların sərt keçməsi də böyük  çətinlik yaradırdı. Oktyabrın sonlarından may ayına qədər bu istiqamətdə çox az halda maşınlar görünərdi. Təcili tibbi yardım maşınları sonuncu dəfə Xınalığa çağırışa getdiklərini demək olar ki, unutmuşdular. Soyuq günlərdə bu yol bağlanardı.

Respublikamızda həyata keçirilən dinamik inkişaf Xınalıqdan da yan keçmədi. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 kilometr uzunluğunda asfalt yol çəkilərək istismara verildi. 2006-cı il oktyabrın 7-də Quba rayonunda Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə ümumi uzunluğu 57 kilometr olan yolun salınması ilə əlaqədar 9 ədəd yeni körpünün tikilməsi, 39 ədəd suötürücü boruların quraşdırılması, təhlükəsizlik bəndlərinin inşası barədə məlumat verildi.

Qəçrəş-Qımılqazma-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, burada min nəfərə qədər işçi çalışmışdır.  Hazırda yol dövlət nəzarətində olmaqla il boyu açıqdır. Lakin Quba-Xınalıq yolunun Zanqar və Cek kəndinin qarşı tərəfi, Qaragüney adlanan hissələrində torpaq sürüşmələri baş verir, qayalıq hissələrində isə uçqunla əlaqədar yol bağlanır. Bu problemi həll etmək üçün yola xidmət edən təşkilat daim yolda təmir briqadası saxlamaq məcburiyyətindədir. Buna görə yol ilin bütün fəsillərində açıq olur.

Xınalığa aparan yol insanı daim həyəcanda saxlayır. Əvvəl düz, daha sonra hündürlüklərə istiqamətlənən yol qeyri-adiliklərlə müşayiət olunur. 57 kilometrin hər qarışı insanın maraq dünyasına yeni şırımlar açır. Zirvələrdə otlayan quzular, müxtəlif formalı daş parçalar, göyərən ağaclar, bir saatda havanın 4-5 dəfə dəyişməyi və daha nələrdən keçərək müasir dünyanın əksi olan qədim svilizasiyaya qədəm qoyursan. Bu yolu gedən Prezident İlham Əliyev vaxtilə deyirdi: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.

 

Əfsanələrlə zəngin Xınalıq

 

Bu gün Xınalıqla bağlı onlarla əfsanələr dolanmaqdadır. Dörd min il yaşı olan bu kəndi danışılan əfsanələrlə  nəsə bağlayır. Çünki bu gün dünyada Xınalıq qədər öz qədimliyini qoruyub saxlayan məkanlar çox azdır. Burada evlərin tikintisində istifadə edilən daşlardan tutmuş aşırımlara qədər özündə neçə min ilin yaddaş boğçasının gizləndiyi ehtiva edilir. Onlar sanki - mənim sirrimi yerin-göyün vəhdəti birləşdirir - deyir.

Xınalıqda dolaşan əfsanələrdən bir neçəsi Nuh peyğəmbərlə bağlıdır. Onlar özlərini Nuh övladları adlandırırlar. Belə nəql edirlər ki, dünyanı su basanda Nuhun gəmisində xilas olanlar arasında xınalıqlılar da olub. Peyğəmbərin gəmisi Qızılqaya zirvəsində dayanır. Suyun yavaş-yavaş çəkildiyini görən Nuh gəmidə olanlara müraciət edir ki,  burada düşmək olar. Həm də bura düşənlər sudan sonrakı dövrdə ayaqları yerə dəyən ilk insanlar olacaqlar. Bax, həmin anda gəmidə olan xınalıqlılar yerə düşməyə qərar verirlər. Və o tarixdən Xınalıq kəndi yaranır. Həm də əfsanəyə görə, Nuh peyğəmbər onlar gəmidən düşəndən sonra özü də bu igid insanların ardınca torpağın üstünə çıxır. Artıq insanların yaşayış üçün ev tikməyə başladıqlarını görüb onlara qoşulur.

Daş parçalarının üst-üstə yığılaraq komaya çevrilməsinə kömək edir. Bugünkü xınalıqlılar iddia edirlər ki, onlar heç vaxt yaşam tərzlərini dəyişmək barədə düşünmürlər. Yəni, Nuhun zamanında evlər necə tikilibsə, bu gün də həmin qayda ilə davam etdirilir. Bəlkə də peyğəmbər razılığının nişanəsidir ki, xınalıqlılar neçə min ildir sərt təbiətə qalib gələrək sağlam həyat keçirirlər.

Kənd ağsaqqalları bugünədək qayanın zirvəsində qeyri-adi balıqqulaqlarının olduğunu bildirirlər. İkinci tərəfdən onlar düşünürlər ki, əgər bu yerlərə Nuhun ayağı dəyməsəydi, insan bu mümkünsüz iqlim şəraitində yaşaya, soyuğa duruş gətirə bilməzdi.

Digərləri isə Xınalıqda məskunlaşmanın eramızdan əvvəl V və IV minilliklərdə başlandığını iddia edirlər. Özü də xınalıqlılar həmin fikirlərini elə ifadə edirlər ki, adamın gözü qarşısında bir canlı həqiqət yaranır. Onlar bildirirlər ki, hələ Yer üzündə insanların Daş dövrünü yaşadıqları zamanda bir qrup dünyanı dolaşmaq qərarına gəlir və çox yeri dolaşsalar da, heç bir yerdə bərqərar ola bilmirlər. Nəhayət, onların yolu gördüyümüz bu məkana düşür. Düşməndən qorunmaq üçün əlverişli şəraiti nəzərə alaraq burada yaşamağa qərar verirlər. Yüksəklikdə yaşadıqları üçün onlar digər insanlardan kənar düşürlər. İllər keçdikcə dillərini, mədəniyyətlərini yaradırlar. Dünyanın elə əraziləri var ki, orada insanların yaşam tərzi, məşğuliyyətləri dəyişir. Yəni, illər keçdikcə müasirləşir, yeniləri ilə əvəzlənir. Bu da forma baxımından yenilənməyə qədər gedib çıxır. Xınalıq kəndində hər şey minilliklər əvvəl yarandığı kimidir. Dağ yamaclarını dolaşdıqca elə gəlir ki, dolanbaclar minilliyin yadigarıdır. Ya da gedib həmin qədim dövrə düşmüsən.

Xınalıqdan 7 kilometrlik bir məsafədə yerləşən Tufandağın ətəyində 3500 metr hündürlükdə 3 müxtəlif göl yerləşib. Tanrı möcüzəsini xatırladan həmin göllər bulaq suyu və başı həmişə qar olan zirvələrin  hesabına yaranmışdır. Hansına nə qədər su axmasına və böyük-kiçikliyindən asılı olmayaraq göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur.

 

Dağlar qoynunda yaşamaq asan deyil   

 

Özlərini Nuhun övladları adlandıran xınalıqlılar uzun illər ətraf mühitdən təcrid olunduğuna görə, ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənələrini qoruyub saxlayıb. Özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətlərini saxlayan Xınalıqla tanış olduqdan sonra belə nəticəyə gəlmək olur ki, bu yaşayış məskəni sivilizasiyanın təsirinə məruz qalmayan canlı tarixdir.

Daş dövründən bəri keçən zamanın bəlkə də dəyişməz dünənini qoruyub saxlayan kənd və onun adı haqqında sakinlər arasında maraqlı əhvalatlar danışılır. Deyilənlərə görə, əvvəllər bu qədim kənd zəlzələ nəticəsində dağıldıqdan sonra sağ qalanlar həna, yəni, xına becərməyə başlayıblar. Bəziləri isə səhər günəş çıxanda boz Qızılqayanın xına rənginə çalmasını  kəndin adı ilə əlaqələndirirlər. Hər iki versiyada kəndin adı Xınalıq adlanır. Xınalıq yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum olmasa da, bu bölgədə yerləşən kəndlərin əhatə etdiyi ərazidə insanların çox qədim zamanlardan yaşadıqları şübhə doğurmur.

Xınalığın ilk müdafiə sistemi məhz qala divarlarından və bürclərdən ibarət olub. Divarlar mühafizə olunmasa da, dağıdılmış piramidaya bənzər bürclər onların varlığından xəbər verir. Yaşayış evləri birotaqlı mənzillərdən və həyətyanı sahəsi olan evlərdən ibarətdir. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları - qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib. Təsəvvür edin ki, bu gün də kənddə tikilən tövlələr, yaşayış otaqları da həmin qayda ilə hazırlanır.

 

Dili və mədəniyyəti əvəzsiz olan xalq

 

Xınalıq kəndi üç hissəyə bölünür - yuxarı, orta və aşağı tərəf. Hər hissənin də öz məhəllələri var. Onu da bildirək ki, yaşadıqları təbiət, qidalandıqları hava, su və digər təbii məhsullara görə xınalıqlıların çoxu bir-birinə oxşayır. Onlar xeyirdə-şərdə bir yerə yığışır, hərə əlindən gələn köməyi göstərir.

Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan bir dildə danışırlar. Kənd əhalisi bu dili Kətş dili adlandırır.

Bu dili araşdıran mütəxəssislər onun Şimali Qafqazın dillər qrupunun Nax-Dağıstan dil ailəsinə, bəziləri Ural, digərləri isə Qafqaz-Şahdağ dil qruplarına aid edirlər. Həmçinin alimlər Xınalıq dilinin Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil etdiyini düşünürlər.

1898-ci ildən başlayaraq dünyanın bir çox ölkəsində alimlər Xınalıq dili ilə bağlı müxtəlif araşdırmalar aparmışlar. Rusiya, Almaniya, Fransa kimi dövlətlərin mütəxəssisləri hazırda bu dilin yaranma tarixini araşdırırlar. Artıq informasiya mənbəyinin çoxaldığı indiki dövrdə hətta Cənubi Amerikada bu dildə danışan (yaxud, bu dilə oxşar) xalqın olduğunu iddia edirlər.

Son 10 ildə Kətş dilinin öyrənilməsində əvəzsiz xidməti olanlardan biri də Frankfurt Universitetinin işçisi xanım Monikadır. Alim hər il 3-4 ay Xınalıqda olur və burada yaşayanların dillərinin araşdırlması ilə məşğuldur. Məhz xanım Monikanın apardığı tədqiqatlar əsasında latın qrafikalı yeni Xınalıq dilinin qrammatikası yaradılıb. 39 samit və 9 saitdən ibarət yeni Xınalıq dili əlifbası tərtib olunub.

Bu sahədə alimlərin fikri müxtəlifdir. Bəziləri Kətş dilinin çoxsəsli olduğunu nəzərə alaraq, 76 hərflə ifadə olunduğunu göstərir. Heç bir dialekt və şivəyə yaxın olmayan Kətş dilində yeganə müxtəliflik kəndin yuxarı, orta və aşağı hissəsində kompakt yaşayan insanlar arasında tələffüz zamanı cüzi fərqdir.

2007-ci ildən Xınalıq tarixi qoruq elan edilib. Hazırda burada 160 ev (onların çoxu yenidən bərpa edilib), 30-dan artıq tarixi abidə qorunur. Onların içində 6 məscid, 5 türbə, qalanları isə qədim yaşayış məskənləridir. 2011-ci ildən başlayaraq həmin yaşayış məskənlərinin hamısı ilkin halına uyğun bərpa edilmiş, mühafizəsi nəzarətə götürülmüşdür. Kəndin orta hissəsində yerləşən VIII və IX əsrlərə aid edilən Cümə məscidi qəzalı vəziyyətdə idi və ölkə başçısının tapşırığı ilə təmir edilərək sakinlərin və buraya gələn qonaqların ixtiyarına verilib.

Son bir neçə ildə Xınalığın tarixini araşdırmaq məqsədilə kəndin müxtəlif ərazilərində arxeloji qazıntılar aparılıb. Bu ekspedisiyalar zamanı kəndin Tufandağ istiqamətində iki kurqan aşkar edilib. Eramızdan əvvəl Orta Tunc dövrünə aid olan kurqanda tapılan əşyalar alimlərin maraq dairəsini daha da artırmışdır. Kurqanın dəfn forması, oradan tapılan əşyaların çoxu Xınalığın indiki dövrü ilə uzlaşır. Burada qəbir evinin üstündə yumru daşdan istifadə edilib ki, bu gün də Kətş camaatı dəfn zamanı elə daşlardan istifadə edir.

2012-ci ildə kənddən 500 metr şərq istiqamətində yerləşən Zanqar adlı qədim yaşayış massivində Tunc dövrünə aid edilən xəzinə tapılıb. Burada 1000-dən artıq maddi-mədəniyyət nümunəsi aşkar olundu. Daşdan hazırlanan ucluqlar, muncuqlar, tuncdan düzəldilmiş alətlər, məişət avadanlıqları və digərləri əslində, Xınalığın tarixinin eramızdan əvvəl V minilliyə qədər gedib çıxdığını sübuta yetirdi. Hazırda həmin eksponatlar qoruğun muzey fondunda qorunur.

Xınalıqda  onun ətrafında 8 böyük qəbiristanlıq aşkar edilib. Burada təxminən 40 minə yaxın insan qəbri var. Kənddə Giyad təpəsi deyilən yerdən başlayaraq Rutsoş və Dəyirmançayın sahillərinə qədər məsafədə saysız-hesabsız qəbirlər  bugünümüzədək gəlib çıxmışdır. Orada tapılan qəbirlərin başdaşları ya ərəb, ya da ondan əvvəlki  əlifbalarla yazılıb.

Əhalisinin sayı o qədər də çox olmayan Xınalıqda bu qədər məzarın olması yəqin ki, bu kənd uğrunda gedən müharibələrdən xəbər verir. Təbiəti gözəl olan, dörd tərəfdən təhlükəsizlik istehkamları özü-özünə yaranan bu kənddə çoxlu döyüşlər olmuş, sonradan onlar həmin məzarlıqlarda dəfn edilmişlər. Lakin heç kim buraları işğal edə bilməmiş, beş minillik bir zaman kəsiyində bu kənd, özlərinin dediyi kimi - “Kətş camaatına mənsub olmuşdur”.

Xınalıqlılar öz tarixi mədəniyyətlərini sevir, onu qorumağı da bacarırlar. Belə ki, 2001-ci ildə kənd ağsaqqalı Xəlilrəhman Cabbarovun rəhbərliyi ilə Xınalıqda tarix-etnoqrafiya muzeyi yaradılıb. Muzeydə Kətş camaatının qədim dövrlərdən qalmış materiallar, kilim, xalça, palazlar, gildən hazırlanmış, yaşı əsrləri ötüb keçən qablar, müxtəlif ev və məişət avadanlıqları, daşlar üzərində yazılmış kitabələr, bəzək əşyaları qorunub saxlanılır. Özü də xınalıqlılar buraya təşrif buyuran hər kəsi öncə bu muzeyə aparır, tarixin min illərini onlara “yaşatdıqdan” sonra digər məlumatlara keçirlər. Bu da ondan xəbər verir ki, burada yaşayan hər bir kəs Xınalığın tarixini mükəmməl bilir.   

Həmçinin kənd əvəzsiz, dünyanın bəlkə də heç bir yerində təkrarlanmayan unikal memarlıq görkəminə malikdir. Çay daşından tikilən evlər, tarixi qədim dövrlərə gedib çıxan türbələr, dağlardakı mağaralar və çox sayda öyrənilməmiş abidələr var. Yəqin ki, alimlərimizin diqqət və marağına səbəb olacaq bu nümunələr gələcəkdə Azərbaycan tarixinin səhifələrinə çevriləcək.

 

Torpağını sevənlər unudulmur

 

Ucqar dağ kəndində rastlaşdığımız bir hadisə qəlbimizdə kövrək hisslər oyatdı. Axşam kəndin orta adlanan hissəsində ağsaqqallarla söhbət etdiyimiz zaman qoyun sürüsü gəlib yanımızdan keçirdi. “Bunlar kimindir” - deyə soruşanda ağsaqqallardan biri dedi:

- Bunlar kəndimizin şəhid ailələrinin qoyunlarıdır. Hər birimiz öz qoyun sürümüzdən müəyyən sayda ayıraraq xüsusi bir belə sürü yaratmışıq. Onlar bizim yolumuzda şəhid olublar, deməli, onların ailələrinin qayğısını da biz çəkməliyik. Təmənnasız şəkildə onlara baxılır və gələn gəlir şəhid ailələrinə ödənilir.

Öyrənirik ki,  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kətşlilər də iştirak etmiş və rəşadət göstərmişlər. Rüfət Kəlbiyev, Arif Xanəhmədov, Ramazan Zəkiyev, Qoşqar Babayev, İbrahim Hümbətov, İsmayıl Babayev kənd camaatı tərəfindən daim yad edilir. Kəndin xeyir-şərində şəhid kətşlilər anılır, onların ailələri qayğı ilə əhatələnir. Dini bayramlarda kənd əhalisi öncə şəhid ailələri ilə görüşür, onların problemlərini isə özləri həll edirlər.

 

Zəhmətkeş xınalıqlılar

 

Xınalıq kəndinin sakinləri əsasən heyvandarlıqla məşğul olur. İsti yay günlərində əzəməti ilə ətrafa möhtəşəmlik yayan dağların ətəklərində çobanlar tərəfindən otarılan minlərlə qoyun sürüsünə rast gəlmək mümkündür. Minerallarla zəngin sudan və adı çoxlarımıza bəlli olmayan otlarla qidalanan heyvanların yunundan sap əyirilir, yorğan-döşək salınır, südündən qatıq, pendir, qaymaq, kəsmik, şor alınır.

 

Multikultural dəyərlər yaşadılır

 

Azərbaycanın bir parçası olan Xınalıq kəndi son bir neçə ildə böyük bir inkişaf yolu keçib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bu kənddə xeyli iş görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə burada internat tipli məktəb tikilib istifadəyə verilib. Ölkə başçısının sərəncamı ilə kənd etnoqrafik qoruq elan edilib. Tarixi 5 minilliklər öncəyə qədər gedib çıxan Xınalıq 2001-ci ildən dünya əhəmiyyətli daşınmaz və mədəniyyət abidələrinin siyahısına salınıb.

Bu gün Xınalıq kəndi dövlət tərəfindən qorunur, mühafizə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dağlar qoynunun daş yaddaşı Xınalıq yolu üçün xüsusi briqada ayrılmış, bu istiqamətdə ortaya çıxan problemlər baş verən anındaca həllini tapır. Kənd ağsaqqalları ilə söhbətimiz zamanı 85 yaşlı Məmmədrza Abayevin söylədiyi fikri olduğu kimi təqdim edirik: “Bu, Azərbaycan dəyərləri, hamıya nümunədir. Multikulturalizmi ölkəmizə Prezident İlham Əliyev indi yox, 2003-cü ildən gətirib. Kənd yolunun tikintisi, kəndimizə su çəkilişi, enerji sisteminin müasirləşməsi kimi vacib məsələlər 2016-cı ildən əvvəl olub. Deməli,

Xınalığa multikultural dəyərlər məhz İlham Əliyevlə gəlib”.

Bəli, bəşəri dəyərlərə söykənən hər nə varsa, qorunmalı, gələcək nəslə ötürülməlidir. Kətşlilər vətəni Xınalıq kimi...

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 21 iyul.- S.1-5.