Şəkidə şirniyyat festivalı

 

Respublika Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəkinin “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində üçüncü dəfə beynəlxalq şirniyyat festivalı keçirilib. Festivalda respublikamızın 19 şəhər və rayonunun, 8 xarici ölkənin şirniyyatçıları iştirak etmişlər.

Festivalı açan Milli kulinariya mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi ki, Şəki Azərbaycanın şirniyyat paytaxtıdır. İndi əsas diqqət Şəkinin dünyanın şirniyyat paytaxtı kimi tanıdılmasına yönəldilib. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu, şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb.

İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fananie bu festivala ilk dəfədir ki, qatıldığını bildirərək deyib ki, Şəki ilə yaxından tanış olub, şəhər ona xoş təsir bağışlayıb.

 Rusiya Federasiyasının Çuvaşiya Respublikasının nümayəndəsi Nikolay Judge isə indiyədək bir neçə dəfə Azərbaycanda keçirilən festivalda iştirak etdiklərini, bu festivala Çuvaşiyanın ən yaxşı şirniyyatları ilə gəldiklərini bildirdi.

Hindistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Pramoo Saharma da Şəkidə keçirilən şirniyyat festivalına dəvət olunduqlarına görə təşkilatçılara minnətdarlıq  etdi. Bildirdi ki, burada öz milli şirniyyatlarını təqdim etməklə yanaşı, digər ölkələrdən gələn şirniyyat məhsullarının da dadına baxmaq imkanı əldə ediblər.

Festival iştirakçıları xarici ölkələrdən, Azərbaycanın şəhər və rayonlarından gələn qənnadçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış oldular. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri iştirakçılarda xoş əhvali-ruhiyyə yaratdı. Festivalda iştirak edən ölkələrin nümayəndələri jurnalistlərlə söhbətlərində Azərbaycan və Şəki haqqında xoş təəssüratlarını bölüşdülər.

Sonra münsiflər heyəti xarici ölkələrdən gələn şirniyyatçıların əl işlərinə qiymət verdi. Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazandılar. İkinci yerə İndoneziyaHindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görüldülər. Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi oldu. İkinci yeri ZaqatalaAğsu, üçüncü yeri isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları tutdular.

Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə  Gəncə qənnadçıları qalib gəliblər. Oğuz, UcarNaftalan qənnadçıları ikinci, Qəbələ, AğdaşQazax qənnadçıları isə üçüncü yeri tutdular. Festivalın yekunlarına görə Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

Tədbirdə musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramları ilə çıxış etdi.

 

Ə.SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 22 yiul.- S. 7.