Naxçıvan Muxtar Respublikasına ilin əvvəlindən 188 minə yaxın turist gəlmişdir

 

Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi cari ilin birinci yarısında əlamətdar və tarixi günlərlə əlaqədar çoxsaylı kütləvi tədbirlər keçirmişdir.

Bu dövrdə həmçinin muzeylərin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, təhsil müəssisələri ilə muzeylər arasında distant dərslər keçirilmiş, dərslərə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur. Muzeyləri 26,3 mini əcnəbi olmaqla 185 mindən çox qonaq ziyarət etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin məlumatına görə, mədəniyyət işçiləri ilə 2 görüş, 2 ustad və 6 açıq dərs, 3 kitab müzakirəsi, görüş, konfrans, mühazirə keçirilmiş, tələbələrin mədəniyyət turizm müəssisələrində təcrübə keçmələri təmin edilmişdir. Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə ilin birinci yarısında kitabxanalarda ümumilikdə 141 mədəni-kütləvi tədbir keçirilmişdir. Bu dövrdə kitabxanalara 178 adda 4511 nüsxə çap məmulatı paylanılmış, oxucuların sayı artmışdır.

İlin birinci yarısında Naxçıvan Dövlət Musiqili Dram Teatrında 21, Naxçıvan Dövlət Kukla Teatrında 43, Naxçıvan Dövlət Uşaq Teatrında 27 tamaşa oynanılmış, teatr kollektivlərinə yeni istedadların cəlb olunmasına, repertuarlarının yeni əsərlərlə zənginləşdirilməsinə diqqət artırılmışdır. Ötən dövrdə xalq teatrları teatrsevərlərə 11 tamaşa təqdim etmişdir.

Muxtar respublikanın rayonlarında habelə “Xalq yaradıcılığı günükeçirilmiş, milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması məqsədilə ifaçılıq müsabiqəsi təşkil olunmuşdur.

Bunlardan əlavə, Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenidən qurularaq 3 dildə istifadəyə verilmişdir. “Naxçıvan Muxtar Respublikasının abidələr xəritəsi”nin, “Naxçıvan memarlıq abidələri” kataloqunun, “Gülüstan türbəsi” bukletinin hazırlanması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 20-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 47 turizm şirkətinə və bölgələrdə yerləşən 5 turizm informasiya mərkəzinə məlumatlar göndərilmişdir. Bütün bunların nəticəsidir ki, 2016-cı ilin ötən dövründə muxtar respublikaya 188 minə yaxın turist gəlmişdir.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan.- 2016.- 31 iyul.- S. 4.