AMEA Tarix İnstitutunun beynəlxalq əlaqələri genişlənir

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Görüşdə Tarix İnstitutunun direktoru,  Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb.

AMEA-nın müxbir üzvü Y.Mahmudov çinli qonaqlara Tarix İnstitutunun     uğurları haqqında geniş məlumat verib.

Görüşdə ÇİEA ilə Tarix İnstitutu arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsüan çıxışında bildirib ki, hazırda institutun adında dəyişiklik baş veribelmi müəssisənin adına Qafqaz sözü əlavə olunub: “Bu  isə Çin və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır”.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın  “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib  qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Daha sonra ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin “Avropa və Mərkəzi Asiya” bölməsinin müdiri Tszin Çje, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, tarixçi-alimlər Cəbi Bəhramov, İradə Bağırova və başqaları Azərbaycan və Çin elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək barədə fikirlərini bildirmişlər.

*   *   *

Alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov alman qonaqlara Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib: “Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi ArxiviPrussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”.

Alman film rejissoru Fridhelm Brükner Azərbaycan və Gürcüstanda mövcud olan alman irsini sənədləşdirən film layihəsi üzərində işləyir. “Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır”, - deyə Brükner bildirib.

Kinorejissor F.Brükner qeyd edib ki, bu film layihəsi Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcək.

Sonda tarixçi-alim Y.Mahmudov Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini bildirib.

 “Azərbaycan”.- 2016.- 1 iyun.- S. 11.