Ağdam “mədəniyyət beşiyi” adını inamla doğruldur

Ermənistan  silahlı qüvvələrinin davam edən təxribatları nəticəsində Ağdam bölgəsində  atəşkəs, demək olar ki, hər gün pozulur. Top mərmilərinin gurultusuna, ölüm saçan güllələrin  vıyıltısına adət etmiş ağdamlılar isə adi həyatlarını yaşamaqdadırlar. Ərazisinin dörddə üç hissəsi erməni faşistləri tərəfindən işğal edilmiş Ağdam rayonunun bizdə olan ərazilərində əkin-biçin, abadlıq-quruculuq işləri həvəslə davam etdirilir.

Dövlət qayğısının mərkəzində yer alan Ağdamda sosial-iqtisadi inkişaf layihələri uğurla reallaşdırılır, qəsəbə və kəndlərin  siması gündən-günə gözəlləşir, bölgə əhalisinin  həyat şəraiti, dolanışıq səviyyəsi hər gün,  hər ay daha da yaxşılaşır. Respublika Prezidenti İlham Əliyevin bu yaxınlarda Ağdama səfər etməsi, Ermənistan  silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış evləri və sosial obyektlərlə yerində tanış olması, yaranmış problemlərin operativ həlli üçün tapşırıqlar verməsi, bölgə əhalisi ilə səmimi  görüşlər keçirməsi ağrı-acılara baxmayaraq ağdamlılarda  yüksək əhvali-ruhiyyə yaratmış, qələbəyə olan inamı daha da artırmışdır.

Azərbaycanın  musiqi beşiyi olan Ağdamda mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına bütün zamanlarda böyük önəm verilmişdir. Həyatın bu vacib tərəfi müharibə illərində də, atəşkəs dövründə də diqqət mərkəzində saxlanılır. Ağdam rayonu mədəniyyət və turizm şöbəsinin hər bir əməkdaşı bu ağrılı-acılı, məşəqqətli illərdə səhnənin fədakar əsgərinə çevrilərək vətəninə, elinə-obasına şərəflə xidmət etmişdir. Şöbənin müdiri Şahin Qasımov söhbət zamanı deyir:

- Ağdamda hər kəsi eyni məqsəd, eyni amal birləşdirir. Böyük Vətən müharibəsi illərinin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı bizim üçün bu günson dərəcə aktualdır. Elə bayram, elə əlamətdar gün olmur ki, ərazidə yerləşən hərbi hissələrə getməyək. Maraqlı konsert proqramları  ilə əsgərlərin döyüş ruhunu qaldırır, onlardakı vətənpərvərlik duyğularını gücləndiririk. Elimizdə uca tutulan, təmtəraqla qeyd edilən Novruz bayramında isə əsgərlərin görüşünə təkcə musiqi çələngi ilə deyil, həm də plov qazanları, şirniyyat xonçaları ilə gedirik. Əsgərlərlə hər görüşümüz ordu-xalq birliyinin möhtəşəm təntənəsinə çevrilir. Hər zaman çalışırıq ki, bölgə əhalisinə, ərazidəki hərbçilərə nümunəvi mədəni xidmət göstərək. Bunun üçün geniş imkanlarımız vardır. Respublika Mədəniyyət və Turizm Nazirliyinin fərqli  münasibətini, xüsusi qayğısını hər zaman hiss edirik. Bu isə səmərəli fəaliyyətimizin təşkilində mühüm şərtdir.

Şahin müəllimin söhbətindən öyrənirik ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bir neçə gün öncə Ağdamda olmuş, aprel ayının əvvəllərində gedən şiddətli döyüşlər zamanı dağılmış evlərə  baxmış, sakinlərlə səmimi söhbətlər etmişdir. Ağdam Dövlət Dram Teatrı isə bu ilin oktyabrnoyabr aylarında Bakı şəhərinə qastrol səfərinə hazırlaşır.

Həmçinin Mərzili kənd və Quzanlı qəsəbə kitabxanalarının hər birinə 500 kitab hədiyyə edilib.

Prezident İlham Əliyevin cəbhə bölgələrinə davamlı qayğısı, xüsusi diqqəti digər dövlət və hökumət qurumlarının da bu sahəyə yanaşma tərzini müəyyən edir. Düşmənlə təmas xəttinin beş addımlığında yaşamaq və işləmək gerçək bir qəhrəmanlıqdır. Dövlətin qayğısından güc alan ağdamlılar düşmən təxribatlarına mətanətlə sinə gərir, həvəslə əkib-becərir, tikib-qururlar. Bu fədakar insanlara nümunəvi xidmət göstərmək, onları sabahımızın daha işıqlı olacağına ruhlandırmaq, Qarabağımızın işğaldan tezliklə azad ediləcəyinə inamı daha da artırmaq olduqca şərəfli bir işdir.

 

Lazım QULİYEV,

“Azərbaycan”.- 2016.- 1 iyun.- S. 9.