AğdaşGöyçay fermerləri aqrar sektorun strateji sahələrinin inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişini, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Ağdaş rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, işçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Abad, Ağzıbir və Pirəzə kəndlərində pambıqçılıq və baramaçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına, taxıl əkini sahələrinə baxış keçirib, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.

Sonra Ağdaş Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişiaqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.

Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ağdaşda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişibu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, kənd təsərrüfatının perspektivlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər görülüb. Bu il 1154 hektar sahədə pambıq əkilib. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş ipəkqurdu toxumları gətirilərək yerli kümçülərə paylanılıb. Bir neçə gündən sonra barama tədarükünə başlanılacaq. Taxıl biçini kampaniyasının gedişi barədə məlumat verən icra hakimiyyətinin başçısı deyib ki, indiyədək 200 hektar sahədə arpa biçilib. Hər hektarda məhsuldarlıq 27-29 sentnerdir. Biçinə 45 kombayn və digər kənd təsərrüfatı texnikaları cəlb edilib.

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirilib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunmasını, bu məqsədlə aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsulları istehsalçılarına, fermerlərə lazımi şəraitin yaradılmasını, onlara dövlət dəstəyinin artırılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda dövlət və hökumət orqanları dövlət başçısının müvafiq tapşırıqlarının icrası, mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bu müşavirə də yerlərdə aqrar sektorun perspektivlərini bilavasitə fermerlərin, mütəxəssislərin, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə araşdırmaq, hədəfləri müəyyənləşdirmək məqsədi daşıyır.

Ağdaş rayonunun ölkənin kənd təsərrüfatı sahəsində özünəməxsus ənənələrə malik bölgələrdən biri olduğunu vurğulayan Azər Əmiraslanov deyib: “1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı və bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ötən illə müqayisədə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Eyni sözləri baramaçılıq haqqında da demək olar”. Əminliklə bildirilib ki, dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və əhalinin müvafiq təcrübə və təsərrüfat vərdişləri hər iki sahənin sürətli inkişafını təmin edəcək.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün dövlətin imkanları hesabına fermerlərə maliyyə yardımı göstərilir, subsidiyalar verilir. “Aqrolizinq” ASC yaradılıb, fermerlər texnikanı lizinq yolu ilə alırlar, gübrə ilə təminat yaxşılaşdırılır. Çalışmaq lazımdır ki, fermerlərə ayrılan hər bir subsidiya ünvanlı olsun, ondan səmərəli istifadə edilsin. Məhsul istehsalçılarının maliyyə yardımlarından və subsidiyalardan yetərincə yararlanması üçün hazırda müvafiq dövlət qurumları tərəfindən konkret addımlar atılır, qərarlar qəbul edilir.

Müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi torpaq fondunun 55 faizini təşkil edir. Torpaqlardan təyinatı üzrə istifadə olunması həllini gözləyən vacib məsələlərdəndir. Bu sahədə fermerlərin də üzərinə müəyyən vəzifələr düşür. Təsərrüfat işləri zamanı aqrotexniki qaydalara əməl olunmalı, torpaqlardan istifadə ilə bağlı ümumi şərtlər gözlənilməlidir.

Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, kənd təsərrüfatı texnikalarının alınması, toxum və gübrə ilə təminat və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

Müşavirədə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin böyük məsləhətçisi Ruslan Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bildirib, fermerlərin və sahibkarların suallarını cavablandırıblar.

* * *

Azərbaycanda aqrar sahənin inkişafında Göyçay rayonunun öz töhfələri olub. Yaxın keçmişə nəzər salsaq görərik ki, 1990-cı illərin əvvəllərində rayonda 402 ton barama istehsal edilmişdi. Bu, kifayət qədər böyük göstəricidir və hazırda rayonda tut bağlarının mövcudluğu baramaçılığın yenidən dirçəldilməsinə imkan verir. Cari ildə rayonda 1 ton barama istehsalı gözlənilir. Ölkə üzrə isə istehsalın 75 tona çatdırılması nəzərdə tutulur.

Bu rəqəmlər Göyçayda kənd təsərrüfatı işlərinin gedişiaqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirədə səsləndirilib.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonlarda kənd təsərrüfatı işlərinin gedişini, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Göyçay rayonunda olublar.

İşçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Göyçayın Şəhadət, Hacalıkənd, Qaraman, Ləkçiplaq və Cəyirli kəndlərində baramaçılıq, pambıqçılıq, meyvəçilik, taxılçılıq və narçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına baxış keçirib, fermerlərlə görüşüblər.

Fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə Göyçay Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə çıxış edən icra hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişibu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, hazırda rayonda kənd təsərrüfatı üçün yararlı hesab olunanxüsusi mülkiyyətə verilmiş 23267 hektar, bələdiyyə mülkiyyətində isə 18854 hektar torpaq sahəsi mövcuddur. Bu mövsümdə 13880 hektar sahədə taxıl yetişdirilib, 505 hektar sahədə yeni meyvə bağı salınıb. Hazırda rayonda meyvə bağlarının sahəsi 6091 hektara çatır.

M.Ağayev pambıqçılıq və baramaçılıqla bağlı görülən işlərdən də danışaraq bildirib ki, uzun fasilədən sonra bu il rayonda ilk dəfə olaraq 200 hektar sahədə pambıq əkini aparılıb. Eyni zamanda, Göyçay rayonuna Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu gətirilərək yerli kümçülərə paylanılıb. Bir neçə gündən sonra barama tədarükünə başlanılacaq.

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıran şöbə müdiri vurğulayıb ki, yeni iqtisadi mərhələdə ixractutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Pambıqçılıq və baramaçılıq da məhz belə sahələrdəndir. Göyçay əhalisi vaxtilə ənənəvi sahələr hesab olunan pambıqçılıq və baramaçılıqda yaxşı təcrübə əldə edib və hazırda bu sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Yerlərdəki vəziyyətlə tanışlıq göstərir ki, fermerlər baramaçılıq və pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulublar.

Bu gün əsas məqsədlərdən biri həm ölkə, həm də rayonlar üzrə əkin sahələrinin strukturunu təkmilləşdirməkdir. Prezident İlham Əliyev tapşırıq verib ki, kənd təsərrüfatının ənənəvi strateji sahələri bərpa edilməklə yanaşı, rayonlar üzrə ixtisaslaşma da nəzərə alınsın. Göyçayın məhz bağçılıq, baramaçılıq, pambıqçılıq, tərəvəzçilik sahəsində böyük təcrübəsi var. Vaxtilə rayon üzümçülükdə də ciddi uğurlar qazanıb və mövcud potensial bu sahəni bərpa etməyə imkan yaradır. Məhsul istehsalçıları dövlətin hərtərəfli yardımına bel bağlaya bilərlər” - deyə Azər Əmiraslanov vurğulayıb.

Diskussiya şəraitində davam edən müşavirədə fermerlərin müraciət və təklifləri dinlənilib. Onlar müasir suvarma sistemlərinin qurulması, yeni tut bağlarının salınması üçün tingçilik təsərrüfatına subsidiyaların verilməsi, faraş tərəvəz istixanalarının tikintisi üçün güzəştli kreditlərin ayrılması, şoranlaşmış torpaqların yuyularaq əkin dövriyyəsinə cəlb olunması, pambıqçılıq üçün yeni texnikaların alınması, məhsul qəbulu məntəqəsinin yaradılması və digər məsələlərə toxunublar.

İşçi qrupunun üzvləri müzakirələrə qoşulub, fermerləri və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Müşavirə iştirakçıları ölkədə aqrar sektorun inkişafı üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan.- 2016.- 2 iyun.- S. 6.