İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib

İyunun 1-də insan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvləri növbəti dəfə Milli Məclisdə toplaşıblar.

AZƏRTAC xəbər verir ki, iclasda dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin və mətbuatın təmsilçiləri iştirak ediblər.

İşçi qrupun həmsədri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclası açaraq bildirib ki, işçi qrupun fəaliyyətinə mühüm əhəmiyyət verilir. Bu qrupun qaldırdığı məsələlər dövlət orqanlarında ciddi təhlil olunur və nəzərə alınır. Belə ki, ötən ilin dekabrında keçirilən son iclasdan az sonra Azərbaycan Prezidenti dekabrın 28-də növbəti əfv Fərmanını imzaladı. Dövlət başçısının bu addımı onun humanist siyasətinin təzahürüdür.

Son illərdə Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları sayəsində yüzlərlə məhbusun azadlığa çıxaraq cəmiyyətdə öz yerini tutduğunu qeyd edən həmsədr bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunanon min məhbusa şamil edilən növbəti amnistiya aktını da xatırladıb.

Bildirilib ki, indiyədək bəzi qüvvələr insan haqları məsələsini Azərbaycana qarşı daimi təzyiq alətinə çevirmişdilər. Lakin ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə Prezidentinin mütəmadi əfv fərmanları, amnistiya qərarları onların iddialarını və təzyiq alətlərini əllərindən çıxarmış oldu. AŞPA Monitorinq Komitəsinin son iclasında çıxış edən hər kəs Azərbaycanda demokratik islahatların keçirildiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində önəmli addımlar atıldığını vurğuladı.

Diqqətə çatdırılıb ki, ölkəmizə qarşı təbliğat aparan qüvvələr insan hüquqları məsələləri üzrə birgə işçi qrupun işinə də ləkə yaxmağa, fəaliyyətini dayandırmağa çalışırdılar. Amma bu, mümkün olan məsələ deyil. Çünki insan haqları qlobal problemdirbu proses istər inkişaf etməkdə olan ölkələrdə, istərsə də özünü demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə daim nəzarətdə olmalıdır. Həmçinin bu məsələdə bütün dövlətlərə eyni meyarla yanaşılmalı, ayrı-seçkilik qoyulmamalı, bu ali dəyərdən sui-istifadə edilməməlidir.

Sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov çıxış ediblər. Onlar ölkəmizdə insan haqlarına, qanunun aliliyinə və demokratiyanın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıblar. İşçi qrupun bu sahədə çox səmərəli fəaliyyət göstərdiyini, qəbul etdiyi obyektiv qərarlara həssaslıqla yanaşıldığını qeyd ediblər. Bildirilib ki, işçi qrup ancaq iclas keçirməklə məşğul olmur, əsas işini iclaslararası dövrdə görür.

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun iclasında təşkilati məsələyə də baxılıb. Milli Məclisin deputatı və AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov qrupun üzvlüyünə daxil edilib.

İclasda gündəlikdə duran məsələlərlə əlaqədar geniş müzakirə aparılıb. QHT-lərin nümayəndələri, müvafiq qurumların təmsilçiləri fikirlərini bildiriblər.

Azərbaycan.- 2016.- 2 iyun.- S. 6.